Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1726/2024 14.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “**********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda və torpaq sahəsinin planı və ölçü sənədində düzəlişin aparılması, çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında 1,9235 hektar yox, 4,3335 yazılması və torpaq sahəsinin planı və ölçüsü sənədində, sənəd üzrə sahə və faktiki sahənin 1,9235 hektar yox, 4,3335 hektar yazılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “**********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda və torpaq sahəsinin planı və ölçü sənədində düzəlişin aparılması, çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında 1,9235 hektar yox, 4,3335 yazılması və torpaq sahəsinin planı və ölçüsü sənədində, sənəd üzrə sahə və faktiki sahənin 1,9235 hektar yox, 4,3335 hektar yazılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, torpaq islahatı aparılan zaman iddiaçının anası X2 iki nəfər ailə üzvü ilə birlikdə (X3 və İddiaçı2) İsmayıllı rayon AİK-nın 03 avqust 1999-cu il tarixli 84 saylı Qərarı ilə birgə mülkiyyətinə 4,98 hektar pay torpaq sahəsi ayrılmış və Dövlət Aktı hazırlanaraq verilmişdir. Həmin vaxt islahatla əlaqədar 4,98 hektar torpaq sahəsi üç yerdən, biri 0,2297 ha, ikincisi 0,4159 ha, üçüncüsü isə 4,3334 ha olmaqla yerində naturada ölçülərək, tanıdılaraq onlara verilmişdir və həmin vaxtdan torpaq sahəsindən təyinatı üzrə istifadə edirlər, heç bir qonşu ilə problemi yoxdur. Torpaq sahəsi verildikdən bir müddət sonra mülkiyyət sənədi olan “Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı” da hazırlanaraq verilmişdir. Sonradan 2023-cü il tarixdə “Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nda ad, ata adı və soy adlarında olan yanlışlıqların düzəldilməsi üçün məhkəməyə müraciət eləmiş, qətnaməyə əsasən yeni mülkiyyət sənədlərinin verilməsi üçün cavabdeh təşkilata müraciət eləmişlər. Həmin vaxt onlar Dövlət Aktında texniki səhvə yol verildiyini, mülkiyyətinə verilmiş torpaq sahəsinin 4,98 hektarın əvəzinə 2,57 hektar yazıldığını bilməmişlər. Yeni mülkiyyət sənədləri olan çıxarışlar və torpaq sahəsinin planı və ölçüləri sənədləri verilən zaman məlum olmuşdur ki, torpaq sahələri iki ərazidə olduğü kimi düz göstərilsə də, 3-cü ərazidə isə 4,3334 hektar olmalı halda, texniki səhv olaraq 1,9235 hektar göstərilmişdir. Onlar həmin səhvin düzəldilməsi üçün təkrar cavabdeh təşkilata müraciət eləmiş və verilən imtina məktubunda göstərilmişdir ki, JN-026 nömrəli Dövlət Aktında torpaq sahəsinin ölçüsü 2,57 hektar göstərilmişdir. Odur ki, cavabdeh orqana müraciət edilərək müvafiq düzəlişlərin aparılması və texniki səhvin aradan qaldırılması xahiş edilsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZ-İ 227368 nömrəli ölüm haqqında Şəhadətnamə, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, A932603, A932602 və A933032 Torpaq sahəsinin planı və ölçüsü sənədi, JN-0026 kod 40714005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hazırkı iddia tələbinin mümkünsüzlüyü ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir: İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda və torpaq sahəsinin planı və ölçü sənədində düzəlişin aparılmasını, həmin sənədlərdə torpaq sahəsinin ölçüsünün 1,9235 hektar yox, 4,3335 yazılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli, 1142 №-li Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmununun 2-ci bəndində Dövlət reyestrindən elektron çıxarışda göstərilən məlumatlar öz əksini tapmışdır. 2.1.9 və 2.1.10-cu bəndlərin tələbinə görə torpaq sahəsinin mükiyyət növü və torpaq sahəsi üzərində hüququn növü təqdim edilən çıxarışda göstərilməlidir. İddia tələbində , **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda 4,3335 ha qeydinin icra edilməklə düzəliş edilməsi tələbi irəli sürülsə də, edilməsi tələb edilən düzəlişin hansı hüquq növünə uyğun (mülkiyyət, icarə, istifadə) olması aydın qeyd edilməmişdir. Cavabdeh orqanın imtina cavabından görünür ki, JN-026 nömrəli Dövlət Aktında torpaq sahəsinin ölçüsü 2.57 ha qeyd olunduğuna görə, düzəlişlə bağlı tələb təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş İsmayıllı rayon İHB yanında Kəlbənd kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 79 nömrəli arayışın məzmunundan görünür ki, iddiaçıların faktiki olaraq 4.98 ha torpaq sahəsini istifadə etmələri, onlara düşən torpaq sahəsinin məhz həmin ölçüdə olması və Dövlət Aktında texniki səhvə yol verilməsi qeyd edilmişdir. Məhkəmə sözügedən arayışa münasibətdə ilk növbədə qeyd edir ki, həmin arayışın heç bir hüquqi qüvvəsi yoxdur və hazırkı tələbə mahiyyəti üzrə hüquqi qiymət verilməsi üçün iş üzrə sübut olaraq qiymətləndirilmir. Bununla belə sözügedən arayış iddiaçının müraciəti əsasında tərtib edildiyindən, mübahisə ilə bağlı iddiaçının hüquqi marağının müəyyən edilməsinə imkan verir. Yəni, faktiki olaraq iddiaçının hüquqi marağı 4,3335 ha torpaq sahəsinin ümumibirgə mülkiyyətində olması ilə bağlı mübahisələndirilən çıxarışa və texniki pasporta düzəliş edilməsinə yönəlmişdir. İzah olunur ki, çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Çıxarışa düzəliş edilməsi tələbi o deməkdir ki, reyestrdə 4,3335 ha torpaq sahəsinin ümumibirgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus olması barədə qeydiyyat vardır, lakin cavabdeh orqan çıxarışı tərtib edərkən səhvə yol vermiş və reyestrdəki qeydiyyatın məzmununu nəzərə almamışdır. İş materiallarına əsasən sözügedən torpaq sahəsi üzərində iddiaçıların ümumibirgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmir. Odur ki, mübahisələndirilən çıxarışın məzmunu reyestrdəki qeydiyyatın məzmunundan asılı olduğundan, iddiaçılar ilk növbədə sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmalıdırlar. İddia olunan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan mübahisələndirilən çıxarış və ona aid olan plan-ölçü sənədinin məzmununa hər hansı dəyişiklik edilə bilməz. Digər tərəfdən məhkəmə həm də onu iddiaçının nəzərinə çatdırır ki, iddia olunan torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi də, mümkün tələb sayıla bilməz. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin araşdırılmış hallarına görə, iddiaçılara İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 84 saylı qərarı ilə 2,57 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi ilə bağlı çıxarış və plan-ölçü sənədləri tərtib edilmişdir. Lakin, tələbdə qeyd edilmiş əlavə 1.57 ha (4.33-2.57) torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, sözügedən torpaq sahəsi üzərində iddiaçıların ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddia ərizəsində iddiaçılar sözügedən torpaq sahələrinin uzun müddətdir istifadəsində olduğunu bildirirlər. Belə olan halda iddiaçılar, faktiki istifadələrində olan torpaq sahələrinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idilər. İddiaçılar, 25 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixli inzibati işin məhkəmə hazırlıq iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ““**********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda və torpaq sahəsinin planı və ölçü sənədində düzəlişin aparılması, çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında 1,9235 hektar yox, 4,3335 yazılması və torpaq sahəsinin planı və ölçüsü sənədində, sənəd üzrə sahə və faktiki sahənin 1,9235 hektar yox, 4,3335 hektar yazılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1726/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1726/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver