Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-175/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı “17.07.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxx 1958-ci il tarixində doğulmuşdur. Onun 18.05.2019-cu ildə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Arxiv arayışından görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı var. Sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin etməkdən və koxozda işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə arxivdə saxlanılan sənədlərdə qaralamalar və düzəlişlərin olmasıdır. O, "Jdanov" adına kolxozda işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi bəzi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Belə ki, cavabdehin sığorta stajı kimi qəbul etmədiyi illərdə o, işləyərək əmək haqqı almışdır. İddiaçı 19.06.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “17.07.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: «X2» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.07.2018-ci il tarixindən 01.07.2019-cu il tarixinədək 61 yaşı olmuş qadınlar fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, 01.01.2019-cu il tarixdən «X2» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. «X2» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. İddiaçının təqdim etdiyi iş stajına dair arayışda 25 il Zaqatala rayonu keçmiş “Jdanov” kolxozunda işləməsi barədə sığorta stajı vardır. İddiaçı 1974-1998-ci illərdə keçmiş “Jdanov” kolxozunda işlədiyi iş stajını rayon Arxivində yoxlanması zamanı 20 il iş stajının düzgünlüyü təsdiq edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası alması üçün yaşı 18.05.2019-cu il tarixində çatmışdır. Bildiririk ki, İddiaçı Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən yaşa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliklə mümkün deyil. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Zaqatala rayon Dövlət Arxivinin 17.07.2019-cu il tarixli 465 nömrəli arayışının təsdiqlənmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin 23.09.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin 26.12.2019-cu il tarixli **********0 nömrəli məktubu, 11.09.2019-cu il tarixli Akt, DSMF-nin Zaqatala rayon şöbəsinin 18.06.2020-ci il tarixli **********0 nömrəli məktubu, cavabdehin nümayəndəsinin 19.06.2020-ci il tarixli ərizəsi aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1974-1998-ci illərdə Zaqatala rayon sabiq “Jdanov” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Zaqatala Rayon Dövlət Arxivinin 17.07.2019-cu il tarixli 11 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. DSMF-nin Zaqatala rayon şöbəsinin 18.06.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi arayışa əsasən 25 il sosial sığorta stajı vardır. Cavabdeh qeyd etmişdir ki, İddiaçı 1974-1998-ci illərdə keçmiş “Jdanov” kolxozunda işlədiyi iş stajını rayon Arxivində yoxlanması zamanı 20 il iş stajının düzgünlüyü təsdiq edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən qaralamaların olduğu qeyd olunan şəxsi hesab kitabları və staj kitabı tələb olunmuş, cavabdehin nümayəndəsi ilə birlikdə məhkəmə iclasında həmin kitablara baxış keçirilmiş və qaralamaların olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “X2” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 17.07.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı 17.07.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-175/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-175/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver