Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-173/2024 08.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F KOD 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1704/2023 saylı qərardadı ilə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN- 2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-173/2024 nömrəli qərardadı ilə “iddia tələbinin 0,0148 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya X8 26,02.2001-ci il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 0,07 ha torpaq sahəsi verilmişdir. Buna dair ona 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F KOD 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilmişdir. O, 2023-cü ilin yanvar ayında həmin torpaq sahəsi üçün Dövlət reystrindən çıxarış almaq məqsədi ilə Qəbələ Asan Xidmət mərkəzinə müraciət etmiş, müraciətindən sonra ona bildirilmişdir ki, ona verilmiş şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0,07 ha göstərilməsinə baxmayaraq elektron baza məlumatlarında həmin torpaq sahəsi 0,04 ha kimi öz əksini tapmışdır. Bununla bağlı ona xx.xx.2023-cü il tarixli imtina məktubu da verilmişdir. Dəfələrlə cavabdeh orqana müraciət etməyinə baxmayaraq, problem öz həllini tapmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Qəbələ rayon, Aqrar islahat Komissiyasının 23 avqust 1998-ci il tarixli, 03 saylı qərarı İlə JN-2982F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş, 0,07 ha torpaq sahəsinin qeydiyyata alınaraq Çıxarışın verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinə təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0,07 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-2982F saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamənin arxivində mövcud olan nüsxəsində torpaq sahəsi 0,04 ha kimi öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilən 0,07 ha torpaq sahəsinə dair təqdim edilmiş JN-2982F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsi İdarənin arxivində mövcud deyil. Eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında sözü gedən JN-2982F saylı “Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə” 0,07 ha kimi öz əksini tapmamışdır. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - iddiaçı tərəfindən təqdim edilmiş JN-2982F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 0,07 ha torpaq sahəsi ayrılmışdır. - arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmiş JN-2982F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİKnın xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 0,04 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, 1999-cu ildə tərtib edilmiş Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı və ailə üzvlərinin (X1, Nümayəndə, X6, X9 və X10) adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,07 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid digər cədvəldən görünür ki, İddiaçı və ailə üzvlərinin (X1, Nümayəndə, X6, X9 və X10) adının qarşısında “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0439 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-5973/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-2982F nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,04 hektar torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X5 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı sahələr üçün ayrılmış ərazi, mülkiyyət növü xüsusi mülkiyyətdir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0875 hektar torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X5 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı sahələr üçün ayrılmış ərazidir. Sözügedən 0,0875 hektar torpaq sahəsinin 0,0390 hektar hissəsi 2982F nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0148 hektar hissəsi 1449F nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0230 hektar hissəsi isə bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı özü tərəfindən təqdim edilən, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. İş materialları ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən təqdim edilmiş JN-2982F nömrəli Şəhadətnamənin arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü 0.04 ha qeyd edilmişdir. Beləliklə, eyni torpaq sahəsinə dair mövcud olan, eyni nömrəli Şəhadətnamənin iddiaçıda və cavabdeh orqanda mövcud olan nüsxələrində torpaq sahəsinin ölçüsü və cizgisi fərqli qaydada qeyd edilmişdir. Məhkəmə sözügedən Şəhadətnamələrdən hansının mötəbər olması ilə bağlı aşağıda göstərilən xüsusatların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, 1999-cu ildə tərtib edilmiş Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında iddiaçıya ailə üzvləri ilə birlikdə ayrılması nəzərdə tutulan torpaq sahəsinə münasibətdə - “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında əlyazma ilə 0,07 ha qeydi icra edilmişdir. Lakin, daha sonra tərtib edilmiş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid digər cədvəldən görünür ki, sözügedən torpaq sahəsinin ölçüsü 0,0439 ha qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 1999-cu ilə aid ilkin siyahıya uyğun olaraq tərtib edilmiş Şəhadətnamədə iddiaçıya məxsus torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilsə də, sonradan dürüstləşmə nəticəsində torpaq sahəsinin ölçüsü 0.04 ha olmaqla müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısı Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə təsdiqlənmişdir. Həmin qərarın məzmununda təsərrüfatın ərazisində aparılan torpaq islahatı ilə əlaqədar əvvəllər işlənmiş kompleks yeruquruluşu layihəsində subyektlərin siyahısında və püşkatma materiallarında obyektiv səbəblərə görə qismən dəyişikliklər edilməsi, əvvəllər təsərrüfatda işləməyən subyektlərin siyahıdan çıxarılması, bununla əlaqədar bəzi püşklərin ləğv edilməsi və yerquruluşu layihəsinə qismən düzəlişlərin edilməsi qeyd edilmiş, İ.B.Qutqaşınlı təsərrüfatının ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinə dəyişiklik edilməsinin nəzərə alınması Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. Göründüyü kimi JN-2982F nömrəli Şəhadətnamənin iddiaçıda olan nüsxəsi 1999-cu ildə hazırlanmış və sonradan kompleks yeruquruluşu layihəsinə düzəliş edilənədək mövcud olmuş ilkin layihə əsasında tərtib edilmişdir. Müvafiq düzəlişlər edildikdən sonra isə sözügedən torpaq sahəsinin ölçüsü və cizgisi arxiv nüsxəsi cavabdehdə olan JN- 2982F nömrəli Şəhadətnamədə öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Şəhadətnamədə qeyd edilmiş 0.07 ha torpaq sahəsinin 0,0148 hektar hissəsinin 1449F nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü nəzərə alındıqda, 0.04 ha torpaq sahəsindən əlavə, qalan 0.0152 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşir. Halbuki “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ümumiyyətlə verilməsi nəzərdə tutulan torpaq sahəsinin birdən artıq cizgidə göstərilməsinə yol verilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, arxiv nüsxəsi cavabdeh orqanda olan JN-2982F nömrəli Şəhadətnamə Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı əsasında İ.B.Qutqaşınlı təsərrüfatının ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinə dəyişiklik edildikdən sonra tərtib edildiyindən, sonuncu dürüstləşmiş məzmunda hüquqmüəyyənedici sənəd qismində iş üzrə mötəbər sübut olaraq qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, arxiv nüsxəsi cavabdeh orqanda olan JN-2982F nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.04 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı, 0,0148 ha üst-üstə düşən hissə nəzərə alınmadan qalan 0.0152 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsində iddia ərizəsi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə arxiv nüsxəsi cavabdeh orqanda olan JN-2982F kod 40601004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,04 ha torpaq sahəsi üzərində iddiaçı Nümayəndə ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.