Məhkəmə qərarları › İş №2-1(116)-1728/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1728/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1728/2024 03.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus və Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşərək ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət “iddiaçıya məxsus və Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşərək ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı, 1993-cü ildə Ağsu rayonu, Təklə kəndində birmərtəbəli, ümumi sahəsi 144 kv.metr olan fərdi yaşayış evini inşa etdirmiş və həmin tarixdən də istifadəsindədir. Özü və 4(dörd) nəfərlik ailə üzvləri daimi olaraq həmin fərdi evdə yaşayırlar. 2019-cu ilin fevral ayında Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş və onlara ziyan dəymişdir. Həmin zaman iddiaçıya məxsus fərdi ev də zəlzələ nəticəsində qəzalı vəziyyət düşmüşdür. Bununla bağlı xx.xx.2019-cu il tarixində Ağsu RİHnin Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edilimiş və bu barədə rəsmi Arayış alınmışdır. 7-8 ay ərzində şəxsi məqsədlərinə görə evləri qəzalı ev kimi qeydiyyata almayıblar. Bundan sonra 2019-cu ilin sonunda fərdi evin qəzalı olmasına dair Ağsu RİH Başçısının, Ağsu RİH-nin Memarlıq və Tikinti şöbəsinin və FHN-nin “AzKommunlayihə” İnstitutunun möhürləri ilə təsdiq olunmuş Qüsur Aktı hazırlanmış və fərdi evin 12049,33 manat məbləğində təmir işlərinin Smetası da tərtib olunaraq möhür və imza ilə təsdiq olunmuşdur. İki il ərzində cavab verilmişdir ki, “vəsait yoxdur, vəsait olan kimi “AzKommunlayihə”dən smetanız gələcək və ev təmir olunacaqdır”. İddiaçı fərdi yaşayış evinin tikilməsi və təmir edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu ərazisində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən viziual baxış keçirilmişdir. Baxış keçirilmiş 2175 ədəd fərdi yaşayış evinin təmirə ehtiyacı olan ev kimi qiymətləndirilmiş və mülkiyyətinə ziyan dəymiş şəxslərin adına rəsmiləşdirilmişdir. Belə evlərdən biri Ağsu rayonu Təklə kəndində 1993-cü ildə inşa edilmiş X2 məxsus fərdi yaşayış evidir. Evin tikinti sahəsi 144 m2 olmaqla mişar daşından inşa edilmişdir. Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN- nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən evə baxış keçirilmiş və tərtib olunmuş “Qüsur Aktları" vətəndaşın həyat yoldaşı İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırlanmış “Qüsur Aktları” əsasında FHN-nin Azkommunlayihə İnstitununda dəymiş ziyan əsasında smeta sənədləri hazırlanaraq FHN-nin “Tikintidə Qiymətqoyma Mərkəzi”ndə təsdiq edilərək Cavabdehnə təqdim edilmişdir. Ağsu RİH-nə daxil olmuş sənədlər əsasında təmir işlərinin aparılması üçün “Təkliflər sorğusu” formasında Tender keçirilmiş və qalib gələn müəssisələr tərəfindən adları tender siyahısında olan evlərin təmir işlərinə başlanılmışdır. Mütəmadi olaraq dövlət tərəfindən ayrılmış vəsaitin miqdarından asılı olaraq evlər təmir olunmuşdur. Beləliklə Ağsu rayonu üzrə zəlzələ nəticəsində ziyan dəymiş 2175 evdən 1698-i təmir edilərək vətəndaşlara təhvil verilmişdir. Qalan 477 fərdi yaşayış evlərinin smeta sənədləri Ağsu RİH-dədir. Dövlət tərəfindən vəsait ayrılan təqdirdə 477 fərdi yaşayış evinin, o cümlədən Ağsu rayonu Təklə kənd sakini İddiaçı məxsus evdə də təmir işləri həyata keçiriləcəkdir.Məlumat üçün bildiririk ki, Şamaxı və İsmayıllı rayonlarında da təmir olunmamış çoxlu sayda fərdi yaşatyış evləri qalmaqdadır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdeh 13 fevral 2024-cü il tarixli imtina məktubu;

2. Cavabdeh 22 avqust 2024-cü il tarixli etiraz məktubu və ona əlaəv edilən sənədlər;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunmasından ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin : Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu Təklə kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evinin qəzalı olması qeyd edilmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan fərdi yaşayış evinin təmir edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2- 1(102)-1301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “İddiaçıya məxsus və Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşərək ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar