Məhkəmə qərarları › İş №2-1(116)-1740/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1740/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1740/2025 18.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Dövlət Aktının 160Q planşetdə qeyd olunan 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsini, 0,10 ha torpaq sahəsi üzərində (həyətyanı) ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət aktında göstərilən 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 160 Q planşetdə qeyd edilmiş 0.2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı (cizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0.10 ha həyətyanı və 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, Dövlət Aktının 160Q planşetdə qeyd olunan 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini, 0,10 ha torpaq sahəsi üzərində (həyətyanı) ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət aktında göstərilən 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, o, təxminən 1977–1978-ci illərdə Balakən rayonunun Sarıbulaq kəndində yerləşən S.Vurğun adına kolxozun idarə heyətinə ərizə ilə müraciət edərək fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Kolxozun qərarı 0,10 ha torpaq sahəsi ayrılmış və 1988-ci ildə tərtib edilmiş rəsmi AKT əsasında istifadəsinə verilmişdir. 1989-cu ildə torpaq sahəsində ev tikintisinə başlamış və 1992-ci ildə evin tikintisini başa çatdırmışdır. Daha sonra 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli Qərarına əsasən, İddiaçı ailəsinin 5 üzvünə ümumilikdə 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-160 KOD 40112018 saylı Dövlət Aktı ilə verilmişdir. Həmin qərarda ailəyə məxsus 0.10 ha həyətyanı torpaq sahəsi də mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı təyinatlı pay torpağı ilə bağlı JN-160 nömrəli Dövlət Aktı 2000-ci ildə onlara təhvil verilmişdir. Dövlət Aktında 1,76 ha torpaq iki planşetdə yerləşirdi. 160 nömrəli planşet üzrə 15529.00 kv.m torpaq sahəsi çöl ərazisində yerləşirdi. 160 Q planşet üzrə 2032.13 kv.m torpaq sahəsi həyət torpağına bitişik olduğu hiss olunurdu. Amma xeyli vaxt keçməsinə baxmayaraq 0.10 ha həyətyanı torpaq sahəsinə "Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilməmişdi. Bununla belə, ötən illər ərzində dəfələrlə şifahi və yazılı şəkildə X7 Komissiyasına müraciətlər edilməsinə baxmayaraq, 0.10 ha həyətyanı torpaq sahəsinə dair müvafiq “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilməmişdir. S.Vurğun adına kolxozun X7 Komissiyası tərəfindən 222 saylı bildirişdə 0.10 ha həyətyanı torpaq sahəsinə dair müvəqqəti şəhadətnamənin veriləcəyi qeyd olunmuşdur. Lakin bu günə qədər nə ona, nə də kəndin digər kənd sakinlərinə həyətyanı torpaq sahələri üzrə şəhadətnamələr təqdim olunmamışdır. JN-160 nömrəli Dövlət Aktının 160Q saylı planşetində qeyd edilən ərazi 0.20 ha torpaq sahəsidir. X3 sahəsinin qaiməsi (sertifikatı) səhifəsində qeyd edilənlərdən məlum olur ki, həqiqətən həmin ərazi həyət torpağı ilə birlikdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilməklə texniki səhv olaraq sənədləşdirilmişdir. Amma 160Q saylı planşet üzrə qeyd edilən 0.20 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə və üzərindəki tikili, çoxillik əkmələrə diqqət yetirildikdə məlum olur ki, bu torpağın 0.10 ha hissəsi faktiki olaraq həyətyanı torpaq sahəsidir, digər 0.10 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı sahədir. Belə ki, kəndin nəqliyyat yolundan həyətin giriş qapısından içəri daxil olduqda, 0.10 ha sahədə 1992-ci ildə tikintisi başa çatmış fərdi yaşayış evi yerləşir. Evin qarşı hissəsində 0.06 ha, arxasında isə 0.04 ha sahədə hər il göyərti və meyvə-tərəvəz bitkiləri yetişdirilir. Torpaq sahəsinin digər 0.10 ha hissəsi isə kolxoz dövründə əkilmiş və istifadəyə verilmiş fındıq bağından ibarətdir ki, bu hissə həqiqətən də kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həyətyanı torpaq sahəsinin ölçüsü – kənd nəqliyyat yoluna çıxışı olan giriş qapısından etibarən eni 30 metr, uzunluğu 34 metr olmaqla ümumilikdə 0.10 ha təşkil edir və bu sahə kənd təsərrüfatı təyinatlı fındıq bağına bitişikdir. Yuxarıda qeyd edilən Arxiv Arayışlarının məzmunundan da məlum olur kionun qanuni istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə yaşayış məntəqəsi torpağı (həyətyanı sahə) kimi mülkiyyətə verilməlidir. X4 160Q saylı planşeti üzrə torpaq sahəsinin cizgiləri qüsurlu hazırlandığından, faktiki həyətyanı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilərək sənəddə texniki səhv şəklində əks olunmuşdur. İddiaçı cavabdeh orqana JN-160 KOD 40111820 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 160Q planşetdə qeyd edilmiş 0.2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı (cizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0.10 həyətyanı və 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və Çıxarışların tərtib edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin müraciətinin 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin tərtib edilməsi ilə bağlı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı müraciət etmədiyini bildirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin tərtib edilməsi ilə bağlı olmuşdur. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «Dövlət Aktının 160Q planşetdə qeyd olunan 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsini, 0,10 ha torpaq sahəsi üzərində (həyətyanı) ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət aktında göstərilən 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Şəki şəhəri S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X5 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar