Məhkəmə qərarları › İş №2-1(116)-1745/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1745/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1745/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “cavabdehin 12.10. 2024-cü il tarixli, 3-13-16/2-C-167599 saylı imtinasının qanunsuz hesab edilməsi və Baş X1 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun qaydada inzibati tənbeh verilmə haqqında qərara əsasən iddiaçının adına yazılmış 330 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin 12.10. 2024-cü il tarixli, 3-13-16/2-C-167599 saylı imtinasının qanunsuz hesab edilməsi və Baş X1 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun qaydada inzibati tənbeh verilmə haqqında qərara əsasən iddiaçının adına yazılmış 330 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, iddiaçıya məxsus olmuş “ZAZ 968” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhər sakininə satmışdır. Lakin uzun illər keçdikdən sonra iddiaçının həmin avtomobillə bağlı 330 (üç yüz otuz) manat cərimə olması aşkar olunmuşdur. Belə ki, iddiaçı “Şəki Asan Xidmət Mərkəzinə” gedərək sürücülük vəsiqəsinin müddətinin bitdiyi üçün yenisi ilə əvəz olunmasını xahiş etmiş, bu zaman ASAN Xidmət Mərkəzindən iddiaçıya inzibati cərimə növündə inzibati tənbeh verilməsi haqqında elektron qərar çıxarıldığını bildirilmişdir. Bundan sonra iddiaçı, Azərbaycan Respubilikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsinə müraciət edərək iddiaçının adına 330 (üç yüz otu manat olan cərimənin silinməsini xahiş etmişdir. Sonuncu tərəfindən isə yaşadığı ünvana xx.xx.2022-cü il tarixli, N° 3-13-16/2-C-167599 saylı məktub göndərilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrasını məcburiliyini və çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarların icrasına xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olmadığın nəzərə alaraq həmin cərimələri ödənilməsi tövsiyə edilmişdir. Eyni zamanda qanunvericilikdə hər hansı bir şəxsin cəriməni ödəməkdən azad olunmasının nəzərdə tutulmadığı göstərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 28 yanvar 2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Baş X1 idarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-C-167599 saylı imtinasının qanunsuz hesab edilməsi və Baş X1 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun qaydada inzibati tənbeh verilmə haqqında qərara əsasən iddiaçının adına yazılmış 330 manat cərimənin silinməsinə nail olmaqdır. Əgər iddiaçı sözügedən qərarın əsassız olduğunu iddia edirsə həmin halı mülki mühakimə icraatı qaydasında mübahisələndirməklə daha sonra cavabdehə yenidən müraciət etmək hüququna malikdir.Digər tərəfdən iddiaçının sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair müraciəti və ondan imtina olunmasına dair iş materiallarında məlumat mövcud deyildir. İddiaçının əlavə etdiyi,cavabdehin imtina məktubunun məzmunundan onun ilkin müraciətinin inzibati xəta haqqında cərimənin silinməsi ilə bağlı olduğu göstərilmişdir.Lakin,həmin qərar iş materiallarına əlavə edilmədiyindən qərarın məzmunu və ünvanlandığı şəxs barədə məlumat əldə olunması mümkün olmamışdır. Mübahisələndirilən, qərar cavabdehin inzibati fəaliyyəti nəticəsində deyil, inzibati xətalara dair işlər üzrə fəaliyyətinin nəticəsində qəbul edilmişdir. İddiaçı və cavabdeh arasında olan mübahisəyə inzibati xətalara dair işlər üzrə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olduğundan, hazırki mübahisənin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırıla bilməz. “İnzibati icraat haqqında” Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki,iddiaçıya hüquqi yardım qaydasına izah edilir ki,hüquqi marağı sürücülük vəsiqəsinin dəyişdirilməsindən,yenilənməsindən ibarətdirsə həmin tələblə bağlı ilkin müraciətini və ya cavabdehin imtina məktubunu əlavə etməklə inzibati məhkəmə qaydasında iddia tələbi ilə müraciət edə bilər.İnzibati xətanın nəticəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın mübahisələndirilməsin üçün isə qərarın qəbul edildiyi ərazi üzrə rayon məhkəməsinə ərizə ilə müraciət edilə bilər. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından və iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun hesab edilmədiyindən iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “cavabdehin 12.10. 2024-cü il tarixli, 3-13-16/2-C-167599 saylı imtinasının qanunsuz hesab edilməsi və Baş X1 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun qaydada inzibati tənbeh verilmə haqqında qərara əsasən iddiaçının adına yazılmış 330 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar