Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1731/2022 10.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçının cavabdeh Ağdaş rayonu Qoşaqovaq bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək 2018-ci ildən 2020-ci ilin yanvar ayına kimi iddiaçıya hesablanmış 2298 manat məbləğində əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2015-2020-ci illərdə Ağdaş rayonu Qoşaqovaq bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2015-ci ildən 2018-ci ilə kimi bələdiyyə işçilərinin əmək haqqı ödənilmiş, 2018-ci ildə DSMF tərəfindən bələdiyyənin hesabı dondurulduğundan həmin vaxtdan 2020-ci il 15 yanvar tarixinədək əmək haqqısı ödənilməmişdir. Bu barədə Ağdaş rayonu Qoşaqovaq bələdiyyəsi xx.xx.2020-ci il tarixli arayış təqdim etmişdir ki, 2298 manat məbləğində əmək haqqı ödənilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə teleqram göndərərk işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd olunmalıdır ki, hazırki iddianın mümkün sayılmaması üçün 2 əsas mövcuddur:
1. Belə ki, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın.
2. İddiaya mahiyyəti üzrə baxılmasının inzibati məhkəmənin səlahiyyətində olmamasıdır. Məhkəmə iddianın mümkün sayılmamasına münasibət bildirir: Birinci mümkünlük şərtinə əsasən : İş materiallarında olan Ağdaş rayonu Qoşaqovaq bələdiyyəsinin xx.xx.2020ci il tarixli arayışına əsasən (arayış tərtib olunan tarixdə iddiaçı bələdiyyə sədri vəzifəsində çalışıb) 2298 manat məbləğində əmək haqqı ödənilməmişdir. İddiaçı iddia ərizəsində göstərilən analoji tələblə cavabdehə müraciət etməmişdir. İkinci mümkünlük şərtinə əsasən : İddiaçının hazırkı iddia ərizəsi üzrə tələbi bələdiyyə sədri vəzifəsində işlədiyi müddət ərzində ödənilməmiş əmək haqqı tələbindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 14.1-ci maddəsində göstərilir : Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2022-ci il tarixli tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, mübahisə inzibati məhkəmənin səlahiyyətinə aid deyildir. İddiaçı tərəfindən məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu qəbul edilmiş, müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : İddiaçı cavabdeh Ağdaş rayonu Qoşaqovaq bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə