Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-177/2025 01.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı2, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçılar X3 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair X5, X9, X10 və X6 adına verilmiş JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar X3 və İddiaçı2 cavabdeh Zərdab bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanda yerləşən 2,0320 ha torpaq sahəsi üzərində üçüncü şəxslər X5, X9 və X6 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********80 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1091/2024 nömrəli qərardadı ilə X15, X9, X5 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçılar 18 mart 2025-ci il tarixdə tələblərini dəqiqləşdirərək, “Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair üçüncü şəxslər – X5, X9, X10 və X6 adına verilmiş JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - X30 Komissiyasının qərarı ilə verilmiş Kod 90113018, JN 113, JN 114, JN 115, JN 116 saylı dövlət aktları əsasında 2,0320 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 15 ildir ki, istifadə edirlər və qanuni sahibliyindədir. Torpaq sahəsi əkinə yarasız olduğundan, öz maddi vəsaitləri hesabına xeyli xərc çəkərək torpağı münbit hala gətirərək əkinə yararlı vəziyyətə salmışlar. Uzun illər torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmi qeydə aldırmağa zərurət olmamışdır. Bu günlərdə torpaq sahəsində əkinlə məşğul olan zaman Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Orada nə üçün çağrıldıqlarını soruşduqda isə məlum olmuşdur ki, X30 Komissiyasının qərarı ilə verilmiş Kod 90113018, JN 113, JN 114, JN 115, JN 116 saylı dövlət aktları əsasında X10, X11, X15, X9, X7, X23 və X18 2.032 ha torpaq sahəsi verilmişdir. Hansı ki, həmin torpaq sahəsi 15 ildir onların istifadəsində və sahibliyindədir. Yevlax Rayon Polis Şöbəsində izahat verdikdən sonra, ona məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu izah edilmişdir. Həmin şəxslər Bakı şəhərində yaşayır və son 15 ildə ona qarşı hər-hansı bir tələb irəli sürməmişlər. Həmin şəxslər nəinki mübahisəli torpaq sahəsinin ölçülərini, hətta torpaq sahəsinin harada yerləşdiyini və onun koordinatlarını da bilmirlər. Hansı ki, qanunsuz və saxta yollarla ona məxsus torpaq sahəsi özgəninkiləşdirilmişdir. Hesab edir ki, Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi qanuni əsaslarla onların istifadəsində və sahibliyində olmuşdur. Belə ki, Yevlax şəhər 2-nin Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 37 nömrəli arayışında qeyd edilmişdir ki, Ərəş kənd qeydiyyatı olmayan vətəndaşlar (X7, X10, X23 və X26) Ərəş kəndində yaşamırlar və yaşamayıblar. Bundan əlavə, Yevlax rayonu Ərəş Bələdiyyəsinin 4 nömrəli 19 yanvar 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Yevlax rayonu, Ərəş kəndi ərazisində yerləşən Kod 90113018, JN 113, JN 114, JN 115 və JN 116 nömrəli dövlət aktlarında göstərilmiş torpaq sahələri vətəndaş X2 15 ildir ki, istifadəsindədir. Heç zaman Yevlax ərazisində, o cümlədən ünvan 1ində yaşamayan adamlara saxta yollarla, bilinməyən qayda və şəkildə Ərəş kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi də uzun zamandır ki, onların istifadəsində olmuşdur. Həmin şəxslərin adları islahat apardığı zaman kənd icra nümayəndəliyində olan siyahıda belə olmamışdır. Ancaq necə torpaq əldə etmələrindən heç kimin, guya ki, məlumatı olmamışdır. Bu işlərlə bağlı Respublika Baş Prokurorluğuna, Yevlax rayon prokurorluğuna və Yevlax rayon polis şöbəsinə ərizə və şikayətlərlə müraciət edilmişdir. Hazırda şikayət ərizələri ilə bağlı həmin orqanlarda müvafiq araşdırmalar aparılır. Belə ki, xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi üzərində X5 (1/4 hissə), X8 (1/4 hissə) və X6 (2/4 hissə) paylı mülkiyyət hüquqları tanınmışdır. Belə ki, 10 avqust 2023-cü il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, X30 Komissiyasının qərarı ilə verilmiş Kod 90113018, JN 113, JN 114, JN 115, JN 116 saylı dövlət aktları əsasında X10, X16, X15, X9, X7, X23 və X28 2.032 ha torpaq sahəsinin verilməsinə əsas olmuş bütün ilkin hüquqmüəyyənedici sənədlərin, həmçinin X12 adına verilmiş xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş bütün ilkin hüquqmüəyyənedici sənədlərin, həmçinin xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın və həmin çıxarışa əsasən Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi üzərində X5 (1/4 hissə), X8 (1/4 hissə) və X6 (2/4 hissə) paylı mülkiyyət hüquqları tanınmasına əsas olmuş bütün ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini, həmçinin xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Verilmiş sorğulara hazırki zamana kimi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir. Dəfələrlə həmin idarədə olmasına baxmayaraq verdiyi sorğulara cavab verməmişlər. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 07 mart 2023-cü il tarixli məktubu ilə ona imtina məktubu verilmişdir. 21 avqust 2023-cü il tarixli məktubu ilə isə vəkiliə məlumat verilməsindən qərəzli olaraq imtina edilmişdir. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.03 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxslərin adına tərtib edilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, çıxarışda hər hansı bir düzəlişin və ya həmin çıxarışın ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mübahisə predmeti oaln **********80 reyestr nömrəli çıxarış 02.02 2022-ci il tarixdə hüquq sahiblərinə təqdim olunmuşdur. Sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli AN- 1049963 nömrəli alqı satqı-müqaviləsi əsasında X1, bu barədə xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək alıcı X13 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, həmin tarixdən mübahisələndirməyə dair iddia müddətinin axımı hesablanmaqdadır. Belə olan halda iddia tələbinin rədd olunması üçün kifayət qədər sübut vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq qeyd etdi ki, mübahisələndirilən torpaq sahəsinə dair onun adına heç bir hüquq müəyyənedici və texniki sənəd tərtib edilməmişdir. Həmin torpaq sahəsini təxminən 15 il əvvəl bələdiyyə sədri vasitəsilə əldə etmiş, ilkin olaraq 500 manat beh vermiş, daha sonra isə ümumilikdə 3000 manat məbləğində vəsaiti nağd şəkildə ödəyərək torpaq sahəsini əldə etmişdir. Sonradan torpaq sahəsini sənədləşdirmək mümkün olmadığından bu barədə aidiyyəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Araşdırmalar nəticəsində torpaq sahəsinin rəsmi şəkildə sənədləşdirilməsinin mümkün olmadığı müəyyən olunmuş və nəticədə, ödənilmiş pul vəsaiti ona geri qaytarılmışdır. Buna baxmayaraq, o, torpaq sahəsindən fasiləsiz istifadə etmiş, hal-hazırda da həmin sahədən istifadə etməkdə davam edir və faktiki olaraq torpaq sahəsini özünə məxsus hesab edir. Həmçinin o, izahatında qeyd etmişdir ki, cavabdeh və digər üçüncü şəxslər Bakı şəhəri qeydiyyatında olduqlarından, onların Yevlax rayonu, Ərəş kəndində torpaq sahəsi əldə etmələri mümkün deyildir. Buna görə də, üçüncü şəxslərə torpaq sahəsinin ayrılmasının qanunsuz olduğunu hesab edir və sözügedən torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktının ləğv edilməsini tələb edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, A716277 Torpaq sahəsinin planı və ölçüsü, AN-İ ******* Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, A697742 Torpaq sahəsinin planı və ölçüsü, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyi, JN-113, JN-114 kod 90113018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 27 nömrəli qərarı əsasında ünvan 1ində X4 3 nəfər ailə üzvü ilə birlikdə 2,03 ha torpaq sahəsi ayrılmış və JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçılar, sözügedən Dövlət Aktında göstərilən subyektlərin ünvan 1i sakinləri olmadıqlarını və onlara torpaq sahəsinin ayrılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirərək, həmin Dövlət Aktının ləğv edilməsini tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair Dövlət Aktının qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməsinə hüquqi qiymətin verilməsi üçün ilk növbədə iddiaçıların sözügedən torpaq sahəsinə aidiyyəti müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar, mübahisəli torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənədə malik olmadan istifadə edirlər. Yəni, iddiaçılar, torpaq sahəsinin faktiki istifadələrində olması əsasından çıxış edərək Dövlət Aktını mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Sözügedən torpaq sahəsinə dair iddiaçıların qanun və ya müqavilədən irəli gələn hüquqi bağlılıqlarının olmaması iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquqlarının mövcudluğunu istisna edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda torpaq sahəsinə dair hər hansı hüquqi sənədinin olmadığını etiraf etmiş, mübahisəli torpaq sahəsini təxminən 15 il əvvəl bələdiyyə sədri vasitəsilə nağd ödəniş etməklə əldə etdiyini, sonradan torpaq sahəsini sənədləşdirmək mümkün olmadığından ödədiyi məbləğin ona geri qaytarıldığını, lakin buna baxmayaraq həmin torpaq sahəsindən fasiləsiz istifadə etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçılar, hazırkı tələbini irəli sürməkdə olan subyektiv hüququnu torpaq sahəsinin faktiki istifadələrində olması ilə əsaslandırırlar. Lakin, mübahisəli torpaq sahəsinin onlara aidiyyəti ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquqi əsas olmadan torpaq sahəsini faktiki istifadə etməkdən irəli gələn faktiki maraq, iddia qaldırmaq üçün subyektiv hüququn yaranması üçün yetərli deyil. Çünki hüquqi cəhətdən qorunmur. Faktiki marağa münasibətdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilənin baş verməsi də, mümkün deyildir. Odur ki, subyektiv hüququn birinci vacib elementi - öz hərəkətlərinə hüquqi ixtiyar olmadan, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yarana bilməz. İddiaçı, faktiki istifadəsində olan daşınmaz əmlak obyektinə dair hüquq müəyyənedici sənədə malik olduqda isə artıq iddianın qaldırılmasında hüquqi maraq yaranacaq və bu zaman iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Belə ki, hüquqi maraq yalnız faktiki vəziyyətə deyil, həm də hüquq müəyyənedici sənədə əsaslanır, bu da şəxsin məhkəmədə hüquqlarını müdafiə etməsinə və iddia qaldırmasına imkan yaradır. Ancaq hüquq müəyyənedici sənədə malik olan iddiaçı cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə onun subyektiv hüquqlarına müdaxilənin baş verməsini iddia edə bilər. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmişdir. Təqdim edilmiş rəydə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın A 697742 nömrəli plan-ölçü sənədi, JN-113, JN-114, JN-115 və JN-116 nömrəli Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin DWJ və TEKUİS sistemlərindəki yerləşmə vəziyyəti ilə üst-üstə düşür. Rəydə həmçinin qeyd edilmişdir ki, DWJ və TEKUİS məlumatlarına əsasən, bu torpaq sahəsi iddiaçının naturada göstərdiyi və iddia etdiyi sahə ilə uyğun gəlir, təyinatı kənd təsərrüfatı təyinatlı torpaq, uqodiyası isə əkin sahəsidir. Mülkiyyətçilər kimi JN-113, JN-114, JN-115 və JN-116 nömrəli Dövlət Aktlarında qeyd edilən şəxslər göstərilmişdir. Rəydə qeyd olunan torpaq sahələrinin DWJ və TEKUİS-də yerləşmə vəziyyəti müqayisəli sxem formasında təqdim olunmuşdur. Bununla da, mübahisəli torpaq sahəsinin yuxarıda qeyd edilmiş Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi, iddiaçının isə hər hansı hüquq müəyyənedici sənədə malik olmadan sözügedən torpaq sahəsindən istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar X3 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair üçüncü şəxslər – X5, X9, X10 və X6 adına verilmiş JN- 113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-177/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-177/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver