Məhkəmə qərarları › İş №2-1(116)-1764/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1764/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1764/2022 28.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi Hacı-X1, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Xələftala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X10 və X6 adına verilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Xarabtala kəndi ərazisindəki özlərinə məxsus ərazidə yerləşən 0.29 ha torpaq X10 və X6 adına verilmiş JN026F saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi və həmin torpağa dair mülkiyyət hüququ tanınmaqla və torpağa mülkiyyət hüququna dair Dövlət aktının verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar, iddia ərizəsini dəqiqləşdirərək JN-026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-91/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-91/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-208/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-91/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçılar növbəti dəfə tələblərini dəqiqləşdirərək “Qax rayonu Xarabtala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X10 və X6 adına verilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1764/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin “X10 və X6 adına verilmiş JN026F nömrəli şəhadətnamədə qeyd edilmiş 0.29 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddianın əsaslarına görə, iddiaçıların Qax rayonunun Xarabtala kəndində 0,29 ha pay torpağı vardır. Həmin torpaq sahəsi iddiaçılara 1996-cı ildə bələdiyyə qərarı ilə verilmişdir. Torpaq sahəsinə dair iddiaçılarda yalnız bələdiyyə tərəfindən verilən sənədlər vardır və iddiaçılar həmin torpaq sahəsini uzun müddətdir ki, istifadə edirlər. İddiaçılar hesab edir ki, onlara məxsus torpaq sahəsinə dair X10 və X7 adına tərtib olunmuş JN- 026F nömrəli şəhadətnamə əsassızdır və ləğv edilməlidir. JN-026F KOD 40309088 saylı şəhadətnamə onların sahibliyində və istifadəsində olan torpaq sahəsinə tərtib edilib. İş üzrə üçüncü şəxslər şəhadətnaməni kökü olmayan saxta sənədlər əsasında almış bu səbəbdən də həmin şəhadətnamədə koordinatlar düzgün qeyd edilməmişdir. Belə ki, DƏDRX-in 12 saylı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********25 saylı məktubunda da İdarənin arxiv məlumatlarında onların adları qeyd olunan və 0,29 ha torpaq sahəsinə verilən JN-026F KOD 40309088 şəhadətnamənin mövcudluğu göstərilsə də, həmin şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlərin mövcud olmadığı bildirilir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********25 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında X10 və X6 adları qeyd olunan JN-026F, KOD 40309088 (0.29ha) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Sözügedən şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlər mövcud deyildir. İddiaçı1 JN-026F, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin öz adına işlənməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından sözügedən torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınması mümkün olmamışdır. X10 və X11 iddia tələbinə dair vəsatətində qeyd etmişlər ki, iddiaçılar sözügedən torpaq sahəsinin onlara Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verildiyini nəzərə almamışlar. Onlar hesab edirlər ki, AİK-in müvafiq qərarı ləğv edilmədiyi halda onların adına verilmiş hüquqmüəyyənedici sənəd ləvğ edilə bilməz. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirərək idda ərizəsinin mümkünsüz sayılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkünsüz sayılmasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ş.Rustaveli adına kolxozun AİK-nın xx.xx.2000-ci il tarixli 3 saylı protokolundan görünür ki, Ş.Rustaveli adına kolxoz üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısı təsdiq edilmiş, 5 №-li püşk üzrə baş sxem üzrə П hissədə Qımırlı kəndinə bitişik olan Xələftala kəndi ərazisindən 72, 84, 69, 65a və 67 №-li konturlar üzrə şimaldan cənuba doğru olmaqla bölgünün aparılması qərara alınmışdır. - Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarından görünür ki, Ş.Rustaveli adına kolxozun AİK-nın xx.xx.2000-ci il tarixli 3 saylı protokolu və Qaxingiloy kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. - kod 40309088, JN-026F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.29 ha torpaq sahəsi X10 və X2 mülkiyyətinə verilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş X12 və İddiaçı2barəsində tərtib edilmiş subyektlər siyahısından (DBF) görünür ki, ayrılmış torpaq sahəsi olaraq 0.30 ha qeyd edilmişdir. - kod 40309088, JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi X12 və İddiaçı2 mülkiyyətinə verilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş iddiaçılar barəsində tərtib edilmiş subyektlər siyahısından (DBF) görünür ki, ayrılmış torpaq sahəsi olaraq 0.12 ha qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu Xələftala kəndində yerləşən əkin torpaq sahələrinə aid İddiaçı1, İddiaçı2, X3, X4 subyektlər siyahısından çıxarış aşkar edilməmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 2041 nömrəli Qax rayonu Qaxingiloy kənd ƏİN-nin Xələftala kəndi üzrə təsərrüfatbaşına kitabdan 1996-2000-ci illər üzrə çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 təsərrüfatının xüsusi mülkiyyətində olan torpaq sahəsi 0.12 ha qeyd edilmişdir. - DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1764/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin “X10 və X6 adına verilmiş JN026F nömrəli şəhadətnamədə qeyd edilmiş 0.29 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmadığından, iddia tələbinin “Qax rayonu Xarabtala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X10 və X6 adına verilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi” ilə bağlı hissəsi məhkəmə araşdırmasının predmetini təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-208/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-91/2022 nömrəli qərardadı ləğv edilərkən hüquqi mövqe aşağıdakı kimi əsaslandırılmışdır: - “İddiaçılar inzibati orqanın hərəkətlərindən şikayət edərək, JN-026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişlər...yəni iddia tələbi cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsinin bir hissəsinin üçüncü şəxslər X10 və X8 məxsus olan JN-026F kod 40309088 nömrəli şəhadətnaməyə işlənməsi və həmin şəhadətnamənin onlara məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsindən ibarət olmuşdur. ... birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsi ilə üçüncü şəxslər X9 və X8 məxsus torpaq sahəsinin üst-üstə düşübdüşməməsini, əgər üst-üstə düşürsə hansı hissələrdə düşməsi, torpaq sahələrinin harada yerləşməsini araşdırmalı idi”. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçılar JN026F nömrəli şəhadətnamənin özlərinə məxsus torpaq sahəsinə tərtib edildiyini bildirir və buna görə də həmin şəhadətnamənin ləğvini tələb edirlər. Buna baxmayaraq özlərinə məxsus olduğunu iddia etdikləri torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin onlara ayrılmasını, təhkim edilməsini təsdiq edən ilkin yerquruluşu sənədi təqdim edə bilmirlər. İş materiallarından göründüyü kimi JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən başqa iddiaçıların mülkiyyətinə hər hansı torpaq sahəsi verilməmişdir. Sözügedən Şəhadətnamədə isə iddiaçıların adına Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi ayrılması öz əksini tapmışdır. İddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinə dair hər hansı sənədləri olmadığından, Şəki Apellyasiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, mübahisələndirilən JN-026F kod 40309088 nömrəli şəhadətnamənin iddiaçılara məxsus, JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşüb-düşməməsinin öyrənilməsi məqsədilə cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan tərəfindən mütəxəssis rəyinin verilməsi üçün smeta xərci tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən mütəxəssis rəyinin əldə edilməsi üçün smeta xərcinin ödənilməsi iddiaçılara təklif edilmişdir. İddiaçılar həmin xərcin ödənilməsindən imtina edərək bildirmişlər ki, JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə JN-016F saylı Şəhadətnamə üst-üstə düşə bilməz. JN-016F saylı Şəhadətnamə qeyd olunmuş torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. JN-026F kod 40309088 nömrəli şəhadətnamə pay torpaqları kateqoriyasına aid sahədən tərtib edilib və həmin torpaq sahəsi onların sahibliyində və istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşür. Odur ki, JN-026F kod 40309088 nömrəli şəhadətnamənin özlərinin sahibliyində və istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı mütəxəssis qarşısında suaların qoyulmasını xahiş etmişlər. İddiaçıların sahibliyində və istifadələrində olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri olmadığından və cavabdeh orqanın təqdim etdiyi məlumatlara əsasən Qax rayonu Xələftala kəndində yerləşən əkin torpaq sahələrinə aid subyektlər siyahısı ilə iddiaçılara torpaq sahəsinin ayrılması müəyyən edilmədiyindən, JN- 026F kod 40309088 nömrəli şəhadətnamənin iddiaçıların faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi yoxlanılmamışdır. Belə ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsindən iddiaçıların faktiki istifadə və sahiblik etməsi onlar tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir və bu zaman hər hansı üst-üstə düşmədən söhbət gedə bilməz. Digər tərəfdən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-208/2022 nömrəli qərardadında birinci instansiya məhkəməsinin araşdırmalı olduğu halla bağlı qeyd edilən məsələ iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsi ilə üçüncü şəxslər X9 və X8 məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, əgər üst-üstə düşürsə hansı hissələrdə düşməsinin aydınlaşdırılmasından ibarətdir ki, sözügedən torpaq sahəsinin iddiaçılara məxsus olmasına dair yuxarıda qeyd edildiyi kimi hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, mövcud olan JN-016F saylı Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin isə tamamilə başqa ərazidə yerləşməklə JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə üst-üstə düşməməsini iddiaçılar özləri də etiraf edirlər. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən şəhadətnamənin ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçılar həmin şəhadətnamənin ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, JN-026F kod 40309088 nömrəli şəhadətnamənin ləğvi üçün əsaslar olmadığından, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Xələftala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X10 və X6 adına verilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar