Məhkəmə qərarları › İş №2-1(116)-1761/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1761/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1761/2024 07.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, xx.xx.1958-ci ildə Ağdaş rayonu, Korarx kəndində anadan olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur (2 il 14 gün). xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SU-33 Tikinti İdarəsndə işləmişdir (1 il 5 ay 17 gün). xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağdaş Təmir Tikinti sahəsində sürücü işləmişdir (15 il 6 ay 21 gün). xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" şirkətində işləmişdir. 2006-cı ilə qədər iş stajı 24 il 5 aydır. Yaşa görə əmək pensiya yaşı yəni, 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. 2019-2023-cü illərdə fərdi hesabında 2 il 9 ay sosial sığorta stajı var. Yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin ona əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hesab edir ki, bu qanunsuz qərardır. Çünki, onun sosial sığorta stajı 25 ildən çoxdur və onu təsdiq edən əmək kitabçası vardır. İmtina məktubunda bildirilir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək haqqı almasını təsdiq edən sənədləri və əmrdən çıxarışları təqdim etdikdən sonra həmin dövrün sosial sığorta daxil edilməsinə baxıla bilər. Həmin müəssisə hal-hazırda yoxdur və o, arxiv sənədlərinin harada saxlanıldığını bilmir. Eyni zamanda xx.xx.1997-ci il tarixdən "xxxx" Şirkətində işlədiyi dövr də, sosial sığorta stajına daxil edilməmişdir. Həmin müəssisədən də əmək haqqı və əmrlər tələb olunur. "xxxx" şirkəti həmin dövrlərdə vergi və dsmf orqanlarında qeydiyyatda olmuşdur. Normal müəssisə olmuşdur. Şirkətin rəhbəri və qurucusu vəfat etdikdən sonra arxiv sənədlərinin harada saxlanıldığı məlum deyil. İmtina məktubunda qeyd olunan səbəblər onun pensiya hüququnu məhdudlaşdıra bilməz. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina vermək üçün onun həmin müəssislərdə işləmədiyini sübuta yetirməmişdir. Bu gün arxiv sənədlərinin tapılmaması iddiaçının günahı deyildir. Əmək kitabçası şübhə doğurursa ekspertizaya da göndərilə bilər. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mərkəzi filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 3- 17-1/2-İ-5383/2024 nömrəli məktub ünvanlanmışdır. Bundan sonra iddiaçı Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanuna uyğun olmuşdur. • işin faktiki halları: İddiaçı xx.xx.2023-cü il tarixdən yəni, 65 yaşı tamam olan tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Belə ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olduğu üçün ona pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilərkən xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 3 il 6 ay 1 gün sığorta stajına uyğun olaraq 3244,13 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 1812,57 manat olmaqla ümumilikdə 5056,70 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasına baxış keçirilərkən 7-ci səhifədə qaralama olduğu aşkar görünür. Belə ki əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı məlumatlar qeyd edilmişdir, İddiaçı xx.xx.1997-xx.xx.2003cü il tarixlərdə "xxxx" şirkətində işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının işə giriş və çıxışı ilə bağlı məlumatlar səhv qeyd edilmişdir ki, bu da sözügedən əmək kitabçasının sonradan doldurulmuş olması ehtimalını artırır. İddiaçı mübahisələndirilməyən sığorta stajı 6 il, 1 gün təşkil edir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 87-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1, 7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiqlənmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1, 3.1, 3.2-ci bəndlərinə istinad edərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Dövlət Vergi Xidməti 9 saylı Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, НЗ ******* nömrəli hərbi biletin surəti, ИT-İ № 0773196-li əmək kitabçası, xx.xx.2024-cü il tarixli iddiaçıya məxsus fərdi şəxsi hesabı haqqında çıxarış, Ağdaş rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan digər şəxslərə dair pensiya işlərinin təsdiq edilmiş surətləri. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). İddiaçının mübahisələndirilməyən sığorta stajı 6 il, 3 ay, 1 günə bərabərdir. Cavabdeh orqan iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan sığorta stajını əmək kitabçasının doldurulma qaydasının pozulması əsası ilə (işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) qəbul etmir. Eyni zamanda cavabdeh orqan əmək kitabçasının 7-ci səhifəsində qaralama olmasını, əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı məlumatların qeyd edilməsinə istinad edərək iddiaçının xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə "xxxx" şirkətində işlədiyi müddəti də, mübahisələndirir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci il tarixdə Ağdaş təmir tikinti sahəsinə sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə idarənin özəlləşdirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 25 dekabr 1991-ci il tarixində artıq "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 34 nömrəli Qərarı qəbul olunmuşdur. Bu baxımdan, 1992-1993-cü illərdə yazılarında latın qrafikası ilə yazılara təcrübədə rast gəlinməsi qanunazidd və zamana münasibətdə belə yazılara rast gəlinməsi heyrət doğura və mümkünsüz hesab oluna bilməz...Həmçinin müvafiq qeydlərin idarədə onu yazan kadrlar şöbəsinin əməkdaşının dil və əlyazma vərdişlərindən irəli gələn subyektiv xətanın nəticəsi olması da istisna edilmir. Ən azından, əmək kitabçasının qeydlərində iddiaçının sözügedən müəssisədə işə qəbul tarixi, vəzifəsi və işə daxil olma və işdən çıxma tarixlərini əks etdirən əmrin tarixi və nömrəsi mövcuddur və bütün bu yazılar qaralamalara yol verilmədən təsbit olunmuş və müəssisənin “Kiril” əlifbasına malik dairəvi möhürü ilə təsdiq olunmuşdur (oxşar hallara dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-862/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mövcudur). “Əmək kitabçasının 7-ci səhifəsində qaralama olması, əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı qeydin icrasının sözügedən əmək kitabçasının sonradan doldurulmuş olması ehtimalını yaratması” ilə bağlı cavabdehin etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu zaman əmək kitabçasının sonradan doldurulub-doldurulmaması deyil, düzgün doldurulubdoldurulmaması araşdırılmalı olan mühüm haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi əmək kitabçasında yol verilən xətalar formal ola bilər, o cümlədən onu yazan kadrlar şöbəsinin əməkdaşının əlyazma vərdişlərindən irəli gələn subyektiv xətanın nəticəsi kimi də ortaya çıxa bilər. Odur ki, cavabdeh orqan sözügedən müəssisənin faktiki olaraq mövcud olubolmamasını, həmin müəssisədə çalışmış digər şəxslərə münasibətdə pensiya təyinatı aparılan zaman hansı qaydada davranmasını araşdırmalı, əmək kitabçasında mövcud olan həmin xətalara istinad edərkən iddiaçının sözügedən müəssisədə işləyib işləməməsini işin digər halları ilə kompleks yoxlamaqla icra edilən qeydlərin mötəbərliyinə hüquqi qiymət verməlidir. Hazırkı işdə isə isə cavabdeh orqan iddiaçının həmin müəssisədə işləməməsinə dair konkret sübutlara malik olmadan və əmək kitabçasının mötəbərliyinə yaranmış şübhənin yuxarıda qeyd edilmiş qaydada araşdırılmasını təmin etmədən sözügedən dövrün sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. İş materiallarında olan ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı, xx.xx.1997-ci ildə "xxxx" şirkətində işə qəbul edilmiş və xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir (İşdən azad edilmənin əsası "xxxx" şirkətinin fəaliyyətinin olmaması ilə bağlıdır). İş materiallarında olan Ağdaş rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə "xxxx" şirkətinin xx.xx.1996-cı il tarixdə qeydiyyata alınması müəyyən olunur. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" şirkəti ********* nömrəli VÖEN-lə xx.xx.1999-cu il tarixdə qeydiyyatda olmuş, 2004-cü il tarixdən 10 rəqəmli VÖEN-lə keçid ilə əlaqədar yenidən müraciət etməmiş və hal-hazırkı dövrə qədər vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Beləliklə yuxarıda qeyd edilən məlumatlar əsasında "xxxx" şirkətinin 1997-2003-cü illər ərzində real olaraq mövcud olması və fəaliyyət göstərməsi müəyyən edilir. İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçı, "xxxx" şirkətində 2003-cü ilədək X8, X11, X14, X9, X1, X6 və X2 ilə birgə işlədiyini bildirmişdir. Məhkəmə tərəfindən adları sadalanan şəxslərdən əmək pensiyası təyin edilmiş subyektlərə dair pensiya işləri cavabdeh orqandan götürülərək tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, X7 məxsus əmək kitabçasında onun xx.xx.1997-ci ildə "xxxx" şirkətində işə qəbul edilməsi və xx.xx.2003-cü il tarixdən işdən azad edilməsi ilə bağlı qeydlər mövcuddur. Bununla belə sözügedən əmək kitabçasında da, əvvəlcə xx.xx.2003cü il tarixli işdən çıxma barədə qeyd icra edilmiş, daha sonra isə üzərindən çarpaz xətt çəkilərək növbəti qeyddə iddiaçının xx.xx.1997-ci il tarixdə işə qəbul edilməsi, daha sonra isə xx.xx.2003-cü il tarixdən işdən azad edilməsi göstərilmişdir. Cavabdeh orqan Möhlüd Əliyevə yaşa görə əmək pensiyası təyin edərkən hazırda iddiaçıya münasibətdə mübahisələndirdiyi sosial sığorta stajı dövrünü xx.xx.2006-cı il tarixədək mövcud olmuş 30 il 8 ay sosial sığorta stajının tərkib hissəsi olaraq qəbul etmiş və mübahisələndirməmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun işdən çıxma əmrinin tarixi xx.xx.2003-cü il qeyd edilmiş və müvafiq qeydi imzalayan şəxs – "xxxx" şirkətinin direktoru – C.A.Çələbiyev göstərilmişdir. X3 məxsus pensiya işi cavabdeh orqandan götürülərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, xx.xx.1997-ci il tarixdə Ağdaş TTS-nin özəlləşməsi ilə əlaqədar "xxxx" şirkətinə direktor təyin edilmiş, xx.xx.2003-cü il tarixdən yaşa görə əmək pensiyasına çıxdığı üçün direktor vəzifəsindən azad edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi Ağdaş təmir tikinti sahəsi xx.xx.1997-ci il tarixdə özəlləşdikdən sonra "xxxx" şirkəti yaranmış və faktiki olaraq müəssisənin direktoruna pensiya təyin edilərkən sözügedən müddət sosial sığorta stajı kimi qəbul edilərək mübahisələndirilməmişdir. X4 məxsus pensiya işində olan sənədlərdə xx.xx.2003-cü il tarixli işdən çıxma barədə qeydlə xx.xx.1997-ci il tarixdə işə qəbul edilmə ilə bağlı qeydin icra edilməsində ardıcıllıq gözlənilmişdir. İşə qəbul edilmə və işdən azad edilmə barədə qeydlərdə əmrlərin tarixi və nömrələri iddiaçıya məxsus əmək kitabçası ilə eynidir. İddiaçının Ağdaş təmir tikinti sahəsində işlədiyi dövrlə analoji müddətdə həmin müəssisədə əmək fəaliyyəti olmuş X12 münasibətdə cavabdeh orqan işdən çıxma əmrinin kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edilməsini mübahisələndirməmiş və pensiya təyinatını aparmışdır. Məhkəmə yuxarıda sadalanan şəxslərə məxsus pensiya işlərinin təhlilindən o nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.1997-ci il tarixli qeydə münasibətdə X7 məxsus əmək kitabçasındakı qeydlə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin eyni şəxs tərəfindən latın qrafikalı əlifba ilə yazılması, X4 məxsus ardıcıllığın gözlənildiyi əmək kitabçasında isə həmin qeydin kiril əlifbası ilə yazılması, həmçinin 1997-ci ildə 2003-cü illə bağlı qeydin icrasının mümkünsüzlüyü nəzərə alınmaqla hər bir halda iddiaçıya məxsus əmək kitabçasının sonradan doldurulması şübhəsizdir. Bununla belə sonradan doldurulmuş əmək kitabçasına daxil edilmiş qeydlərin mötəbərliyi müvafiq qeydlərin icra edilməsi zamanı ardıcıllığın pozulması əsası ilə şübhə altına alına bilməz. Qeyd olunan hal sözügedən dövr üçün iddiaçının əmək stajının mövcudluğunu tamamilə inkar etmək üçün kifayət deyil. Belə ki, ardıcıllığın gözləniləcəyi halda cavabdeh orqan iddiaçının sözügedən sosial sığorta stajını ümumiyyətlə mübahisələndirməyəcəkdi. Cavabdeh orqanın hazırkı mübahisəyə yanaşması əmək kitabçasının sonradan doldurulmaqla saxtalaşdırılmasına işarə edir. Lakin, yuxarıda qeyd edildiyi kimi bu həm də, müvafiq qeydləri icra edən şəxsin əlyazma vərdişlərindən irəli gələn subyektiv xətadan da, qaynaqlana bilər. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Odur ki, cavabdeh orqanın eyni növ texniki səhvlərin olduğu digər şəxsə məxsus əmək kitabçasına əsasən pensiya təyin etməsi iddiaçıya münasibətdə isə fərqli yanaşmasının olması bərabərlik prinsipinin pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasındakı xətaların onun təqsiri nəticəsində yaranması da, icraat materialları ilə sübut olunmur. Beləliklə cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 6 il, 3 ay, 1 gün (xx.xx.2006-cı il tarixədək 3 il, 6 ay, 1 gün, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək 2 il, 9 ay) müddətin üzərinə əsassız olaraq mübahisələndirilən xx.xx.1982-xx.xx.1997 (15 il, 6 ay, 21 gün) və xx.xx.1997-xx.xx.2003-cü illər üzrə (6 il, 4 ay, 28 gün) sosial sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajı 28 il, 2 ay, 20 günə bərabər lour ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar