Məhkəmə qərarları › İş №2-1(116)-1727/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1727/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1727/2025 14.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə satılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-3931/2024 saylı qərardadı ilə Ucar rayonu Qarabörk bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddia ərizəsinə görə, o, 22 yanvar 2006-cı il tarixdə Ucar rayonu Qarabök bələdiyyəsinə müraciət edilərək, sahibkarlıq məqsədi ilə torpaq sahəsinin satılması xahiş etmişdir. Bundan sonra, 24 fevral 2006-cı il tarixdə Ucar rayonunun Qarabök bələdiyyəsinin sədri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar Rayon Şöbəsinin baş məsləhətçisi, Ucar rayon icra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, Rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidməti bölməsinin rəisi, "xxxx" ASCnin Ucar paylayıcı şəbəkəsinin rəisi, Rayon Sanitar epidemiloji stansiyasının baş həkimi, Ekologiya və X3 Göyçay rayonlarası idarəsinin rəisi satılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsinin ona satılması məqsədə müvafiq hesab edilərək, baxış aktı tərtib edilmişdir. Bunun davamı olaraq Ucar rayonu Qarabök bələdiyyəsinin 07 mart 2006-cı il tarixli, 03 saylı protokoluna əsasən Ucar rayonu Qarabök bələdiyyəsi ərazisində 0,03 ha torpaq sahəsinin sahibarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona satılması qərara alınmışdır. Sözügedən qərar əsasında alqı-satqı aktı tərtib edilmiş, müqavilənin tərəfləri həmin aktı imzalamış, ləğv edilmiş DT və XK-nın Ucar rayon şöbəsi tərəfindən təsdiq edilərək, qeydiyyata alınmışdır. O, 0.03 ha torpaq sahəsinin dəyəri kimi 120.00 manat Qarabök bələdiyyəsinin Kapital Bank ASC-də olan ********** saylı hesabına ödəmişdir. Həmin dövrdən bu günkü günədək torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Ucar rayonu Qarabök bələdiyyəsindən alğı-satqı qaydasında aldığı 0.03 ha torpaq sahəsinə dair adıma hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün tərəfimdən cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin iddia tələbinə etirazınının əsasları: - İddiaçı Ucar rayonu, Qarabörk bələdiyyəsinin 07 mart 2006-cı il tarixli qərarı ilə satılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunan məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3-36/2-4566/2024 xaricolma nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi torpaqların yerqurluşu kompleks islahat xəritələrinə (DVJ) və elektron baza (TEKUİS) məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüşdür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.2-ci maddəsinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlarla əsasən, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. O, xx.xx.2025-ci il tarixli məktubla məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 1 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı: Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan Ucar rayonu, Qarabörk bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışdan, xx.xx.2006-cı il tarixli Torpaqların alqı-satqısına dair aktdan, baxış aktından görünür ki, bələdiyyənin alqı-satqı predemti olan torpaqlarından 0,03 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmişdir. İş materiallarında olan Ucar rayon Qarabörk bələdiyyəsinin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Ucar rayonu, Qarabörk bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı protokoluna əsasən Ucar rayonunun Qazqumlaq kənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qarabörk bələdiyyəsi ərazisindən 0,03 ha mağaza tikintisi üçün torpaq sahəsi ayrılaraq satılmışdır. xx.xx.2006-cı il tarixdə tərtib olunmuş baxış (yerin seçilmə) aktında göstərildiyi kimi şimaldan avtomobillərin yuma məntəqəsi, cənubdan qərbdən boş torpaq sahəsi, şərqdən Azərbaycan küçəsinin mühfizə zolağı olmaqla 20,0 metr x 15 metr ölçüdə 300 kvadratmetr (0,03 ha) torpaq sahəsi ayrılmış (satılmışdır) və həmin torpaq sahəsi naturada iddia olunan torpaq sahəsi ilə tam üst-üstə düşməklə eynidir. Torpaq sahəsinin dəyəri 120 manat olmaqla bələdiyyənin Kapital bankdakı hesabına ödənilmişdir. Torpaq sahəsi heç bir sürüşmə və digər mühafizə zonalarına düşmür. İş materiallarınd olan DT və XK-nın Ucar rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, Ucar rayonunun Qarabörk bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı satılmasına etiraz edilməmişdir. İş materiallarında olan X1 Agentliyi Kürdəmir filialının xx.xx.2025, xx.xx.2025-ci il tarixli məktublarından və məktublara əlavə olunmuş aktlardan görünür ki, idarənin nümayəndəsinin iştirakı ilə sözügedən əraziyə baxış keçirilərkən, vətəndaşın iddia ettdiyi 300 m2 ölçüdə olan torpaq sahəsinin hava elektrik verilişi xəttinin (HEVX) mühafizə zonasında yerləşmədiyi müəyyən olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin cənubundan keçən ikidövrəli 110 kV-luq “1-ci Kürdəmir” və “3-cü Ucar” HEVX-dək (kənar naqillərədək) olan məsafə təqribən 27 metr, qərbindən keçən 35 kV-luq “Şıxamir” HEVXdək olan məsafə isə təqribən 17 metr təşkil edir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2025 mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı Ucar rayon Qarabörk bələdiyyəsinin 07 mart 2006 cı il taixli 03 saylı iclasının qərarı ilə ayrılmış 0.03 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün 0.03 ha torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. İddiaçı baxışda iştirak etməmiş, baxış zamanı mütəxəssisə iddiaçının nümayəndəsi olaraq baxışda iştirak etdiyini bildirən, Ucar rayonu İcra Hakimiyyəti başçısının Qarabörk kənd ərazi dairəsi üzrə nümayəndəsi X4 naturada göstərdiyi 0.03 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Naturada göstərilən 0.03 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, Ucar rayonu Qarabörk bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşməklə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğu qeyd edilmişdir. 0.03 ha torpaq sahəsinin baxış zamanı faktiki istifadəsinin mövcud olmadığı 0.0025 ha (25 kv.metr) hissəsinin üzərində dəmir konstruksiyalı söhbətgah, qalan 0.0275 ha hissəsi üzərində şam və küknar ağacları mövcud olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı mütəxəssisə iddiaçının nümayəndəsi naturada göstərdiyi 0.03 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə Daxili İşlər Nazirliyinin Ucar rayon X7 sahə məntəqəsinin tikintisi üçün ayrılmış 100 kv.metr torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0024 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşsədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0024 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (blank nömrəsi A022352) idarənin arxiv məlumatlarında mövcud olan kağız variantında 100 kv.metr torpaq sahəsinin koordinatları kənd sakinlərinin faktiki həyətyanı torpaq sahələrinin üzərində göstərildiyi məlum olmuşdur. Sözügedən 100 kv.metr torpaq sahəsinə həmin ərazidə **********36 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarış tərtib edilmişdir. TEKUİS-AzCad məlumatlarında Daxili İşlər Nazirliyinin Ucar rayon X7 sahə məntəqəsinin tikintisi üçün ayrılmış 100 kv.metr torpaq sahəsi iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.03 ha torpaq sahəsindən 9.2 metr cənubda göstərilmişdir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.03 torpaq sahəsi qapalı həyət daxilində yerləşmir, 0.03 ha torpaq sahəsinin 0.0025 ha (25 kv.metr) hissəsinin üzərində dəmir konstruksiyalı söhbətgah, qalan 0.0275 ha hissəsi üzərində şam və küknar ağacları mövcuddur. Sorğuya əlavə edilmiş, İddiaçı ayrılmış 0.03 ha torpaq sahəsi ilə bağlı xx.xx.2006-ci il tarixli baxış aktında göstərilən qonşu torpaq sahələrindən şimaldan 14 metr məsafədə avtoyuma, cənub qonşuluğu (bitişik sahə) faktiki boş torpaq sahəsi, şərqdən Azərbaycan küçəsinin (avtomobil yolunun) mərkəzindən 15 metr məsafə, qərb qonşuluğunun faktiki boş torpaq sahəsi (bitişik) olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İddiaçının nümayəndəsi naturada 20x15 ölçüsünü naturada mütəxəssisə göstərmişdir. İddia olunan torpaq sahəsinin qonşuluğunda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin idarənin elektron baza məlumatlarında mövcud olmadığı mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, naturada göstərilən 0.03 ha torpaq sahəsinin 0.00094 ha (9.4 kv.metr) hisəssi idarənin elektron baza məlumatlarında 35 kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olaraq göstərilmişdir. Aparılan araşdırma zamanı idarənin elektron baza məlumatlarında göstərilən mühafizə zonasının 110 minlik yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olaraq göstərildiyi məlum olmuşdur. Belə ki, faktiki elektrik xəttindən 0.03 ha torpaq sahəsinə məsafənin 16.9 metr olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar rayonu, Qarabörk bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı protokoluna əsasən 0.03 hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı satılmışdır. Həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə protokol, alqı-satqı aktı, baxış aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar rayon şöbəsinin rəyi ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili sözügedən torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı, örüş” torpaq sahəsi olması ilə bağlıdır. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədilə ayrılmışdır. Yuxarıda adı qeyd edilən sənədlərin hər birində torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılması göstərilmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mübahisəli torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə də onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü cəmi 300 kvadratmetrdir (0.03 ha). İş materiallarında olan xx.xx.2006-cı il tarixli Baxış aktından görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi şimaldan avtoyuma sexi, cənubdan boş sahə, şərqdən Azərbaycan küçəsinin mühafizə zolağı, qərbdən boş sahə ilə əhatə olunmuşdur. Bu hal üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Ucar rayonu Qarabörk bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən sxemdən də görünür. Eyni zamanda cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2025 mütəxəssis rəyinin üçüncü və beşinci bəndlərində müvafiq olaraq qeyd edilir ki, baxış zamanı mütəxəssisə iddiaçının nümayəndəsi naturada göstərdiyi 0.03 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə Daxili İşlər Nazirliyinin Ucar rayon X7 sahə məntəqəsinin tikintisi üçün ayrılmış 100 kv.metr torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0024 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşsədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0024 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (blank nömrəsi A022352) idarənin arxiv məlumatlarında mövcud olan kağız variantında 100 kv.metr torpaq sahəsinin koordinatları kənd sakinlərinin faktiki həyətyanı torpaq sahələrinin üzərində göstərildiyi məlum olmuşdur. Sözügedən 100 kv.metr torpaq sahəsinə həmin ərazidə **********36 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarış tərtib edilmişdir. TEKUİS-AzCad məlumatlarında Daxili İşlər Nazirliyinin Ucar rayon X7 sahə məntəqəsinin tikintisi üçün ayrılmış 100 kv.metr torpaq sahəsi iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.03 ha torpaq sahəsindən 9.2 metr cənubda göstərilmişdir (bənd 3) və Sorğuya əlavə edilmiş, İddiaçı ayrılmış 0.03 ha torpaq sahəsi ilə bağlı xx.xx.2006-ci il tarixli baxış aktında göstərilən qonşu torpaq sahələrindən şimaldan 14 metr məsafədə avtoyuma, cənub qonşuluğu (bitişik sahə) faktiki boş torpaq sahəsi, şərqdən Azərbaycan küçəsinin (avtomobil yolunun) mərkəzindən 15 metr məsafə, qərb qonşuluğunun faktiki boş torpaq sahəsi (bitişik) olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İddiaçının nümayəndəsi naturada 20x15 ölçüsünü naturada mütəxəssisə göstərmişdir. İddia olunan torpaq sahəsinin qonşuluğunda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin idarənin elektron baza məlumatlarında mövcud olmadığı mütəxəssis tərəfindən müəyyən edilmişdir. (bənd 5) Ona görə də, məhkəmə iddiaçıya ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmasını ağlabatan hesab etmir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. Bundan əlavə, həmin torpaq sahəsinin satılması, alqı-satqı predmeti olmasına dair müvafiq rəy Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin komitə çıxış edirdi. Belə olan halda, torpaq sahəsinin satılmasına dair müvafiq qərar və rəy qüvvədə olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən hazırda torpaq sahəsinin təyinatının mübahisələndirilməsi, alqısatqı predmeti qismində çıxış edə bilməməsi kimi hala istinad etməsi, ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin, etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu baxımından, cavabdeh inzibati orqanın imtinasının və iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Ucar rayonu, Qarabörk bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı protokolu "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Ucar rayonu, Qarabörk bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclas protokolunun qərarı ilə satılmış 0.03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar