Məhkəmə qərarları › İş №2-1(116)-1759/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1759/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1759/2022 31.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, iddiaçıların etibarnamə üzrə nümayəndəsi X22, cavabdehin nümayəndəsi Hacı-X9, üçüncü şəxs X3 iştirakı ilə iddiaçının cavabdehə qarşı “Şəki şəhəri Aşıq Cuma küçəsi ev 25 ünvanında yerləşən evlərə dair X7 adına verilmiş texniki pasportların və həmin pasportların verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı ünvan 1 ünvanında yerləşən evlərə dair X7 adına verilmiş texniki pasportların və həmin pasportların verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizənin əsaslarına görə, iddiaçılar X20 və X5 ailəsində,hazırkı Şəki şəhəri Aşıq Cuma küçəsi,ev 25 ünvanında doğulmuşdurlar.X4 1968-ci ildə,anaları X13 2012-ci ildə vəfat etmişdir.X2 xx.xx.2013-cü ildə vəfat etmişdir.X1 ilə birgə nikahından 2002-ci ildə Kamil adlı uşaqları doğulmuşdur.Tərəflərin nikahı 2008-ci ildə pozulmuşdur.Qardaşı oğlu X10 mərhum atası X7 adına texniki pasport almışdır.Bu da onların Şəki şəhəri Aşıq Cuma küçəsi ev 25 ünvanında yerləşən evə gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən də iddiaçılar Şəki şəhəri Aşıq Cuma küçəsi ev 25 ünvanında yerləşən evlərə dair X7 adına verilmiş texniki pasportların və həmin pasportların verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsinə nail olmaq istəyir. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 3 ünvanında yerləşən evlərə dair X7 adına verilmiş texniki pasportların və həmin pasportların verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla həmin məslənin səlahiyyətində olmadığını bildirərək,məhkəmə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1759/2022 nömrəli qərardadı ilə X10 iş üzrə inzibiati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə nümayəndəsi Fərid Əliyev və iddiaçılardan İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını, üçüncü şəxs X10 isə iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin iddia tələbinə rəsmi münasibətinə uyğun izahat verərək bildirdi ki, Şəki regional ASAN xidmət mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli vərəsəlik dairəsinin müəyyən edilməsi barədə məktubu və X7 vərəsəsi X3 müraciəti əsasında X7 adına xx.xx.2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli, (qeydiyyat nömrəsi **********) çıxarış qeydiyyata alınmışdır. İddiaçılara məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu verilmişdir. İddiaçılara iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yarandığından, valideynləri-X20 və X5 vərəsəsi olmalarını təsdiq edən sənədləri məhkəməyə təqdim etmək bildirilmişdir.İddiaçılar tərəfindən yardım məktubuna rəsmi müraciət bildirilməmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :

1. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. 20.10.2021-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə ölmüşdür.

3. X7 adına 1988-ci il tarixdə “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib olunmuşdur.

4. Şəki rayon Məhkəməsinin 2(075)-810/2021 saylı,xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X3 mərhum atası X11 məxsus Şəki şəhəri Aşıq Cuma küçəsi ev 25A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir.

5. Şəki rayon Məhkəməsinin 2(075)-1291/2021 saylı,xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən (iddiaçı X10) cavabdehlər İddiaçı1 və X16 tərəfindən bağlanmış çöl-həyət və ev qapılarının açılması,iddiaçının mərhum atası X6 qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX Ərazi idarəsinin nümayəndələrinin müayinə-ölçü işlərinin aparılmasına yaradılan maneələr İddiaçı2, İddiaçı3 və X12 qadağan edilmişdir.

6. DƏDRX 12 saylı ünvan 4 ünvanında (yeni qaydalarla Şəki şəhəri A.M.Cuma küçəsi,ev 71 ) yerləşən fərdi yaşayış evinə X7 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. (qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022-ci il ).

7. DƏDRX 12 saylı ünvan 4 ünvanında (yeni qaydalarla Şəki şəhəri A.M.Cuma küçəsi,ev 71 ) yerləşən fərdi yaşayış evinə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. (qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022-ci il ). Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə ki,iddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı mərhum X2nun adına verilmiş texniki pasportların və həmin pasportların verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir.Lakin iddiaçılar valideynləri-X20 və X5,habelə mərhum X2nun vərəsəsi olmamışdır. Digər tərəfdən Şəki rayon Məhkəməsinin 2(075)-810/2021 saylı,xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X3 mərhum atası X11 məxsus Şəki şəhəri Aşıq Cuma küçəsi ev 25A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə,iddiaçıların mübahisəli yaşayış sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onlar tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüquqları yaranmır. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçılar hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır. Odur ki, Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddiaçıların hazırkı iddia tələbi üzrə subyektiv hüquqları mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı :

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı ünvan 1 ünvanında yerləşən evlərə dair X7 adına verilmiş texniki pasportların və həmin pasportların verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar