Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1770/2025 18.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - O, xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə xx.xx.1983-cü ildə “Kalinin” adına kolxozda kolxozçu kimi başlamış, xx.xx.1983-cü ilə kimi orada işləmişdir. 1984-cü ilin may ayının 11-dən həmin ilin dekabr ayının 31–dək, həmçinin 1985-ci ilin yanvar ayının 1-dən həmin ilin dekabr ayının 31-dək qeyd edilən kolxozda işləmişdir. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Bakı şəhərində 94 nömrəli texniki məktəbdə peşə təhsili almışdır. O, xx.xx.1986-cı ildə 127 saylı əmrə əsasən “Azərbaycan DRES”-in X4 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 135 saylı əmrə əsasən həmin sexdə teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixli 71/k saylı əmrə əsasən teplovoz maşinisti vəzifəsinə təyin edilmişdir. İşlədiyi “Azərbaycan DRES” struktur təkmilləşdirilməsi ilə əlaqədar xx.xx.2003-cü il tarixdə"xxxx" MMC, xx.xx.2006-cı il tarixdən "xxxx" MMC adlandırılmışdır. xx.xx.2022-ci il tarixli, 307/ş saylı əmrə əsasən 2 nömrəli Qazan-turbin sexinin “Kompressor və Azot-oksigen” avadanlıqları istismarı sahəsində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək 1 nömrəli Qazan-turbin sexinin “Kompressor və Azot -oksigen” avadanlıqları istismarı sahəsində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində işləyir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.1986-cı ildən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək zərərli iş şəraitinə görə ona əlavə məzuniyyət günləri və əlavə əmək haqqı verilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə kimi “Azərbaycan DRES”-in X2tar tərtibatçısı vəzifəsinə işləmiş, həmin vəzifə üzrə əmək stajı 01 il 05 ay 20 gün təşkil edir. Həmin müəssisə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, xx.xx.1997-ci ildən xx.xx.2022-ci il tarixədək Azərbaycan DRES”-in X3 teplovoz maşinist köməkçisi və teplovoz maşinisti vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr üzrə əmək stajı 25 il 09 ay 14 gün təşkil etmişdir. Beləliklə, ümumi iş stajı 44 il, güzəştli şərtlərlə iş stajı isə 26 il 2 ay 04 gün təşkil edir. Cavabdeh orqan, iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-275029/2024 nömrəli məktubunda iddiaçının güzəştli iş stajının olmaması səbəbindən pensiya təyinatının mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2; 1.0.8; 7; 8; 9 və 21.1-ci maddələrinə və Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin 4.1.20-ci bəndinə istinad edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur.İddiaçı tərəfindən təqdim edilən "xxxx" ASC “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin xx.xx.2024-cü il tarixli 07/149, 07/150 və 07/1851 nömrəli arayışlarına əsasən iddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində X2tar tərtibatçısı, xx.xx.1997-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə teplovoz maşinisti vəzifələrində işləmişdir. İddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İstinad olunan qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, idiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-ci il tarixli imtina məktubu, "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin işin xarakteri haqqında xx.xx.2024-cü il tarixli arayışı, həmin müəssisənin eyni tarixli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışları, müəssisədən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli arayış, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Г 601743 nömrəli diplom, 327 №-li kolxozçunun əmək kitabçasının surəti. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiya) M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Bənd ğ) Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti -iş stajına daxil edilir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (1 yanvar 2006-cı ilədək qüvvədə olmuş) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. Məhkəmənin qənaətinə görə iddia “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının bitdiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). İş materiallarında olan "xxxx" ASC "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 13-9-100/2-6/2025 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1986cı ildən xx.xx.1987-ci ilədək (iş stajı-1 il 5 ay 20 gün ) qatar tərtibatçısı vəzifəsində işləmiş və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21.4-cü- “Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində qatar tərtibçiləri vəzifəsinin xüsusiyyətlərinə uyğun hesab edilə bilər. Həmçinin o, xx.xx.1997-ci ildən xx.xx.2022-ci ilədək (iş stajı- 25 il 09 ay 14 gün) teplovoz maşinisti köməkçisi və teplovoz maşinsti vəzifələrində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21.4-cü- “Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində teplovoz maşinisti və teplovoz maşinisti köməkçiləri vəzifəsinin xüsusiyyətlərinə uyğun hesab edilə bilər. İş materiallarına əlavə edilmiş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi arayışda göstərilən müddətlərdə həmin vəziflərdə işləmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdehin imtina və etiraz məktublarından göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı ilə bağlı mübahisə mövcu olmasa da güzəştli dövrlə bağlı mübahisə mövcuddur. Belə ki, iş materiallarından (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın xx.xx.2025-ci il xidməti məktubu) görünür ki, iddiaçının 40 ildən az olmayan ümumi iş stajı mövcuddur (cavabdeh orqan iddiaçının xx.xx.2022-ci il tarixə ümumi iş stajının 40 il, 6 ay 18 gün olmasını qəbul edir). Eyni zamanda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də, mübahisələndirilmir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 49966,45 manat pensiya kapitalı qeydə alınmışdır və bu da əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir (xx.xx.2022-ci il tarixinə ona münasibətdə tələb olunan pensiya kapitalı 48960 manatdır). Cavabdeh orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatını mümkünsüz hesab edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək işlədiyi qatar tərtibatçısı, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi teplovoz maşinisti köməkçisi və xx.xx.1997-ci ildən xx.xx.2022-ci ilə kimi işlədiyi teplovoz maşinisti peşələri nəqliyyat sferasına aid olmamışdır. İddiaçıya o halda pensiya təyin edilə bilərdi ki, onun işlədiyi müəssisə nəqliyyat fəaliyyəti ilə məşğul olsun. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məqam müxtəlif iqtisadi fəaliyyət istiqamətli ayrı-ayrı müəssisələrin dəmiryolu şəbəkələrində teplovoz maşinisti və maşinist köməkçisi (eləcə də qatar tərtibatçısı) işləmiş şəxslərin peşələrinin iqtisadi fəaliyyət sahəsi baxımından güzəştli pensiya hüququ verən siyahının dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar mübahisə üzrə xx.xx.2022-ci il tarixli 2-1(102)-578/2022 nömrəli qərarında qeyd olunmuşdur ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesfik xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryol nəqliyyatı konkret istehsal sahəsinə və müəssisəyə bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, həm magistral dəmiryollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və ya dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların yerinə yetirdiyi funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın həmin fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2025ci il tarixli xidməti məktubdan görünür ki, iddiaçının ümumi iş stajı 40 il 6 ay 18 gün təşkil etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçının qatar tərtibçisi, teplovoz maşinisti və teplovoz maşinisti vəzifələri üzrə ümumi iş stajı 27 il 3 ay 4 gün təşkil etmişdir. Məhkəmə iddiaçının iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək işlədiyi qatar tərtibatçısı, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi teplovoz maşinisti köməkçisi və xx.xx.1997-ci ildən xx.xx.2022-ci ilə kimi işlədiyi teplovoz maşinisti vəzifəsində işlədiyi dövrlərə münasibətdə qeyd edir ki, həmin dövr iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.4-cü -- “Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində qatar tərtibçiləri teplovoz maşinisti və teplovoz maşinisti köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab ki, iddiaçının işlədiyi müəssisə bilavasitə dəmiryol nəqliyyatına aid sahədə fəaliyyət göstərməsə də, yəni yük və sərnişin daşıma işi ilə məşğul olmasa da, İddiaçı özünün icra etdiyi vəzifələr (qatar tərtibçisi, teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi) funksional təyinatına və məzmununa görə Nazirlər Kabinetinin qeyd edilən qərarında dəmiryol nəqliyyatı bölməsində nəzərdə tutulmuş vəzifələrlə eynilik təşkil etmişdir. Başqa sözlə, fəaliyyəti bilavasitə yük və sərnişin daşıma olan və magistral dəmir yollarında qatar tərtibçisi, teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi vəzifəsində işləyən şəxslərlə İddiaçı eyni peşənin daşıyıcıları olmuş, məzmun maxımından hər ikisi oxşar funksiya və vəzifələri yerinə yetirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qatar tərtibçisi, teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi vəzifələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması iqtisadi fəalliyət sahəsi fərqli olan müəssisələrə aid dəmiryollarında qatar tərtibçisi, teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi vəzifələrində işləyən şəxslərə, o cümlədən İddiaçı münasibətdə pensiya hüququnu istisna edən hal kimi qəbul edilə bilməzdi. Odur ki, İddiaçı işlədiyi qatar tərtibçisi, teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına uyğun olmuş və güzəştli iş stajının 12 il 6 aydan artıq olması nəzərə alınmaqla onun güzəştli şərtlərlə pensiya hüququ tanınmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8 Əsədova .
Məhkəmə qərarları › İş №2-1(116)-1770/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1770/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver