Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1734/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əllilliyə görə ödənilməmiş 11 aylıq dövr üçün 2200 manat məbləğində pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “əllilliyə görə ödənilməmiş 11 aylıq dövr üçün 2200 manat məbləğində pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ümumi səbəbdən anadangəlmə əlil olduğundan 3 yaşından dövlətin nəzarətində olmaqla hər ay pensiya alırdı. Qanunvericiliyə görə həmin pensiya yaşı 18 yaşadək təyin olmuşdur. Lakin qeyd olunan pensiyanın naməlum səbəblərdən 11 ayını ala bilməmişdir. Bundan sonrakı mərhələdə onun əlilliyə görə yeni pensiyası dekabr 2021-ci il tarixində təyin edilmişdir. O, şəxsiyyət vəsiqəsini, həmçinin aldığı ayların ödəniş cədvəlini təqdim edərək həmin pensiyanın 11 ayını almadığını sübut edən tibbi sənədi təqdin edir. O, həmin ödəniş ilərinin sonuncu ayını əks etdirən göstəricini, tibbi sənədi, şəxsiyyət vəsiqəsini təqdim edərək yaşına görə, aldığı illərə baxaraq ödənilməmiş aylıq müddətin yəni 2020-ci ilin oktyabr ayından etibarən, avqust 2021-ci ilə ilədək almadığı illərinin 11 aylıq müddəti üçün ödənilməmiş 200 manat 11 aya 2200 manat məbləğində əlillik pensiyasının alınmasını cavabdehdən rəsmi qaydada istəmişdir. Lakin bu məbləğ ona ödənilməmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən 3 il müddətinə, yəni xx.xx.2020- ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən göndərişin natamam doldurulması səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək İİ dərəcə əlilliyi müəyyən olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Cavadehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 2 il müddətinə, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 il müddətinə, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə əlillik təyin edilmişdir. TƏBİB Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Hemiplegik spastik serebral iflic” xəstəliyindən əziyyət çəkən İddiaçı “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasında iştirak etmişdir. Vətəndaş barəsində tərtib edilmiş tibbi sənədlərə komissiya üzvləri tərəfindən baxış keçirilmiş və 88 nömrəli forma tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi məqsədilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində TSERAS-ın alt sisteminə yerləşdirilmiş və imtina gəlmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində vətəndaş barəsində tərtib edilmiş “forma 88” yenidən TSERAS-ın alt sisteminə yerləşdirilmiş,lakin xx.xx.2021-ci il tarixində “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: TSERAS-a göndərilən zaman göndəriş (forma 88) səthi tərtib edilmişdir. Düzgün qərar verilməsi üçün xəstənin hazırki vəziyyəti, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin. Cari ili üçün xəstənin ixtisaslaşmış tib müəssisəsində tibbi rəy və stasionar müalicəsi haqda məlumat yoxdur. İxtisaslaşmış tib müəssisəsində tibbi rəy təqdim edilməlidir. Xəstəyə stasionar reabilitasiya müalicə tövsiyyə olunur” rəyi gəlmişdir. TƏBİB Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində “Hemiplegik spastik serebral iflic” diaqnozu üzrə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin,iddia mahiyyət etibari ilə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun ; 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilir. Qanunun 9.1.3-cü maddəsində göstərilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Sözügedən Qanunun həmin vaxt qüvvədə olmuş 9.1.3-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda dayandırılır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki,iddiaçının sağlamlıq imkanları məhdud olduğundan xx.xx.2017-ci il tarixdə 3 illik müddətdə qiymətləndirilmə aparılmış, xx.xx.2020-ci il tarixdə növbəti qiymətləndirmə vaxtı müəyyən edilmiş,həmin tarixdə onun əlillik müddəti başa çatmışdır.İddiaçı barəsində Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş natamam olduğu üçün əlilliyin təyinindən imtina edilmişdir.İddiaçıya yenidən xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əllilik təyin edilmişdir.Həmin tarixdən etibarən müavinətin ödənilməsi bərpa edilmişdir. İddiaçının sosial müavinətin ödənilməsini tələb etdiyi 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayına qədər olan müddət ərzində müavinət almaq hüququ mövcud olmamışdır.İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş mübahisələndirilmədiyindən və qüvvədə olduğundan hazırkı iş üzrə cavabdehin idda olunan müddət ərzində sosial müavinəti ödəmək öhdəliyi olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələbdə qeyd olunan müddət ərzində müavinətin ödənilməsi qanuni olaraq dayandırılmışdır və cavabdehin həmin dövrdə müavinətin ödənilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əllilliyə görə ödənilməmiş 11 aylıq dövr üçün 2200 manat məbləğində pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1734/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1734/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver