Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-174/2021 29.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 0974 saylı əmrinin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi və həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi" barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019cu il tarixli, 0974 saylı əmrinin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi və həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxx 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, xx xxxx 2013-cü ildə həmin məktəbi bitirmişdir. xx xxxx 2013-cü ildən xx xxxx 2014-cü ilə kimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dinləyici vəzifəsində kurs keçmişdir. xx xxxx 2014-cü ildə N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmiş və xx xxxxx 2015-ci ilə qədər həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi müddətdə kobud nizam-intizam pozuntusuna yol verməmiş və xidməti vəzifələrini daim laiqincə yerinə yetirməyə çalışmışdır. xx xxxxx 2015ci ildə xidməti zərurətlə əlaqədar N nömrəli hərbi hissəyə xidmət yeri dəyişdirilərək xx xxxx 2018-ci ilə kimi həmin hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. xx xxxx 2018-ci ildə xidmət yeri növbəti dəfə N nömrəli hərbi hissəyə dəyişdirilmiş və xx xxxxxx 2019-cu ilədək həmin hərbi hissədən tağım komandiri vəzifəsində xidmət etmişdir. Səhhəti ilə əlaqədar xidmət yerinin ön mövqedə yerləşən bölmələrdən ehtiyat bölmələrə dəyişdirilməsi barədə yazılı müraciət etsə də müraciətinə müsbət cavab verilməmiş və xəstə vəziyyətdə xidmət etmək məcburiyətində qalmışdır. Bir sıra hallarda xidməti vərəqəsinə heç bir əsas olmadan intizam cəzaları yazılmış, N nömrəli hərbi hissədə isə eyni intizam pozuntusuna görə bilavasitə rəisi və hərbi hissə komandiri tərəfindən iki dəfə intizam cəzası verilmişdir. Bu isə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin tələblərinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2019-cu il tarixli 0974 nömrəli əmri ilə N №-li hərbi hissənin hərbi qulluqçusu leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli təqdimatı olmuşdur. Təqdimat “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 6 №-li əlavəsinə uyğun olaraq N №-li hərbi hissə komandiri tərəfindən imzalandıqdan və komanda üzrə müvafiq rəislərin rəyləri alındıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir. Təqdimatın məzmunundan məlum olmuşdur ki, İddiaçı hərbi hissədə xidmət etdiyi müddət ərzində ona verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməyi bacarmır, tapşırıqların icrasına laqeyd yanaşır, hərbi nizamnamələri və xidməti üzrə rəhbər sənədləri zəif bilir, mütəmadi olaraq xəstəliyini bəhanə edərək xidmətdən yayınır. Göstərilən iradlardan nəticə çıxarmır. Hərbi xidmətin çətinlik və məhrumiyyətlərinə dözməkdə acizlik nümayiş etdirir, tabeliyində olanlara nümunə olmağı bacarmır. xx.xx.2019-cu il tarixdə hərbi hissənin tibb məntəqəsində müəyinə olunduqdan sonra bölməsinə qayıtmalı olduğu halda bilavasitə rəisinə məlumat vermədən hərbi hissəni özbaşına tərk etdiyinə görə xx.xx.2019-cu il tarixdə rütbəsi bir pillə “leytenant” hərbi rütbəsinədək aşağı salınaraq cəzalandırılmışdır. Lakin buna baxmayaraq sonrakı xidməti dövründə də xidmətində müsbət tərəfə dönüş yaratmamış, ona göstərilən iradlardan və aparılan söhbətlərdən heç bir nəticə çıxartmadığı üçün xx.xx.2019-cu il tarixdə iddiaçı N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsində dindirilmiş və Azərabycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Ümumiyyətlə, xidmət etdiyi müddət ərzində xidmətinə mövcud vəziyyətə verilən qiymət «qeyri kafi» olmuşdur. Bütün bunlar iddiaçının öz xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Ona görə də, hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək, onu dəfələrlə intizam məsuliyyətinə cəlb etmiş, lakin iddiaçı bütün bunlardan düzgün nəticə çıxarmamışdır. Nəticədə «xidməti uyğunsuzluğa görə» Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmasına təqdim olunmuşdur. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən, iddiaçının Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsində nəzərdə tutulmuş intizam cəzalarına hərbi rütbəsini bir pillə aşağı salma kimi intizam cəzaları cəlb edildiyi məlum olmuşdur. Xidməti vərəqəsi ilə mütəmadi imza atmaqla tanış olmuş və ona verilmiş heç bir intizam cəzasını mübahisələndirməmişdir. Ona görə də, öz əməllərindən düzgün nəticə çıxarmayan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur. İddiaçı ilə bir neçə dəfə yazılı surətdə söhbətlər aparılmış (surətləri etiraza əlavə olunur) o bildirmişdir ki, barəsində baş verən bütün hallardan nəticə çıxardacaq xidmətində dönüş yaratmağı üçün şans verilməsini xahiş etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 160-cı maddəsinə əsasən dinc dövrdə zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156- 158-cı maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia müddətini ötürmədiklərini hesab etdiklərini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia müddət ötürüldüyünə görə mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0974 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 0505-ci motoatıcı bölüyünün motoatıcı taqımının komandiri leytenant İddiaçı, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından çıxarışdan görünür ki, leytenant İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xidmətdə heç bir dönüş yaratmamış, komandirlərin verdiyi əmr və tapşırıqların icrasına məsuliyyətsiz yanaşmış, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmamış və digər zabitlərə pis örnək olduğu uçün “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (Xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan iddiaçının EZ seriyalı ******* nömrəli hərbi biletinin surətindən görünür ki, iddiaçının Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (Xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılması barədə əmr barədə qeyd aparılmış və o müvafiq olaraq xx.xx.2019-cu il tarixində SHXÇDX-nin Qəbələ rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İPM-nin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-ci maddəsinə əsasən, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: -24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmişdir. İddiaçıya mübahisələndirdiyi xx xxxxxx 2019-cu il tarixli əmr ona elan edilmiş, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində poçt vasitəsilə Bak İnzibati Məhkəməsinə müraciət etməklə (ərizə xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati İcraat haqqında Qanunun 73-cü maddəsi qanunun “İNZİBATİ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT” adlı Vİİ-ci fəslində yer alır və fəsil qanunun 71-80-ci maddələrini əhatə edir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Lakin Qanunun 72.4-cü maddəsinə əsasən, bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. 2.0.5-ci maddəsinə əsasən isə inzibati şikayət hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati İcraat Haqqında Qanunun müddəaları inzibati şikayətlərə şamil olunur və inzibati aktlardan məhkəmə qaydasında verilən şikayətlər isə başqa qanunvercilik aktları ilə tənzimlənir ki, hazırki halda sahəvi qanunvericlik aktı Azərbaycan Respublikasının İnzibati-Prosesual Məcəlləsidir və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi maddə-11.1). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt (ən geci xx.xx.2019-cu il) qüvvədə olan qanunvericiliyin tələbi baxımından o, hazırda mübahisə predmeti olan əmri mübahisələndirmək hüququnu itirmişdir. X3 Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında göstərmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, göstərilən normalardan görünür ki, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1712/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da sərgilənmişdir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan olunmuş, əmrdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı qeyd olunan əmrdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq şikayət instansiyasına şikauyət etmədiyi üçün ona münasibətdə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımı dayanmamışdır. Onun tələbinin “həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi” hissəsi də tələbinin birinci hissəsi mümkün sayılmadığı üçün və tələbin birinci hissəsindən asılı olduğu üçün mümlün sayılmır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 0974 saylı əmrinin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi və həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-174/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-174/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver