Məhkəmə qərarları › İş №2-1(116)-1765/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1765/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1765/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X9, cavabdeh orqanın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 12 saylı ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki şəhər İcra Hakimiyyəti qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli 5-7/2-1/1747-2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsi ünvanında yerləşən qeyriyaşayış obyektinə qeyri yaşayış obyektinin istismarına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)- 1577/2024 nömrə ilə qeydə alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 12 saylı Şəki Ərazi İdarəsini göstərmiş, cavabdeh orqanın üzərinə “Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi dəqiqləşdirərək sözügedən daşınmaz əmlak obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006cı il tarixli 1/226 saylı sərəncamı ilə X3 Şəki şəhər S.Mümtaz küçəsinin qərbində yerləşən, onun daimi istifadəsində olan 400 kv.m torpaq sahəsinin arxasında bitişik 540 kv.m torpaq sahəsi 20 il müddətinə icarə qaydasında istifadəyə verilmişdir. Bu sərəncam ilə istifadəsində olan 100 kv.m və 940 kv.m torpaq sahələrində şəhərin baş memarı tərəfindən layihə-smeta sənədləri təsdiq edildikdən sonra tikinti işlərini davam etdirməyə icazə verilmişdir. Eyni zamanda tikinti işləri başa çatdıqdan sonra tikililərin onun adına rəsmiləşdirilməsi, 540 kv.m torpaq sahəsinin X2 icarəsinə verilməsi barədə qanunamüvafıq qaydada icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin torpaq sahəsi naturada X3 təhvil verilmiş və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi yerləşən ərazinin sxematik planı tərtib edilərək təsdiq edilmişdir. X7 tərəfindən burada inşa ediləcək mağazanın eskiz lahiyəsı tərtib edilmiş, eskiz layihə Şəki şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən təsdiq edildikdən sonra X7 tərəfindən həmin eskiz layihəyə uyğun tikinti işlərinə başlanılmışdır. xx.xx.2007-ci il tarixində Şəki şəhər,S.Mümtaz küçəsinin qərbində ayrılmış 100 kv.m torpaq sahəsində X7 tərəfindən qeyri-yaşayış binasının tikintisinin 50 %-nin həyata keçirilməsi və binanın yarımçıq tikili olması barədə Şəki şəhər İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 2 ünvanlanmışdır. Həmin bu məktubda Şəki İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1/561 saylı və xx.xx.2006-cı il tarixli 1/226 saylı sərəncamları əsasında Şəki şəhəri. S Mümtaz küçəsinin qərbində 100 kv.m dövlət fondu torpağında X7 tərəfindən inşa edilmiş qeyriyaşayış binası olan yarımçıq tikilinin Məmmədova Pərvanənin adına dövlət qeydiyyatına alınmasına Şəki şəhər İcra Hakimiyyətinin etiraz etmədiyi qeyd edilir. Bundan sonra X1 1 saylı notariat kontorunda bağlanmış 4ə-l/222 reyestr nömrəli müqavilə ilə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasını (yarımçıq tikili - mağaza) 106.13 kv.m torpaq sahəsini iddiaçı - İddiaçı satmışdır. İddiaçı həmin qeyri qeyri-yaşayış binasını (yarımçıq tikili - mağaza) aldıqdan sonra daha öncə təsdiq edilmiş eskiz layihəyə uyğun inşasını davam etdirərək yekunlaşdırmışdır. xx.xx.2023-cü ildə həmin qeyri-yaşayış binasına X18 MMC tərəfindən memarlıq planlaşdırma həlli tərtib edilmiş və təsdiq edilmişdir. İddiaçı ona məxsus qeyri-yaşayış binasının istismarına icazə verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Şəki şəhər İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-7/2-1/1747/2023 nömrəli məktubla ilkin olaraq imtina cavabı versə də, sonradan tikinti obyektinin istismara hazır olması barədə rəy vermişdir. Lakin, hazırkı cavabdeh sözügedən daşınmaz əmlak obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Buna görə də, inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının 06 may 1993-cü il tarixli 1/561 saylı qərarı əsasında Şəki şəhər sakini X3 mağaza tikintisi üçün verilmiş 0,05 hektar torpaqdan daimi istifadə hüququ haqqında JN-1624 nömrəli 40401002 kodlu dövlət aktı, X3 mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi yerləşən ərazinin sxematik planı (şəhərin baş memarı tərəfindən imza və möhürlə təsdiqlənsə də, ləğv edilmiş DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən təsdiqlənməyib), X2 inşa etdiyi mağazanın eskiz layihəsi (1-ci səhifə baş memar tərəfindən imza və möhürlə təsdiqlənsə də, digər səhifələr təsdiqlənməyib), Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1/561 saylı və xx.xx.2006-cı il tarixli 1/226 saylı sərəncamları əsasında Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərbində 100 kv.metr dövlət fondu torpağında Şəki şəhər sakini X7 tərəfindən inşa edilmiş qeyri-yaşayış binası olan yarımçıq tikilinin X2 adına dövlət qeydiyyatına alınmasına Şəki şəhər İcra Hakimiyyətinin etiraz etməməsi barədə Tikinti və memarlıq şöbəsinin müdiri - baş memar Y.Abdurahmanov tərəfindən imzalanmış 28 avqust 2007-ci il tarixli 380/17 nömrəli və başçının birinci müavini H.Y.Həsənov tərəfindən imzalanmış 28 avqust 2007-ci il tarixli 380/18 nömrəli məktublar, ünvan 5 ünvanında yerləşən yarımçıq tikiliyə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 106,3 kv.metr qeyri-yaşayış binasının (mağaza) /yarımçıq tikili/ İddiaçı satılması barədə Şəki 1 saylı dövlət notariat kontorunda bağlanmış 14 noyabr 2007-ci il tarixli 4ə-l/222 reyestr nömrəli alqı-satqı müqaviləsi ərizəyə əlavə edilsə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsi ilə müəyyən edilmiş əsas - tikintisi başa çatmış obyektin müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul aktı təqdim edilmədiyindən, sözügedən torpaq sahəsinin və üzərindəki tikilinin bir hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən 110 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən ərizəçiyə 22 aprel 2024-cü il tarixli 3-21-3-39/1-M-0079-8/2024 №-li imtina məktubu verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Bundan əlavə, qeyd olunmalıdır ki, “Azərdövləttikintikom”un 30 dekabr 1999-cu il tarixli 7 №li qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Tikinti Normalarının “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (AzDTN 1.6-1) 6.4-cü bəndinin “v” yarımbəndində göstərilmişdir ki, şəxsi vəsait hesabına tikilən sosial-məişət obyektləri yerli icra hakimiyyətinin, bələdiyyənin təyin etdiyi dövlət qəbul komissiyası istismara qəbul edir. Həmin Qaydaların 6.8-ci bəndinə əsasən dövlət qəbul və qəbul komissiyalarına yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıqtikinti nəzarəti orqan və xidmətlərinin, X8 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın 6.12-ci bəndində isə göstərilmişdir ki, dövlət qəbul və qəbul komissiyaları görülən işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqda qərar qəbul edirlər. Dövlət qəbul və qəbul komissiyalarının qərarları akt kimi, bu Qaydaların əlavə 5 və 6-da verilmiş formada, 4 nüsxədən ibarət tərtib və təsdiq edilir. Lakin, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış obyekti Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na (AzDTN 1.6-1) uyğun olaraq dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Habelə müayinə zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin qərbində gərginliyi 110 kV olan elektrik şəbəkəsinin olduğu aşkar olunmuşdur. Bu səbəbdən tikilinin 76,1 kv.metr hissəsi həmin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf’nın 5-ci bəndinin “a” yarımbəndinə əsasən xətlərin gərginliyi 110 kV olan elektrik şəbəkələrinin mühafizə zonaları hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/225 nömrəli Sərəncamı, xx.xx.2007-ci il tarixli 7e- 6/4TOT nömrəli X7 ilə İddiaçı arasında bağlanan alqı-satqı müqaviləsi, Torpaqdan daimi istifadə hüququna dair JN 1624 nömrəli Dövlət Aktı, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyi Şəki filialının xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-26-5/2023 nömrəli məktubu, qeyri yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 00333 nömrəli 27 oktyabr 2023-cü il tarixli Rəy, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi, Şəki şəhər İcra hakimiyyəti Başçısının aparatının xx.xx.2007-ci il tarixli məktubu, Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin xx.xx.2023-cü il tarixli rəyi, Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X10 Agentliyinin 22.09.203-cü il tarixli rəyi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023-cü il tarixli rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə qarşı əsas dəlilləri tikintisi başa çatmış obyektin müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul aktının təqdim edilməməsi, sözügedən torpaq sahəsinin və üzərindəki tikilinin bir hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən 110 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlıdır. İş materiallarında olan, Şəki şəhər İcra hakimiyyəti Başçısının aparatının xx.xx.2007-ci il tarixli məktubu ilə müəyyən olunur ki, iddia olunan qeyri-yaşayış binasının 50 faizi 2007-ci ildə tikilmişdir. Qeyri yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 00333 nömrəli Rəy 27 oktyabr 2023-cü il tarixdə verildiyindən məhkəmənin hesab edir ki, yarımçıq tikilinin inşası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra başa çatmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarında olan, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/225 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Şəki şəhəri S.Mümtaz küçəsinin qərbində X2 daimi istifadəsində olan 400 kv.m torpaq sahəsinin arxasında bitişik 540 kv.m torpaq sahəsi 20 il müddətinə icarə qaydasında onun istifadəsinə verilsin. Bu sərəncam ilə istifadəsində olan 100 kv.m və 940 kv.m torpaq sahələrində şəhərin baş memarı tərəfindən layihə-smeta sənədləri təsdiq edildikdən sonra tikinti işlərini davam etdirməyə icazə verilsin. Eyni zamanda tikinti işləri başa çatdıqdan sonra tikililərin onun adına rəsmiləşdirilməsi, 540 kv.m torpaq sahəsinin X7 ilə onun icarəsinə verilməsi barədə qanunamüvafıq qaydada icarə müqaviləsi bağlansın. Göründüyü kimi iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi X2 istifadəsinə verilmişdir. Daha sonra torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə başlanmış və Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 1934 №-li arayışına və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışa əsasən yarımçıq tikili olaraq xx.xx.2007-ci il tarixdə iddiaçıya satılmışdır. Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri) Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. .... Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Şəki şəhər İcra hakimiyyəti Başçısının aparatının xx.xx.2007-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Şəki şəhəri S.Mümtaz küçəsinin qərbində 100 kvm dövlət fondu torpağında Şəki şəhər sakini X7 tərəfindən inşa edilmiş qeyri-yaşayış binası olan yarımçıq tikilinin P.Məmmədovanın adına dövlət qeydiyyatına alınmasına Şəki Şəhər İcra Hakimiyyəti etiraz etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddia olunan qeyri-yaşayış binası X7 tərəfindən iddiaçıya satıldığından həmin tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə istifadə hüququ da, iddiaçıya ötürülmüşdür. Həmçinin Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/225 nömrəli Sərəncamında şəhərin baş memarı tərəfindən layihə-smeta sənədləri təsdiq edildikdən sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. İş materiallarında olan eskiz layihədən görünür ki, sözügedən tikilinin layihəsi Şəki şəhər İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri - baş memar tərəfindən təsdiq edilmişdir. İddia olunan tikiliyə dair tələb olunan – “tikinti obyektinin istismarına icazə sənədi”nə (istismara qəbul aktının) münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında qeyriyaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə Şəhərin baş memarının möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 00333 №-li rəy mövcuddur. Həmin rəyin məzmununda tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyinə, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin rəyinə, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X10 Agentliyinin rəyinə və mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəylərə istinad olunmuş və qeyri-yaşayiş təyinatlı tikinti obyektinin istismara yararlı olduğu təsdiq edilmişdir. Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində inşa olunmuş İddiaçı məxsus və hazırda mövcud olan qeyri-yaşayış obyektində keçirilmiş yanğın-texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsi, eləcə də təxliyə yollan yanğın təhlükəsizliyi üzrə normativ tələblərə uyğundur. Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X10 Agentliyinin 22.09.203-cü il tarixli rəyində qeyd edilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 06.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndinə və Fərmanın icrası barədə Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli. 087 nömrəli əmrinin 3-cu bəndinə əsasən aparılmış müayinələr zamanı bu obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli qeyri-yaşayış binasının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 07 iyul 2023-cü il tarixli, 034 saylı Əmrinə uyğun olaraq yoxlanılmış və qeyriyaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlılığının təmin olunduğu qəbul edilə bilər. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi”-nin mahiyyəti də, mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunun təsdiq edilməsindən ibarətdir. Yəni, “tikinti obyektinin istismarına icazə sənədi” ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X6 iddia olunan “tikilinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə” qərarı məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Belə ki, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan - tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də, məhz həmin halın təsdiq edilməsidir. İddiaçı, tikinti obyektinin möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X6 rəyini təqdim etdiyindən, o, qanunvericilikdə tələb olunan müvafiq sənədi təqdim etmiş hesab olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan qeyri-yaşayış sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi” ilə bağlı şərt də yerinə yetirilmişdir. İddia olunan qeyri-yaşayış binasının 110 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyi Şəki filialının xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-26-5/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən, sizə məxsus obyektin qərb hissəsindən (binaya paralel) iki dövrəli 110 kV-luq İ və İİ Kombinat hava elektrik ötürücü xətti (bundan sonra - HX) keçir və bu xəttin mülkiyyətçisi enerji təchizatı müəssisəsidir. Həmin HX-nin kənar naqilinin meyl etməmiş vəziyyətində şaquli müstəvi ilə məhdudlaşan torpaq sahəsi və hava fəzası ilə sözügedən obyektin yaxın divarı arasındakı məsafə 12,50 metr, obyektin dam örtüyü ilə məsafə isə 12,10 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən gərginliyi 110 kV olan hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində 20 metr məsafədə hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası həmin elektrik şəbəkələrinin mühafizə zonası hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sözügedən binanın müəyyən hissəsi 110 kV-luq HX-nin mühafizə zonasında yerləşir. Lakin, Qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağan olunur. Qeyd olunan obyekt 2006-cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatdadır. Bu isə onu deməyə əsas verir ki, həmin obyektin tikintisinə enerji təchizatı müəssisəsi tərəfindən etiraz edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydasınm 2.5,14.7-ci bəndində 110 kV-luq HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafənin 4 metrdən az olmaması qeyd olunmuşdur. Məlumat üçün bildiririk ki, keçmiş SSRİ dövründən qüvvədə olmuş “Elektrik qurğularının quraşdırılması Qaydasında da həmin məsafə nəzərdə tutulmuşdur. Beləliklə, qeyd olunan obyektin 2006-cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatda olması həmin obyektin tikintisinə enerji təchizatı müəssisəsi tərəfindən etiraz edilmədiyini göstərdiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5,14.7-ci bəndində 110 kV-luq HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafənin 4 metrdən az olmaması müəyyən edildiyindən cavabdeh orqanın həmin dəlili də əsassız olmuşdur. Məhkəmə araşdırması zamanı iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqanın inzibati praktikası yoxlanılmış və təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, **********51-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 126 metr şimalda, **********50-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 116 metr şimalda, **********27-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 92 metr şimalda, **********12- 06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 75 metr şimalda yerləşir. **********50-06301 reystr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 21 metr cənubda yerləşir. Sözü gedən reyestr nömrəli qeyri yaşayış binaları iddia olunan qeyri yaşayış binası yerləşən torpaq sahəsi ilə eyni cərgədə yerləşir. Belə olan halda cavabdeh orqanın iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binaları üzərində müvafiq subyektlərin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldığı halda, iddiaçıya münasibətdə tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1435/2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 12 saylı ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar