Məhkəmə qərarları › İş №2-1(116)-1736/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1736/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1736/2025 02.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2021-ci il tarixli **********72 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2021-ci il tarixli **********72 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1736/2025 nömrəli qərardadı ilə X10 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, üçüncü şəxs məhkəmə baxışı iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqanın nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia ərizəsinə əsasən İsmayıllı rayonu Diyallı Bələdiyyəsi 18 dekabr 2003-cü il tarixində İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 ha torpaq sahəsinin X2 65 il müddətinə icarəyə verilməsi barədə qərar qəbul etmiş və onlar arasında xx.xx.2003-cü il tarixində icarə müqaviləsi bağlamışdırlar. Daha sonra X6 xx.xx.2014-cü il tarixli torpaq sahəsinin icarə müqaviləsi ilə həmin torpaq sahəsini X8 55 il müddətinə icarəyə vermişdir. xx.xx.2021-ci il tarixində X3 və X10 arasında torpağın icarə hüququnun alqı-satqısı müqaviləsi bağlanmış və icarə hüquqları sonuncunun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə nail olmaqdır. İddiaçı isə həmin torpaq sahəsinə münasibətdə İsmayıllı rayonu Diyallı bələdiyyəsi ilə icarə müqaviləsinin mövcud olduğunu və həmin torpaq sahəsində uzun müddətdir ki əkinçiliklə məşğul olduğunu qeyd edərək X7 adına verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Hazırkı iddia tələbinə əsasən mübahisələndirilən qeydiyyatın əsasında cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətləri deyil,mülki əqd dayanır. Belə ki, 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində 40 hektar torpaq sahəsinin icarə hüquqlarını Şahin Məlikova satmışdır. Daşınmaz əmlakın dövlət reyestrində İsmayıllı rayonu Diyallı Bələdiyyəsinə aid olan 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052ci il tarixədək Şahin Məlikovun adına icarə hüququ əsasında yüklü edilmiş,bununla bağlı hazırda müebahisələndirilən qeydiyyat aparılmışdır.Müvafiq qeydiyyat isə yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər arasında mülki mübahisə mövcuddur. İş materiallarına əlavə olunan iddiaçı X4 cavabdeh İddiaçı qarşı “cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması” tələbi barədə ilkin, İddiaçı cavabdehlər X9 və X8 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2791/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində 40 hektar torpaq sahəsinin icarə hüquqlarını Şahin Məlikova satmışdır. Həmin iş üzrə cavabdeh İddiaçı qeyd edilən mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, bələdiyyə tərəfindən ona ayrıldığını və təsərrüfatla məşğul olmaqla istifadə etdiyini bildirmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsinə əsasən X7 icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən İddiaçı çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılmasına dair iddia tələbi təmin edilmiş, İddiaçı X8 qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən X10 tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və X5 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçıya izah olunur ki, çıxarış müvafiq olaraq reyestrdəki qeydiyyatı əks etdirən sənəd olduğundan müstəqil olaraq hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Yəni iddiaçı çıxarışın verilməsinə əsas olan qeydiyyatı mübahisələndirməlidir. Məhz həmin qeydiyyat əsasında adı qeyd edilən şəxsə xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi mübahisələndirilən qeydiyyatın aparılmasının əsasını isə xx.xx.2021-ci il tarixində X3 və X10 arasında torpağın icarə hüququnun alqı-satqısı müqaviləsi təşkil edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2021-ci il tarixli **********72 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar