Məhkəmə qərarları › İş №2-1(116)-176/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-176/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-176/2020 05.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X3, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı "onun 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, 10.02.1981-ci il tarixdən 06.12.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, 23.04.1984-cü ildən 29.12.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və 10.04.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1971,1973, 1993, 1997-ci illərədə “Nizami” adına kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 21.09.2019-cu il tarixli **********1 nömrəli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin 13.12.2019-cu il tarixli iclasında iddiaçı ərizə tədqim edərək, "onun 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, 10.02.1981-ci il tarixdən 06.12.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, 23.04.1984-cü ildən 29.12.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və 10.04.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadına əsasən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının təqdim etdiyi iş stajına dair arayışlarda (17 il 4 ay Zaqatala rayonu keçmiş Nizami kolxozunda, 3 il 9 ay Qax rayonu keçmiş arıçılıq kolxozunda, 6 ay MXPCP təşkilatında, 1 il 9 ay 26 gün JEKU təşkilatında, 2 il hərbi xidmət) 25 il 4 ay 26 gün stajı vardır. İddiaçının 1971-1974, 1976-1981, 1983-1990, 1993-1997-ci illərdə keçmiş Nizami kolxozunda işlədiyi iş stajını rayon arxivində yoxlanması zamanı 1971, 1973, 1997-ci illərin iş stajı qaralama və düzəlişlərlə yazıldığından düzgünlüyü təsdiq edilməmişdir və nəticədə onun düzgünlüyü təsdiq edilmiş (15 il 1 ay Zaqatala rayonu keçmiş Nizami kolxozunda, 3 il 9 ay Qax rayonu keçmiş arıçılıq kolxozunda, 6 ay MXPCP təşkilatında, 1 il 9 ay 26 gün JEKU təşkilatında, 2 il hərbi xidmət) 23 il 1 ay təşkil etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 10.04.2019-cu il tarixində yaranmışdır. Məhkəmə iclaında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli X1 surəti, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Şəhər Şöbəsinin 24.09.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubu, Zaqatala Rayon Dövlət Arxivinin 10.06.2019-cu il tarixli 266 nörməli, Qax Rayon Dövlət Arxivinin 13.05.2019-cu il tarixli 9411 nömrəli arxiv arayışlarının təsdiqlənmiş surətləri, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Şəhər Şöbəsinin 11.12.2019-cu il tarixli məktubu və qarşılıqlı yoxlama aktının surəti, Zaqatala Rayon Dövlət Arxivinin 20.12.2019-cu il tarixli məktubu və ona əlavə olunmuş staj və şəxsi hesab kitablarından iddiaçıya aid hissələrin təsdiqlənmiş surətləri və Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Şəhər Şöbəsinin 26.12.2019-cu il tarixli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, 10.02.1981-ci il tarixdən 06.12.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, 23.04.1984-cü ildən 29.12.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işləməsi Zaqatala Rayon Dövlət Arxivinin 10.06.2019-cu il tarixli 266 nörməli, Qax Rayon Dövlət Arxivinin 13.05.2019-cu il tarixli 9411 nömrəli arxiv arayışları ilə təsdiqini tapır. İddiaçının təqdim etdiyi iş stajına dair arayışlara əsasən (17 il 4 ay Zaqatala rayonu keçmiş Nizami kolxozunda, 3 il 9 ay Qax rayonu keçmiş arıçılıq kolxozunda, 6 ay MXPCP təşkilatında, 1 il 9 ay 26 gün JEKU təşkilatında, 2 il hərbi xidmət) 25 il 4 ay 26 gün stajının olması müəyyən olunur. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının keçmiş Nizami kolxozunda işlədiyi iş stajını rayon arxivində yoxlanması zamanı 1971, 1973, 1997-ci illərin iş stajı qaralama və düzəlişlərlə yazıldığından düzgünlüyü təsdiq edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən staj və şəxsi hesab kitablarından iddiaçıya aid hissələrin təsdiqlənmiş surətləri tələb edilmiş və həmin illərə dair qeydlər nəzərdən keçirilmiş və cavabdehin etirazında qeyd etdiyi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaşı 10.04.2019-cu il tarixdə tamam olmuşdur. 10.04.2019-cu il tarixə iddiaçının tələbində qeyd olunan yerlərdə işlədiyi və hərbi xidmətdə olduğu illər daxil olmaqla 25 il 4 ay 26 gün sosial sığorta stajı olduğundan və həmin tarixdən yaşa görə əmək pensiyası hüququ yarandığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehin üzərinə iddiaçının 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, 10.02.1981-ci il tarixdən 06.12.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, 23.04.1984-cü ildən 29.12.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və 10.04.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin üzərinə İddiaçı 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, 10.02.1981-ci il tarixdən 06.12.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, 23.04.1984-cü ildən 29.12.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və 10.04.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar