Məhkəmə qərarları › İş №2-1(116)-177/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-177/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-177/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "50000 manat mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Balakən rayonu Şərif kəndində yaşayır. Ona məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələlər nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iyirmi milyon manat məbləğində vəsait ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə eyni məqsəd üçün 2012-ci il Dövlət büdcəsindən üç yüz milyon manat və Nazirlər Kabinetinin 24.10.2012-ci il tarixli 288s nömrəli sərəncamı ilə yüz milyon manat olmaqla, cəmi 420 milyon manat vəsait ayrılmışdır. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə 11.07.2018-ci il tarixli ərizə ilə müraciət edərək evinin qəzalı vəziyyətə düşdüyünü bildirmiş, Agentliyin 26.07.2018-ci il tarixli 37/Ş-01835 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ərizəçinin fərdi yaşayış evinin qəzalı olduğu müəyyən edilmişdir, bununla əlaqədar dövlət büdcəsindən bu məqsəd üçün vəsait ayrıldıqdan sonra müvafiq tədbir görüləcək. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət - zəlzələdən dağılan, qəzalı vəziyyətə düşən evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2018-ci il tarixli 2-1(84)-451/2018 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı aid qəzalı vəziyyətdə olan yaşayış evinin tikilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2-1(107)-568/2018 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2018-ci il tarixli 2-1(84)-451/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2018-ci il tarixli 2-1(84)-451/2018 nömrəli qərarından çıxarış icra edilməsi üçün məhkəmənin 06.02.2019-cu il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə göndərilmişdir. Bundan sonra məhkəmə tərəfindən cavabdehə bir neçə dəfə sorğular göndərilərək qərarın icrasının nəticəsi barədə məlumat tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi 22.04.2019-cu il, 06.05.2019-cu il, 19.06.2019cu il tarixli cavab məktublarında evin tikintisinin 2019-cu ilin fevral ayında başlandığını və davam etdiyini bildirmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə 31.05.2019-cu il tarixli ərizə ilə müraciət edərək, zəlzələnin baş verdiyi vaxtdan sonra ötən 7 il ərzində onun evinin tikilməməsi nəticəsində ona 50000 manat maddi və mənəvi zərər dəydiyini bildirmiş və həmin məbləğin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi 19.06.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı evi qəzalı evlər siyahısına daxil edilmiş, 2018-ci ildə tikinti işlərinə başlanmışdır və yaxın günlərdə ev tikilib İcra Hakimiyyətinə təhvil veriləcək. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "50000 manat mənəvi zərərin əvəzinin ödənilməsi" barədə hazırkı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evinin yenidən tikilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə iyirmi milyon manat vəsait ayrılmış, lakin həmin vəsait aidiyyəti olmayan istiqamətə xərclənmiş, onun evi tikilməmişdir. Ötən 7 il ərzində o, mənəvi-psixoloji sarsıntılar keçirmiş, evsizlik şəraiti onu xəstə bir insana çevirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadına əsasən, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya qarşı 05.09.2019-cu il tarixli etirazında iddianın təmin olunmamasını xahiş edərək bildirmişdir ki, iddiaçıya məxsus evin tikilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması birbaşa Fövqəladə Hallar Nazirliyindən asılı olmadığına görə tikinti işləri gecikmə ilə aparılmışdır. Bundan başqa, cavabdeh 03.03.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya məxsus evin tikintisi 2019-cu ilin aprel ayında başa çatdırılmış və təhvil verilməsi üçün sənədlər Balakən Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin 11.03.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı aid qəzalı vəziyyətdə olan yaşayış evinin tikilməsi öhdəliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin üzərinə qoyulmuşdur. - İşdə olan, cavabdehin 03.03.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisinə 2018-ci ilin sentyabr ayında başlanılmış, evin tikintisi 2019-cu ilin aprel ayında başa çatdırılmış və təhvil verilməsi üçün sənədlər Balakən Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən görünür ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə maddi ziyan dəymiş, o cümlədən İddiaçı məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Sadalanan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə ilkin olaraq iyirmi milyon manat, bundan başqa, 2012-ci il Dövlət büdcəsindən üç yüz milyon manat və Nazirlər Kabinetinin 24.10.2012-ci il tarixli 288s nömrəli sərəncamı ilə yüz milyon manat olmaqla, cəmi 420 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarın 3-cü bəndində deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarında daha sonra deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərərin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçının keçirdiyi fiziki və mənəvi sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin hazırkı işdə cavabdehin hər hansı qanunsuz hərəkətə, yaxud hərəkətsizliyə yol verməsi müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin təbii fəlakət nəticəsində vətəndaşlara dəymiş maddi ziyanı ödəmək öhdəliyi yoxdur, belə bir öhdəlik Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan vəsaitlər Azərbaycan dövlətinin öz iradəsi və təşəbbüsü ilə həm ziyan dəymiş vətəndaşlara kömək üçün, həm də sosial və infrastruktur obyektlərinin bərpası üçün ayrılmışdır. İddiaçıya məxsus evin bərpası işlərinin tamamlanması üçün əvvəlcədən hər hansı müddət təyin edilməmişdir. 2012-ci ildə qəzalı vəziyyətə düşmüş evin tikilməsinin 2019-cu ilədək ləngiməsində cavabdehin təqsirini təsdiq edən heç bir sübut yoxdur. Beləliklə, məhkəmə sadalanan hallara əsaslanaraq bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "50000 manat mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar