Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-175/2021 22.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "05.01.2019-cu ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və İsmayıllı rayonu Sumağallı kəndində yaşayır. O, 25.11.1979-cu ildə X5 (işdəki bəzi sənədlərdə "Cənnətalı" kimi yazılmışdır) qızı ilə ailə qurmuş, həmin vaxt sonuncu "Babayeva" soyadını götürmüşdür. Babayeva Bəsti Cənətalı qızı 01.10.2011-ci ildə vəfat etmişdir. İddiaçı yaşa görə əmək pensiyası yaşına (64 yaş) 05.01.2019-cu ildə çatmışdır. O, İsmayıllı Rayon Dövlət Arxivinə müraciət edərək mərhum arvadı Babayeva Bəsti Cənətalı qızının işləməsi barədə 07.01.2020-ci il tarixli 02 nömrəli arxiv arayışı almışdır. Həmin arayışa əsasən, Babayeva Bəsti Cənətalı qızı 1974-1989-cu illərdə İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozda, 1990-1997-ci illərdə isə "Sumağallı" kolxozunda işləmişdir. İddiaçı həmin arxiv arayışını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə təqdim edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin İsmayıllı rayon şöbəsi 13.01.2020-ci il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, Babayeva Bəsti Cənətalı qızının "Əmək pensiyaları haqqında" Qanunun 14cü maddəsi ilə tələb olunan sığorta stajı əmək kitabçasında qeyd olunmadığına görə pensiyanın təyin edilməsi mümkün deyil. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı "mərhum arvadı Babayeva Bəsti Cənətalı qızının 1974-1989-cu illərdə İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozunda və 1990-1997-ci illərdə "Sumağallı" kolxozunda işləməsinə dair iş stajının onun ümumi iş stajına daxil edilərək, ümumi əmək stajının təyin edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 05.01.2019-cu ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyi aparıldığına görə məhkəmənin 16.02.2021-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mərhum arvadı Babayeva Bəsti Cənətalı qızının tələb olunan sığorta stajının olmasını təsdiq edən arxiv arayışı vardır. Cavabdeh iddiaya qarşı 22.10.2020-ci il tarixli etirazında və həmin etiraza 12.02.2021-ci il tarixli **********2 nömrəli əlavədə iddianın təmin olunmamasını xahiş edərək bildirmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün X6 Cənətalı qızının 12 il sığorta stajının olması tələb olunur, lakin onun sığorta stajı həmin müddətdən azdır. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş 07.01.2020-ci il tarixli 02 nömrəli arxiv arayışında X6 Cənətalı qızının 1974- 1989-cu illərdə İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozunda və 1990-1997-ci illərdə "Sumağallı" kolxozunda işlədiyi, lakin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında 1977, 1980, 1992, 1994, 1995-ci illərə aid yazılarda qaralama olunması, 1996-cı ilə aid yazının 1997-ci ildən sonra yazılması göstərilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayonu Qalacıq KİN NHAQ kitabının 34-cü səhifəsindən çıxarışdan görünür ki, İddiaçı 25.11.1979-cu ildə X3 ilə ailə qurmuş, həmin vaxt sonuncu "Babayeva" soyadını götürmüşdür. - İşdə olan "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, Babayeva Bəsti Cənətalı qızı 01.10.2011-ci ildə vəfat etmişdir. - İşdə olan, İsmayıllı Rayon Dövlət Arxivinin 07.01.2020-ci il tarixli 02 nömrəli arxiv arayışından görünür ki, Babayeva Bəsti Cənətalı qızı 1974-1989-cu illərdə İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozda, 1990-1997-ci illərdə isə "Sumağallı" kolxozunda işləmişdir. Arayışın qeyd hissəsində deyilir ki, 1977, 1980-ci illərin əmək haqqında, 1992, 1994, 1995-ci illərdə qaralama olmuş, 1996-cı il 1997-ci ildən sonra qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon filialının 20.10.2020-ci il tarixli **********1 nömrəli arayışından görünür ki, 1974-1989-cu illərdə Qalacıq kənd Engels adına kolxozda və 1990-1997-ci illərdə Sumağallı kənd "Sumağallı" kolxozunda qadınlar üçün minimum adam gün norması 120 adam gün olmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisəli hüquq münasibəti İddiaçı yaşa görə əmək pensiyası yaşına çatdığı 05.01.2019-cu ildə yarandığına görə mübahisə həmin vaxt qüvvədə olan maddi hüquq normaları əsasında həll edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci və 14.1.2-ci maddələrinin həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinin göstərilən vaxt qüvvədə olmuş redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd." hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan normaların tələbinə uyğun olaraq, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər aşağıdakılardır: - ailə başçısının vəfat etməsi; - iddiaçının yaşa görə əmək pensiyası yaşına çatması; - ölüm gününədək ailə başçısının sosial sığorta stajının ən azı əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay (5 ildən az olmamaq şərtilə) olması. Müəyyən edildi ki, İddiaçı arvadı Babayeva Bəsti Cənətalı qızı 01.10.2011-ci ildə vəfat etmiş, o özü isə yaşa görə əmək pensiyası yaşına (64 yaş) 05.01.2019-cu ildə çatmışdır. X6 Cənətalı qızı 22.12.1959-cu il təvəllüdlü olmaqla vəfat etdiyi vaxt onun 51 yaşı olmuşdur ki, bu müddətin əmək qabiliyyətli yaş dövrü (51-15=36) 36 il təşkil edir. Həmin dövrün hər tam ili üçün 4 ay hesabı ilə (36 il x 4 ay = 144 ay = 12 il) mərhumun ölüm gününədək sosial sığorta stajının ən azı 12 il olması tələb olunur. X6 Cənətalı qızının sosial sığorta stajını təsdiq edən sənəd İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 02 nömrəli arxiv arayışıdır. Cavabdehin iddiaçıya əmək pensiyası təyin etməkdən imtinasının dəlili bundan ibarət olmuşdur ki, X6 Cənətalı qızının sığorta stajı əmək kitabçasında qeyd olunmamışdır. Məhkəmə ilk növbədə bununla bağlı mövqeyini bildirməyi zəruri hesab edir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Ona görə də məhkəmə qeyd edir ki, X6 Cənətalı qızının işləməsi barədə İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı onun əmək stajını təsdiq edən sənəd hesab edilir və cavabdeh X6 Cənətalı qızının əmək stajının yalnız əmək kitabçası ilə müəyyən edilə bilməsini iddia etməkdə haqlı olmamışdır. Sözügedən arxiv arayışında göstərilmiş məlumatlarla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Həmin arxiv arayışında X6 Cənətalı qızının 1974-1989-cu illərdə İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozunda və 1990-1997-ci illərdə "Sumağallı" kolxozunda işlədiyi, lakin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında 1977, 1980, 1992, 1994, 1995-ci illərə aid yazılarda qaralama olunmuş, 1996-cı ilə aid yazı 1997-ci ildən sonra yazılmışdır. Cavabdeh qaralama edilmiş illəri X6 Cənətalı qızının sosial sığorta stajına daxil etməkdən imtina edir. Məhkəmə tərəfindən İsmayıllı Rayon Dövlət Arxivinə sorğu edilərək İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozun 1973-1997-ci illərə aid "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı" və İsmayıllı rayonu "Sumağallı" kolxozunun "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı" alındı və müəyyən edildi ki, Babayeva Bəsti Cənətalı qızına aid yazılar İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozuna aid kitabın 51-ci vərəqində, digər kolxoza aid kitabın isə 14-cü vərəqindədir. Məhkəmənin 16.02.2021-ci il tarixli qərardadı ilə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İsmayıllı rayonu Qalacıq kəndi Engels adına kolxozun 1973-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 51-ci vərəqində və İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqində Babayeva Bəsti Cənətalı qızının adına yazılmış qeydlərdəki rəqəmlər hər hansı dəyişikliyə (mexaniki və ya kimyəvi üsulla pozma, əlavə etmə, üstündən düzəltmə və s.) məruz qalmışdırmı?
2. Əgər hər hansı dəyişiklik edilmişdirsə, əvvəlki məzmun necə olmuşdur?
3. Əgər hər hansı dəyişiklik edilmişdirsə, bu dəyişiklik əvvəlki məzmunun icra edilməsindən nə qədər müddət sonra edilmişdir?
4. İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqində Babayeva Bəsti Cənətalı qızının adına olan 1997-ci və 1996-cı illər üçün qeydlərin yazılmasının nisbi vaxtı müəyyən edilsin. Məhkəməyə daxil olmuş 12.04.2021-ci il tarixli 5/237-5/326 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş ismayılli rayon Qalacıq kəndi Engels adına kolxozunun 1973-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 51-ci vərəqindəki cədvəlin 3-cü sətrindəki "41,80" rəqəmlərindən "41" rəqəmlərin yerində əvvəlcə "12" rəqəmləri olub, sonradan əlavə cizgilər artırmaqla indiki rəqəmlər icra edilmişdir. Həmin cədvəlin 6-cı sətrindəki "43 64", "33", "13,2" rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq sonradan üzərinə indiki rəqəmlər icra edilmişdir. Həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş İsmayıllı rayon "Sumağallı" kolxozunun 1990-1997-ci illər "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqindəki cədvəlin 1-ci sətrindəki "151" rəqəmlərin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir (həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı); "120" rəqəmlərindən "2" rəqəminin yerində əvvəlcə "8" rəqəmi olub, sonradan əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; "761" rəqəmlərin yerində karandaşla icra edilmiş "761" rəqəmləri olub, sonradan yərinə indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir; "80" yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir (həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı). Həmin cədvəlin 2-ci sətrindəki "395,90" rəqəmlərindən "395" rəqəmlərinin yerində əvvəlcə karandaşla icra edilmiş "391" rəqəmləri olub, sonradan üzərində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir. Həmin cədvəlin 3-cü sətrindəki "120" rəqəmlərinin yerində düzxətt olub, sonradan üzərinə indiki rəqəmlər icra edilmişdir, "27260" rəqəmlərin yerində karandaşla icra edilmiş "27260" rəqəmləri olub sonradan üzərində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir; "89" rəqəmlərin yerində karandaşla icra edilmiş "89" rəqəmləri olub sonradan üzərində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir; "10" rəqəmlərin yerində karandaşla icra edilmiş "10" rəqəmləri olub sonradan üzərində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir. Həmin cədvəlin 4-cü sətrindəki "120" rəqəmlərinin yerində düzxətt olub, sonradan üzərinə indiki rəqəmlər icra edilmişdir, "67178" rəqəmlərin yerində karandaşla icra edilmiş "67173" rəqəmləri olub sonradan üzərinə indiki rəqəmlər qələmlə icra edilmişdir; "19" rəqəmlərin yerində karandaşla icra edilmiş "19" rəqəmləri olub sonradan üzərinə indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir; "5", "5" rəqəmlərin yerində karandaşla icra edilmiş "5", "5" rəqəmləri olub sonradan üzərinə indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir. Həmin cədvəlin 5-ci sətrindəki "198" rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir (həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmiəri müəyyən etmək mümkün olmadı); "202393" rəqəmlərin yerində "202393" rəqəmləri olub sonradan üzərinə indiki rəqəmlər təkrarən qələmlə icra edilmişdir; "128" rəqəmlərin yerində qara qələmlə icra edilmiş "128" rəqəmləri olub sonradan üzərinə indiki rəqəmlər təkrarən göy qələmlə icra edilmişdir; "4" rəqəmin yerində qara qələmlə icra edilmiş "4" rəqəmi olub sonradan üzərinə indiki rəqəm təkrarən göy qələmlə icra edilmişdir. Rəydə həmçinin deyilir ki, elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə "Əgər hər hansı dəyişiklik edilmişdirsə, bu dəyişiklik əvvəlki məzmunun icra edilməsindən nə qədər müddət sonra edilmişdir?" və "İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqində Babayeva Bəsti Cənətalı qızının adına olan 1997-ci və 1996-cı illər üçün qeydlərin yazılmasının nisbi vaxtı müəyyən edilsin." sualları üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi, ekspert rəyində "Kolxozçunun əmək stajı və qazancının uçot kitab"ları ilə bağlı bir neçə suala cavab verilsə də, İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqindəki cədvəlin 6-cı sətrində olan rəqəmlərin hər hansı dəyişikliyə məruz qalıbqalmaması ümumiyyətlə tədqiq edilməmişdir. Halbuki, sadə gözlə də görünür ki, həmin sətrdə 1-ci, 2-ci və 4-cü sütunlarda olan rəqəmlərdə pozulmalar və düzəlişlər aparılmış, 4cü və 6-cı sütunlarda rəqəmlərdən başqa, həm də düzxətt vardır, 10-cu və 11-ci sütunlarda olan yazılar isə silinmişdir. Ona görə də məhkəmənin 27.04.2021-ci il tarixli qərardadı ilə əlavə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və əlavə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın Babayeva Bəsti Cənətalı qızına aid 14-cü vərəqindəki cədvəlin 6-cı sətrində olan rəqəmlər hər hansı dəyişikliyə (mexaniki və ya kimyəvi üsulla pozma, əlavə etmə, üstündən düzəltmə və s.) məruz qalmışdırmı?
2. Əgər hər hansı dəyişiklik edilmişdirsə, əvvəlki məzmun necə olmuşdur? Həmin qərardadla əlaqədar keçirilmiş əlavə ekspertizaya dair 10.06.2021-ci il tarixli 5/492 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə deyilir ki, İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqində olan Babayeva Bəsti Cənətalı qızına aid cədvəlin 6-cı sətrində "1996" rəqəmlərindəki "6" rəqəminin və "1995" rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir (həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı). Həmin cədvəlin 6-cı sətrindəki digər qrafalarda hər hansı düzəlişlər (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Göründüyü kimi, İsmayıllı rayonu "Sumağallı" kolxozunun 1990-1997-ci illər üzrə "Kolxozçunun əmək stajı və qazancının uçot kitabı"nın 14-cü vərəqində olan Babayeva Bəsti Cənətalı qızına aid cədvəldə "İl ərzində işlənmiş adam günlərinin miqdarı" sütununda 1990-cı və 1994-cü illərə aid yazılarda mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlərin icra edildiyi, eləcə də ilkin rəqəmiəri müəyyən etməyin mümkün olmaması müəyyən edilmişdir. Həmin cədvəlin 1995-ci ilə aid sətrində "1996" rəqəmlərindəki "6" rəqəminin və "1995" rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlərin icra edildiyi, eləcə də ilkin rəqəmləri müəyyən etməyin mümkün olmaması müəyyən edilmişdir. Qeyd olunan yazıların həqiqiliyini müəyyən etməyə imkan verən başqa heç bir sənəd, yaxud digər sübut yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, kitabda 1990-cı, 1994-cü və 1995-ci illərə aid olan yazıların həqiqiliyi ekspert rəyi ilə təkzib olunduğuna görə həmin illər X6 Cənətalı qızının sığorta stajına daxil edilə bilməz. Arxiv arayışında və yuxarıda adları qeyd olunan kitablarda göstərilmiş digər müddətlərlə bağlı məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, X6 Cənətalı qızı 1985, 1988, 1989, 1991, 1992, 1993, 1996, 1997-ci illərdə minimum əmək iştirakı normasını (120 adam gün) yerinə yetirmişdir. Belə olan halda, həmin illərə görə onun sosial sığorta stajı 8 il təşkil edir. O, 1974-1984-cü və 1986-cı illərdə minimum əmək iştirakı normasını (120 adam gün) yerinə yetirməmişdir. Həmin illərdə onun faktiki işlədiyi müddətin cəmi 395 adam gündür ki, bu da 3 il 3 ay 15 gün sosial sığorta stajı təşkil edir. Yuxarıda qeyd olunan 8 il müddəti həmin müddətlə topladıqda (8 il + 3 il 3 ay 15 gün) X6 Cənətalı qızının cəmi 11 il 3 ay 15 gün sosial sığorta stajının olması müəyyən edilir. Bu isə tələb olunan 12 il müddətdən azdır. Belə olan halda, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.2-ci maddəsində isə deyilir ki, sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməsə də, ekspertiza tədqiqatının dəyərini təşkil edən (61,52 manat + 62 manat) 123,52 manat prosessual xərclər iddiaçıya aid olunmamalıdır.
Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "05.01.2019-cu ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.