Məhkəmə qərarları › İş №2-1(116)-1728/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1728/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1728/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 991,34 AZN (doqquz yüz doxsan bir manat otuz dörd qəpik) vergi borcuna dair qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 991,34 AZN (doqquz yüz doxsan bir manat otuz dörd qəpik) vergi borcuna dair qəbul edilmiş qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 2022-ci ilin müxtəlif aylarında mal-material gətirib satışını həyata keçirmişdir. Həmin malların gətirilməsi zamanı bütün rəsmi prosedurlardan keçmiş, gömrük və vergi qanunvericiliyinin bütün tələblərinə əməl etmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə iddiaçıya 991,34 AZN vergi borcu hesablamaqla Qərar qəbul etmişdir. İddiaçı bu qərarla razı olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2023-cü il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia tələbi əsaslandırılmadığından və heç bir fakta və dəlilə söykənməyən formal olaraq qaldırılmış iddia olduğundan rədd edilməlidir. Mübahisələndirilən vergi məbləğinin hesablanmasının mahiyyəti ilə bağlı bildiririk ki, vergi orqanı tərəfindən iddiaçıya 991.34 manat məbləğində deyil, 2022-ci ilin gəlir vergisi üzrə 330,44 manat məbləğində vergilər hesablanmışdır. Belə ki, vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə vergi orqanına 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edərək gəlirlərinin 19826,85 manat məbləğində olduğunu, lakin gəlirin əldə edilməsi ilə bağlı xərclərinin olmadığını bəyan etmiş və qanunvericiliyin tələbinə uyğun olaraq 991,34 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməli olduğunu göstərmişdir. Bundan sonra vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə vergi orqanına 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edərək həmin dövr üzrə gəlirlərinin 19826,85 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin, yəni malın dəyərinin 16522,37 manat məbləğində olduğunu bəyan etmişdir. Təqdim edilmiş bəyannamədə göstərilən 16522,37 manat məbləğində xərcləri təsdiq edən sənədlər olmadığından kənarlaşma yaranmış və vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********269700 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlaması ilə müəyyən edilmiş hal vergi ödəyicisi tərəfindən aradan qaldırılmadığı üçün xx.xx.2023-cü il tarixdə kameral vergi yoxlaması ilə əlavə 330,44 manat gəlir vergisi hesablanmış ((19826,85 - (19826,85x75%)) x 20) və həmin hesablama barədə xx.xx.2023-cü il tarixli **********208300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Başqa sözlə dəqiqləşdirilmiş bəyannamə ilə azaldılmış 330,44 manat gəlir vergisi məbləği vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 991,34 manat məbləğində gəlir vergisi məbləğinə bərpa edilmişdir. Göründüyü kimi vergi ödəyicisinin gəlirləri “Azərbaycan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) elektron qaimə-faktura ilə təqdim edilmiş ümumi dəyəri 19826,85 manat olan müxtəlif növ məhsullara görə 2022-ci il üzrə gəlirləri sənədlərə əsasən müəyyən olunmuşdur. Lakin uçot-baza məlumatlarına əsasən əldə edilmiş elektron qaimə-faktura, elektron alış aktları və yük gömrük məlumatlarından da göründüyü kimi vergi ödəyicisinin xərcləri müəyyən edilməmişdir. Ancaq iddiaçının iddia tələbinin maraqlı tərəfi ondan ibarətdir ki, vergi orqanının qəbul etdiyi qərarının nə üçün əsassız olmasını iddia ərizəsində əsaslandıra bilməməsi ilə yanaşı mübahisələndirilən qərarla ona 330,44 manat məbləğində vergilər hesablanmasına baxmayaraq, özünün vergi orqanına təqdim etdiyi bəyannamə ilə hesabladığı 660,9 manat məbləğlə birlikdə ümumilikdə 991,34 manat vergi məbləğini məhkəmədə mübahisələndirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********208300 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 660,9 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 991,34 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı 330,44 manat müəyyən edilmişdir. - Gəlir vergisinin bəyənnaməsindən görünür ki, fəaliyyət növü- yük avtomobil nəqliyyatlarının fəaliyyəti, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmələrin göstərilməsindən) gəlir - 19.826,85 manat, topdan satışdan gəlir- 19.826,85 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər - 16.522,37 manat, vergiyə cəlb olunan gəlir (1125.-1240.) - 3304,48 manat, gəlir vergisi - 660,90 manat təşkil edir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbə görə iştirak edə bilməyəcəyini bildirmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı, sözügedən qərarı xx.xx.2023-cü il tarixdə mübahisələndirmişdir. Odur ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Həmçinin, iddia mahiyyət etibarilə qismən əsaslıdır. Vegi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyənnaməsindən göründüyü kimi iddiaçı 19.826,85 manat gəlirinin, 16.522,37 manat gəlirin əldə edilməsi ilə bağlı xərcinin, 3304,48 manat vergiyə cəlb olunan gəlirinin olmasını bəyan etmiş və cavabdeh orqan tərəfindən hesablanmış 660,90 manat gəlir vergisi iddiaçının özünün təqdim etdiyi məlumatlar əsasında mübahisələndirilən qərarda öz əksini tapmışdır. Odur ki, məhkəmə 660,90 manat hissəsində cavabdeh orqanın qərarını əsaslı hesab edir. Qalan vergi borcu məbləğinə münasibətdə isə iddia əsaslıdır. Belə ki, cavabdeh orqan bildirir ki, təqdim edilmiş bəyannamədə göstərilən 16522,37 manat məbləğində xərcləri təsdiq edən sənədlər olmadığından kənarlaşma yaranmış və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********269700 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlaması ilə müəyyən edilmiş hal vergi ödəyicisi tərəfindən aradan qaldırılmadığı üçün xx.xx.2023-cü il tarixdə kameral vergi yoxlaması ilə əlavə 330,44 manat gəlir vergisi hesablanmışdır ((19826,85 - (19826,85x75%)) x 20) Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının xərclərini təsdiq edən sənədlərin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə gəlir vergisi müəyyənləşdirilərkən, Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi bütün imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma aparmamışdır. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa həmin Məcəllənin 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergilərin hesablanması zamanı əlaqəli məlumatın təqdim edilməsinin başqa imkanlarını da təsbit etmişdir ki, hazırkı halda həmin imkanların tükənildiyi və 67.14-cü maddəyə əsasən şərti rentabellik normasının tətbiqinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd edilməlidir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Odur ki, hazırkı halda, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl edilməmiş, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamışdır. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: (-) 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi... 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 96. Vergitutma obyekti 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********208300 nömrəli qərarı 330,44 manat gəlir vergisinin hesablanması hissəsində ləğv edilir. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar