Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-177/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri X7 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Mingəçevir şəhəri X7 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116177/2024 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Mingəçevir şəhəri X7 küçəsi 1/45 ünvanda yerləşən 165.1 kv. metr sahədən ibrət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 000847 saylı Texniki Pasportu və 013060 saylı şəhadətnaməsi əsasında iddiaçı tərəfindən özəlləşdirilmiş və 30 avqust 2021-ci ildə həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı qeyri-yaşayış sahəsini özəlləşdirdikdən sonra mağazanın altı və ətrafındakı torpaq sahəsinin alqı-satqı əsasında mülkiyyətinə verilməsi barədə Mingəçevir Bələdiyyəsinə müraciət etmişdir. O, 20 noyabr 2002-ci ildə torpaq sahəsinin satışı ilə əlaqədər ******* (bir milyon qırx yeddi min beş yüz) manat pulu Mingəçevir Bələdiyyəsinin hesabına ödəmişdirBundan sonra Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli 31/6 saylı qərarı ilə mağazanın altı və ətrafındakı 237.5 kv. metr torpaq sahəsi alqı-satqı əsasında xüsusi mülkiyyətinə verilmişdir.. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla adına çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim edilən sənədlər (surətləri) toplusu ərazi idarəsinin arxiv materiallarına istinadən ekspertiza edilərkən araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlak Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair dövlət reyestrinin nömrəsində qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət torpaqlarına aid olduğu göstərilmişdir. Dövlət mülkiyyətinə aid olan torpaq sahələrinin Bələdiyyələr tərəfindən mülkiyyətə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Buna görə də ərizənin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 31/6 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 237.5 kv.m ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-635/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Şücaət qızına Mingəçevir şəhər Bələdiyyəsinin 28 noyabr 2002- ci il tarixli, 31/6 saylı qərarı ilə ayrılmış 237.5 kv. m torpaq sahəsinin sxetnində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığır xüsusiyyətləri barədə məlumatların verilməsi mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan Mimgəçevir bələdiyyəsinin “X2 X4”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası — təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi - 165.1 kv. m hissədə dövlət mülkiyyəti, 79.6 kv. m hissəsi Mingəçevir bələdiyyəsidir.Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı Şücaət qızına Mingəçevir şəhər Bələdiyyəsinin 28 noyabr 2002- ci il tarixli, 31/6 saylı qərarı ilə ayrılmış 237.5 kv. m torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçıya ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
4. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-872/2022 saylı qərarı ilə Mingəçevir Bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli 50/3 saylı qismən, yəni Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə mülkiyyətinə verilmiş 237.5 kv. m torpaq sahəsinin 123.7 kv. m hissəsinin icarəyə verilmiş hesab olunması hissəsində ləğv edilmişdir.
5. İddiaçının təqdim etdiyi xx.xx.2002-cı il tarixli ödəniş qəbzindən görünür ki, ******* manat məbləğində torpağın dəyəri Mingəçevir Bələdiyyəsinin hesabına ödənilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış;
7. Mingəçevir şəhəri X7 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış binasının **********26-06301 reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportu.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Dövlət Əmlak Komitəsinin 012060 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Mingəçevir şəhəri X7 küçəsi 1/45 ünvanında yerləşən 165,1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. İddiaçı tərəfindən qeyri-yaşayış binası alqı-satqı yolu ilə əldə edilmiş,həmin binaın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur.Yəni, Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan 237.5 kv. m torpaq sahəsinin 165,1 kv.m hissəsi bələdiyyə mülkiyyətində olmadığı halda bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilmişdir. Təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-635/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X2 X4”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası — təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi - 165.1 kv. m hissədə dövlət mülkiyyəti, 79.6 kv. m hissəsi Mingəçevir bələdiyyəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Yuxarıda qeyd olunanlara əsasən Mingəçevir şəhəri X7 küçəsi 1/45-də yerləşən Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002- ci il tarixli, 31/6 saylı qərarı ilə İddiaçı ayrılan torpaq sahəsinin 72.4 kv.m hissəsi bələdiyyə mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə təmin edilməli,dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyə səlahiyyətli olmadığından iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X7 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə