Məhkəmə qərarları › İş №2-1(116)-1743/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1743/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1743/2023 18.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X14, cavabdehin nümayəndəsi X13, üçüncü şəxslər X10, X11 və X2 vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X12 və X3 ümumi birgə mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsində yerləşən, 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, iddiaçıya məxsus, 1991-ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X12 və X3 ümumi birgə mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsində yerləşən, 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, iddiaçıya məxsus, 1991-ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1961-ci il tarixində ünvan 1ində doğulmuşdur. Həmin kənddə ailə həyatı quraraq hal-hazıradək yaşayır. 1991-ci ildə ona qeyd olunan kənddə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddiaçı orada fərdi yaşayış evi inşa etmişdir. 2012-ci il yanvar ayında arvadı Vəliyeva (Orucova) Sevər Qurban qızı ilə aralarında bağlanmış nikah pozulmuşdur. 2012-ci ilin may ayında Zaqatala rayonunda zəlzələ baş vermiş və 0,10 ha həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi yararsız hala düşmüşdür. Nəticədə, dövlət qeyd olunan fərdi yaşayış evinin əvəzinə həyətyanı torpaq sahəsində FHN tərəfindən dövlət vəsaiti hesabına yeni yaşayış evi inşa edilmişdir. Hazırda hər iki fərdi yaşayış evi, yəni həm zəlzələdən yararsız hala düşmüş, həm də FHN tərəfindən dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evləri qeyd olunan torpaq sahəsinin üzərində yerləşir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən, keçmiş arvadı Vəliyeva (Orucova) Sevər Qurban qızı və uşaqları ilə ümumi birgə mülkiyyətlərində olan 0,10 ha həyətyanı torpaq sahəsi naturada bölünmüş və iddiaçıya 0,025 ha torpaq sahəsi verilmişdir. Lakin, fərdi yaşayış evləri iddiaçının keçmiş arvadı Vəliyeva (Orucova) Sevər Qurban qızı və uşaqlarının ümumi birgə mülkiyyətində olan hissəyə düşmüşdür. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-V-0006-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı fərdi yaşayış evi “Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə dair” Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda qeyd olunan fərdi yaşayış evi iddiaçının deyil, başqa şəxsin adına qeyd olunmuşdur. Odur ki, ünvan 1i ünvanında dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat (siyahı) təqdim edildikdən sonra yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-2075/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərardadı ilə Orucova (Vəliyeva) Sevər Qurban qızı, X12 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs X12 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs X4 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər və vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: Zaqatala RİH xx.xx.2023-cü il tarixli 5-82/1-V-2-091/2023 nömrəli məktubundan görünür ki, iddiaçı FHN tərəfindən inşa edilmiş fərdi yaşayış evinin adına sənədləşdirilməsinə köməklik göstərilməsi üçün RİH-ə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, keçmiş həyat yoldaşı Sevər Vəliyeva ilə aralarında əmlak üzərində mübahisə ilə əlaqədar yaranmış mülki xarakterli mübahisələrin araşdırılması və adına sənədləşdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 114 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2016-2020-ci illərin 10 nömrəli təsərrüfatbaşına kitabının 805-ci şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü – İddiaçı ibarətdir. Qeyd: təsərrüfatın mülkiyyətində 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,02 ha həyətyanı torpaq sahəsi olmuşdur. Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 115 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2021-2025-ci illərin 09 nömrəli təsərrüfatbaşına kitabının 766-cı şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü – İddiaçı ibarətdir. Qeyd: təsərrüfatın mülkiyyətində 2021-2022-2023-cü illərdə 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,02 ha həyətyanı torpaq sahəsi olmuşdur. Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 142 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçıya məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə özü tərəfindən tikilmiş fərdi yaşayış evi vardır. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA-2V-134/2023 nömrəli arxiv arayışından görünür ki: 1991-1995-ci illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 32 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X12 və oğlu X1 ibarət olmuşdur. Cəmi torpaq 0,10 ha, 92 ha. 1996-2000-ci illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 32 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X12 və oğlu X1 ibarət olmuşdur. Cəmi torpaq 0,10 ha, 0,92 ha. 2001-2005-ci illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 856 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X12 və oğlu X1 ibarət olmuşdur. Təsərrüfatın xüsusi mülkiyyətində olan torpaq 0,10 ha, o cümlədən xüsusi mülkiyyət 0,92 ha. 2006-2010-cu illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 842 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X12 və oğlu X1 ibarət olmuşdur. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA-2V-134/2023 nömrəli arxiv arayışından görünür ki, 2011-2015-ci illədə 12 nömrəli təsərrüfatbaşına kitabın 1020 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özündən ibarət olmuşdur. Belə ki, həyat yoldaşı Sevər Vəliyeva, qızı X12 və oğlu X11 13 nömrəli təsərrüfatbaşına kitabının 1130 nömrəli şəxsi hesabına keçirilmişdir. Təsərrüfatın mülkiyyətində olan torpaq 2011-2012-2013-cü illərdə 1,02 ha, 2014-2015-ci illərdə 0,23 ha, ondan həyətyanı torpaq 0,10 ha, 2011-2012-2013-cü illərdə. Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-82-22/2-68/2023 nömrəli arayışında qeyd olunur ki, Göyəm kəndində yerləşən sözügedən 0,075 ha torpaq saahəsində FHN tərəfindən inşa edilmiş fərdi yaşayış evi X2 istifadəsindədir. Arayışa əlavə olunmuş: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-47RA-20-779/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, 2011-2015-ci illərdə Göyəm kənd İƏN 13 nömrəli təsərrüfatbaşına kitabının 44 nömrəli səhifəsində X2 ailə tərkibi özü, qızı Əsmər Vəlizadə və oğlu Altay Vəlizadə olmaqla 3 nəfərdən ibarət olmuşdur. Təsərrüfatın mülkiyyətində və sahibliyində: 0,69 ha, cəmi torpaq 2014: 0,69 ha. RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göyəm kəndində yerləşən 0,0951 ha həyətyanı torpaq sahəsi İddiaçı, X10, X11 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-2048/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonu ərazisində tikilmiş 9 ədəd fərdi yaşayış evlərinin adlı siyahısından görünür ki, həmin siyahıda 9-cu sırada X2 adı yazılmışdır. Zaqatala RİH-nin xx.xx.2023-cü il tarixli 5-82-2/2-531/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X12 və X3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşən 2012ci ildə Zaqatala rayonunda baş vermiş məlum zəlzələdən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi X2 adına tikilmiş, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 2021-ci il 09 aprel tarixli 12/1 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən istismara verilmişdir. Məktuba əlavə olunmuş Zaqatala rayonu ərazisində tikilmiş 9 ədəd fərdi yaşayış evlərinin adlı siyahısından görünür ki, həmin siyahıda 9-cu sırada X2 adı yazılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1072/2023 nömrəli məktubuna əlavə olunmuş: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-243 nömrəli Qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X9 arasında Bakı şəhəri, 26 Bakı Komissarı rayonu VVADQ orqanında bağlanmış xx.xx.1987-ci il tarixli 701 nömrəli nikah qeydi ləğv olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-407/2013 nömrəli Qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonunun Göyəm kəndində yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı RX seriyalı çıxarışda qeyd edilmiş 0,0951 həyətyanı torpaq sahəsində iddiaçılar X5, X6 və X7 çatan hissə yol tərəfdən 33,54 m, cənub-şərqə 12 m, şimal-qərbə 14 m, cənub-qərbə 8 m, yola doğru 19 m və yoldan 3,8 m olmaqla ayrılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3- 18-2/2-4785/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Respublikanın Zaqatala, Balakən və Qax rayonlarında 07 may 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Nazirliyin mütəxəssislərindən təşkil edilmiş və yerli qurumların da iştirak etdiyi komissiyalar tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən ünvan 1 sakini X8 məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar layihə-smeta sənədlərinə uyğun olaraq vətəndaşa yeni fərdi yaşayış evi tikilib 2012-ci ildə Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilərək təhvil verilmişdir. Məktuba əlavə olunmuş Zaqatala rayonu ərazisində tikilmiş 9 ədəd fərdi yaşayış evlərinin adlı siyahısından görünür ki, həmin siyahıda 9-cu sırada X2 adı yazılmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı dövlət vəsaiti hesabına inşa edilmiş mübahisəli fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Lakin nə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, nə də məhkəmə araşdırması ilə mübahisəli fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsinə əsas verən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının yeni evin əvəzində tikildiyini iddia etdiyi birgə nikah dövründə inşa etdiyi fərdi yaşayış evi üzərində də onun mülkiyyət hüququ qeydə alınmamışdır. Həmin ev hazırda mövcuddur, iddiaçı və üçüncü şəxslərin payları müəyyən edilmiş torpaq sahəsində yerləşir. Yeni fərdi yaşayış evi isə, iddiaçı ilə X10 arasında olan nikaha xitam verildikdən sonra S.Orucovanın adına inşa edilmiş, tikinti obyektinin istismarına xx.xx.2021-ci il tarixli 12/1 nömrəli icazə də sonuncunun adına tərtib edilmişdir. İşin qeyd olunan faktiki hallarına qanunvericilik normalarının tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X12 və X3 ümumi birgə mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsində yerləşən, 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, iddiaçıya məxsus, 1991-ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar