Məhkəmə qərarları › İş №2-1(116)-1728/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1728/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1728/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajını müəyyən etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1955-ci ildə anadan olmuşdur. 25 fevral 2019-cu ildə ona 3-cü qrup əlillik təyin edilmişdir. 65 yaşı tamam olduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. 30 yanvar 2021-ci il tarixli məktubla ona 24 il 5 ay iş stajının olduğu bildirilmişdir. O, kəsir olan stajını ödəmək üçün 2021-ci il fevral ayından sahibkarlıq fəaliyyətinə başlamışdır. Təkrar əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavab məktubunda stajının əskik olduğu üçün pensiyanın təyin olunmasından imtina edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə tərəfimizdən X5 rayon filialına 19 avqust 2022-ci il tarixli **********1 nömrəli sorğu göndərilmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən əmək kitabçası olmadığından iddia olunan illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunla nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 64 yaşla xx.xx.2019-cu il tarixdə yaranır. Məlumat üçün bildiririk ki iddiaçıya xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmişdir. Beləliklə, İddiaçı ümumi sosial sığorta stajı 24 il 5 ay 5 gündür.Eyni zamanda pensiya kapitalı fərdi sığorta stajına uyğun olaraq 17641,52 manat təşkil edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: X1 №007141 diplomuna əsasən müəyyən edilir ki,iddiaçı 1972-ci ildə Texnikuma daxil olmuş, xx.xx.1977-ci il tarixdə tam kursu bitirmişdir.İddiaçının təhsil müddəti üzrə stajı 4 il 5 ay 26 gündür.(İddiaçının hərbi xidmət dövrü-xx.xx.1973-xx.xx.1975-ci illərdə olmaqla təhsil dövrü ilə tam əhatə olunur.) - xx.xx.1978-ci il tarixdə tərtib edilmiş “Kolxozçunun əmək kitabçası”, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 59/H nömrəli məktubu, xx.xx.2022-ci il tarixli 59/H-1 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki: - Qax rayon “Lenin yolu” kolxozda kişilər üçün adam günü norması 1977-1986-ci illərdə 250 gün, 1987-1990-cı illərdə 300 gün, 1991-ci ildə 200 gün, 1992-1996-cı illərdə 240 gün müəyyən edilmişdir. İddiaçı 1979-1987,1989-1990,1992-1994-cü illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 14 ilə bərabərdir. Həmin kolxozda iddiaçı 1977-ci ildə - 190, 1978-ci ildə - 123,1988-ci ildə - 286, 1991-ci ildə 52, 1995-ci ildə 217 gün, 1996-cı ildə 6 gün işləmişdir. Həmin illər üzrə iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur. Əmək stajı faktiki müddətə uyğun hesablanaraq : 1977-ci il (190*365):250=277 gün (09 ay 7 gün) 1978-ci il (123*365):250=180 gün (6 ay) 1988-ci il (286*365):300=348 gün (11 ay 18 gün) 1991-ci il (52*365):200=95 gün (03 ay 05 gün) 1995-ci il (217*365):240=330 gün (11 ay ) 1996-ci il (6*365):240=9 gün Beləliklə, iddiaçının Qax rayon “Lenin yolu” kolxozunda əmək stajı 17 il 5 ay 9 günə bərabərdir. İşdə olan X4 xx.xx.2022-ci il tarixli 189 nömrəli məktubuna əlavə edilmiş əmək haqqı cədvəllərindən müəyyən edilir ki,iddiaçı 1978-ci ilin iyun,iyul,avqust,noyabr aylarında Şəki rayon 5 nömrəli mexanikləşdirilmiş dəstədə işləmiş,həmin müəssisədə sosial sığorta stajı 4 aydır. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi 10 ay 15 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi isə 9 ay olmaqla, cəmi 1 il 7 ay 15 gün Muxax geoloji-kəşfiyyat dəstəsində gözətçi işləmişdir. Verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki,iddiaçı xx.xx.2021-ci il tarixdən fiziki şəxs kimi (VÖEN **********) 10 ay müddətində pensiya kapitalına ödəniş etmişdir. Yuxarıda qeyd olunanları yekunlaşdırıraraq müəyyən olunur ki, İddiaçı ümumi sosial sığorta stajı 24 il 8 ay 20 günə bərabərdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İş materiallarında olan: Cavadehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş e-Sosial arayışdan görünür ki, iddiaçıya müddətsiz İİİ qrup əlillik verilmişdir. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əmək günlərin və ya adam günlərin müəyyən edilmiş minimum kolxoz üzrə 1977-1986-cı illərdə 250, 1987-1990-cı illərdə 300, 1991-ci ildə 200, 1992-1996-ci illərdə 240 gün müəyyən edilmişdir. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1977-1995-ci il tarixlərdə “Lenin yolu” kolxozunda işləmişdir. İqtisadiyyat Nazirliyi yanında DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan döv ərzində 255.00 manat (iki yüz əlli beş) manat məcburi dovlət sosial və işizlikdən sığorta haqqının və 100 (yüz) manat icbari tibbi sığorta haqqının dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cəmi 24 il 8 ay 20 gün sığorta stajına malik olmuşdur ki, tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sosial sığorta stajına görə pensiya təyin edilməli deyildir. Həmçinin məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar