Məhkəmə qərarları › İş №2-1(116)-177/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-177/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-177/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı2, iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən və mütəxəssislər tərəfindən sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçının nümayəndəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən və mütəxəssislər tərəfindən sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1503/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərardadı ilə Ağdaş rayonu Kotanarx bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli planölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2012-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilmiş 0.43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb verilməsi və həmin 0.43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra Şəki İnzibati Məhkəməsinin göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondundan iddiaçıya 0.43 hektar torpaq sahəsi ayrılmış, sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış və bu barədə adına Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 677 nömrə ilə qeydiyyata alınmış seriya A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2ınz(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarı ilə iddaçı İddiaçı2 torpaq sahəsinin ayrılması qərara alınmışdır və həmin qərar aidiyyəti qaydada icra olunaraq iddiaçıya ləğv edilmiş X2 Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən AN441150 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məlum olduğu kimi məhkəmənin qərarında torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, həmin torpaq sahəsinin hansı mülkiyyət formasında ayrılması qeyd edilməmişdir. Belə olan halda məhkəmə qərarının icrasından da göründüyü kimi torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə cavabdeh orqan kiyafətlənmişdir. Həmin torpaq sahəsi cavabdeh orqan tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı ölçüsü sənədindən göründüyü kimi Ağdaş rayonu Kotanarx bələdiyyəsinin ehtiyat fonduna aid kənd təsərrüfatlı təyinatlı sahədə yerləşən əraziyə plan-ölçü sənədi tərtib edilmişdir. Lakin yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin yerləşdiyi ərazilər həm konfiqurasiya cəhətdən, həm də yerləşdiyi koordinatlarda uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsinin planı-ölçüsü sənədində qeyd olunan koordinantları elektron xəritə baza məlumatlarına daxil etdikdə həmin kəndin digər sakinlərinin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunur. Göründüyü kimi ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədində göstərilən torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid edilir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarından görünür ki, Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilməmiş 0,43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabma ayrılıb verilməsi və həmin 0,43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. - A441150 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarına əsasən İddiaçı2 4300 kv.m torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli **********31 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X1 X3”ndə mövcud olan xəritəsində JN- 61, JN-66, JN- 68, JN-246C, JN-247C, JN-248C, JN-249C və JN-250C saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları əsasında mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür, Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, (ümumi istifadədə olan ), uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu Kotanarx bələdiyyəsi. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür, İddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsi A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi A 441150 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə (əvvəlki DWJ məlumat bazasına uyğun olaraq) üst-üstə düşmür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012ci il tarixli qərarı ilə ona ayrılmış 0.43 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı məhkəmə qərarında həmin torpaq sahəsi üzərində qeydə alınmalı hüquqla bağlı hər hansı qeydin olmadığını bildirir və hesab edir ki, məhz buna görə də torpaq sahəsinə yalnız plan-ölçü sənədinin hazırlanması ilə kifayətlənmişdir. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, istinad olunan qərarda Ağdaş rayon Kotanarx kəndində aqrar islahat aparılan zaman adambaşına düşən torpaq payı 0.43 ha müəyyən edilmiş, İddiaçı2 adının texniki səhv nəticəsində pay torpaq almaq hüququ olan subyektlərin siyahısına salınmamasına hüquqi qiymət verilərək 0.43 ha pay torpaq sahəsinin Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb iddiaçıya verilməsi qərara alınmışdır. Yəni, torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə ayrılması sözügedən qərarda vurğulanmışdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı, uqodiyasının isə örüş olmasını qeyd etsə də, işdə olan A441150 №-li plan ölçü sənədinin qaiməsində də 4300 kv.m torpaq sahəsinin örüş olduğunu qeyd etmişdir. Həmçinin cavabdeh orqan qeyd edir ki, həmin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Belə olan halda müəyyən edilir ki, Kotanarx kəndi üzrə digər subyektlərə verilmiş torpaq sahələrinin də uqodiyası örüş olmuş, lakin cavabdeh orqan həmin torpaq sahələrinə Dövlət Aktı tərtib etmişdir. Cavabdeh orqanın mütəxəssis rəyinə əlavə etdiyi yerquruluşu planı ilə müəyyən olunur ki, A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi 8 mülkiyyətçiyə aid torpaq sahəsinin ərazisindən keçməklə ərazinin istifadə vəziyyətinə və torpaqların bölgüsü qaydasına uyğun deyil. Bu isə həmin plan-ölçü sənədində qeyd edilmiş koordinatların düzgün olmamasını birbaşa sübut edir. Eyni zamanda cavabdeh orqan iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin sxemini də məhkəməyə təqdim edir. Bununla belə A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun istinad olunan 818№-li Fərmanın tələbləri baxımından aradan qaldırılmasını təmin etmir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X1 X3ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A441150 nömrəli planölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar