Məhkəmə qərarları › İş №2-1(116)-1760/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1760/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1760/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşıməhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinası qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli cavab məktubu rədd edilsin və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1975-ci il tarixdə Ucar rayonu Lək kəndində anadan olmuşdur. Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissəyə aparılmışdır. Həmin hərbi hissənin tərkibində Azərbaycan Respubliaksının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1997-ci il tarixdə hərbi hissədən qanunu qaydada təxris edilmişdir. Bütün bunlar hərbi biletində qeyd edilib Arxiv arayışında göstərilmişdir. Barəsində heç bir cinayət işinin olmaması barədə Hərbi prokurorluğunun məktubu var. Vətən torpaqlarının azadlığı gedən döyüşlərdə iştirak etsə də ona veteran adı verilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilib ki, Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız ərizənizə cavab olaraq bildirik ki. 19.06,2020-ci ıl tarixli arayışına əsasən döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş zonasında yerləşən hərbi hissəyə ezamiyyətiniz olmadığına görə Sizə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək dövüs əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-6732 nömrəli arxiv arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 17 №-li əmrilə (əsas: səh.89 §1) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Ucar RHK-na göndərilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N və N №-li hərbi hissələrin xx.xx.1994-cü il tarixədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı tələbini “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinası qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli cavab məktubu rədd edilsin və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə etsə də, məhkəmə tərəfindən iddiaçının nail olmaq istədiyi hüquqi nəticə nəzərə alınaraq cavabdeh orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə... orqanları, ... tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən – xx.xx.1997-ci il tarixədək N və N №-li hərbi hissələrdə xidmət edərək tərxis olunmuşdur. İstinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçıya “Müharibə veteranı” adının verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, habelə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməlidir. İddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması da müəyyən olumur. İstinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçının 10 may 1994-cü il tarixindən sonra iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması faktı da müəyyən edilmir. İddiaçının hərbi biletində döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı icra edilmiş qeydə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən Əsasnamənin tələbinə görə hərbi biletlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda iddiaçını döyüş əməliyyatlarında iştirak etmə barədə sübut kimi qəbul edilə bilər. Hazırkı işdə isə iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da, iddiaçının hərbi biletində qeyd edilmiş məlumatlara dair hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının əldə edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən şərtlər iddiaçıya münasibətdə sübuta yetirilmədiyindən cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar