Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1732/2024 18.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Ukrayna Respublikası “Ali Təhsil Müəssisəsi X2 Akademiyası “Özəl Səhmdar Cəmiyyəti tərəfindən ona verilmiş, Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2021-ci il tarixdə A-78476 nömrə ilə Apostil etdiyi 383 qeydiyyat nömrəli B21 №018938 nömrəli dilom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlu cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Ali Təhsil Müəssisəsi X2 Akademiyası “Özəl Səhmdar Cəmiyyəti tərəfindən ona verilmiş, Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2021-ci il tarixdə A-78476 nömrə ilə Apostil etdiyi 383 qeydiyyat nömrəli B21 №018938 nömrəli dilom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - o, xx.xx.1993-cü ildə Ağdaş şəhərində anadan olmuş, 2000-ci ildə Ağdaş şəhəri Mahmud Şeyxzadə adına Texniki Təbiət və X1 birinci sinfə getmiş və 2011-ci ildə həmin gimnaziyanı bitirmişdir. Bir müddət "Viza Kredit+BOKT” MMC-də işləmiş və 2016-cı ildə Ukrayna Respublikası Kiyev şəhəri “X3 Akademiyası”nın Ümumi Tibb fakültəsinə qiyabi şöbəyə qəbul olaraq 2021-ci ildə həmin fakültəni psixoloq ixtisası üzrə bitirmişdir. Bitirdiyi ali təhsil müəssisəsi tərəfindən ona akademiyanın rektoru Mikolo Kurkonun imzası və müəssisənin möhürü ilə təsdiqlənmiş B 21№018938 saylı, 383 qeydiyyat nömrəli, 16 aprel 2021-ci il tarixli psixoloq ixtisası üzrə bakalavr diplomu verilmişdir. Diplomu 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna Təhsil və Elm Naziriliyi tərəfindən xx.xx.2021-ci il tarixdə A-78476-21 nömrə ilə Apostil olunmuşdur. Akademiyada tədris/imtahan rus dili olmaqla tədris müddəti 5 (beş) ildir. Təhsil atdığı müddətdə dərslərdə iştirak etmiş və 35 fənn üzrə, o cümlədən Ukrayna dili fənni üzrə (60 saat, 125 bal), İngilis dili fənni üzrə (60 saat, 120 bal), Ukrayna tarixi fənni üzrə (60 saat, 118 bal). Ümumi psixologiya fənni üzrə (60 saat, 123 bal). Psixologiyanın tarixi fənni üzrə (45 saat, 105 bal), Psixologiyada riyazi metodlar fənni üzrə (165 saat, 118 bal), Psixologiyada informatika və kompüter fənni üzrə (435 saat, 135 bal), Şəxsiyyət psixologiyası fənni üzrə (108 saat, 125 bal), Şüurun psixologiyası fənni üzrə (300 saat, 124 bal), Ali riyaziyyat fənni üzrə (105 saat, 121 bal), Sosial psixologiya fənni üzrə (195 saat, 130 bal), Kliniki psixologiya fənni üzrə (210 saat, 142 bal), Pedaqoji psixologiya fənni üzrə (90 saat, 152 bal) və sair fənnlər üzrə tədris proqramını mənimsəyərək mövcud qiymətləndirmə şkalasına uyğun, əsasən "yaxşı” və "kafi” qiymətlərlə qiymətləndirilmişdir. Bundan başqa, "Ali sinir fəaliyyətinin psixologiyası”, "Psixo-fıziologiya”. “Kliniki psixologiya" və "Psixologiyanın metodiki problemləri” fənnləri üzrə “Praktiki təlimlər”də iştirak edərək ali təhsil müəssisəsinin şkalası üzrə "məqbul" qiymətlərlə qiymətləndirilmişdir. Beş fənn üzrə isə dövlət imtahanını uğurla (hər bir üzrə “yaxşı” qiymət) verərək akademiyanı bitirmişdir. Məlumat üçün bildirir ki, koronavirus dövründə ölkədən kənara çıxa bilmədiyinə görə dərsləri onlayn keçirilmiş və o bu dərslərdə iştirak etmişdir. Qeyd etdiyi tədris proqramına dair məlumatlar "Diploma Əlavə"də öz əksini tapmış və "Diploma Əlavə” xx.xx.2021-ci il tarixdə Akademiyanın rektoru, fakültə dekanı və katib tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuşdur. "Diploma əlavə” 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə A-78475-21 nömrə ilə Apostil olunmuşdur. Odur ki, o ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq üçün xarici dövlətin (Ukrayna Respublikası) ali təhsilə aid kvalifikasiyasının tanınması məqsədi ilə aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron ərizə ilə müraciət etmişdir. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi 02 noyabr 2023-cü il tarixli NA00019052 №-li qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi qərarında imtinanın əsası kimi göstərmişdir ki, onun ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil haqqında sənədi dövlət nümunəli deyil, bunun üçün hüquqi əsas Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydaları"mn 3.10.1- ci və 4.1.2-ci bəndləridir. O, cavabdehin bu imtinası ilə razılaşmayaraq müraciətinə yenidən baxılması barədə əvvəl elektron formada, sonra isə kağız üzərində ərizə ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi xx.xx.2024cü il tarixli 3-29-61/2-M-631-4/2023 saylı məktubu ilə qeyri-müəyyən cavab verərək məhkəməyə müraciət etməyini bildirmişdir. O, bu imtina ilə razılaşmır, o hər tədris ilində, təhsilin normativ müddətində təhsil aldığı akademiyada olmuş, dərslərdə iştirak etmiş və tədris proqramını tam mənimsəmişdir. Belə ki, PP tipli AZE kodlu P5473052 nömrəli pasportu var (xx.xx.2013- xx.xx.2023cü illər üzrə etibarlı olub) və pasportun VİZALAR səhifəsində Ukrayna Respublikasına giriş və çıxışlar barədə möhürlü qeydlər var. Beləliklə, onun cavabdehə təqdim etdiyi mötəbər sübutlardan göründüyü kimi o Kiyev X3 Akademiyasını müvəffəqiyyətlə başa vuraraq “psixoloq” ixtisasına yiyələnmişdir, işin bu halları heç bir şübhə doğurmur və xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina üçün heç bir əsas yoxdur. Qeyd etdiyi kimi cavabdeh imtinanın hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 №-li Fərmanı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydalarf’nın 3.10.1-ci və 4.1.2-ci bəndlərinə istinad etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətdinə qeyd etmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2023 -cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” qanunun 3.0.12- ci maddəsinə əsasasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir". Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir". Həmin qanunun 28.1-ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir”. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən "Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2023-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli NA00019052 nömrəli qərar, xx.xx.2021-ci il tarixli B21 № 018938 bakalavr diplomu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, B21 № 018938 diploma əlavə və apostil. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Həmin Qaydaların 4-cü hissəsində tanınmaya dair aşağıdakı ümumi tələblər öz əksini tapmışdır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, NA00019052 №-li imtina qərarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.2-ci bəndində istinad edilərək (müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması) imtina cavabı verilmişdir. İddiaçı tərəfindən təqdim edilən A-78476-21 nömrəli, xx.xx.2021-ci il tarixli (A-92954- 21) apostil sənədi həmin sənəddə qeyd edilmiş https://enic.in.ua/index.php/ua/aporegua veb saytında yoxlanılarkən sənədin həqiqiliyinin öz təsdiqini tapmaması müəyyən olunur (axtarış üzrə verilən nəticə - Ua: За поданими параметрами нічого не знайдено. En: Apostille not found). Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olmamasına istinad etməklə imtina cavabı verməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Ukrayna Respublikası “Ali Təhsil Müəssisəsi X2 Akademiyası “Özəl Səhmdar Cəmiyyəti tərəfindən ona verilmiş, Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2021-ci il tarixdə A-78476 nömrə ilə Apostil etdiyi 383 qeydiyyat nömrəli B21 №018938 nömrəli dilom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.