Məhkəmə qərarları › İş №2-1(116)-1776/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1776/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1776/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə (JN 0261 saylı 90107018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmişdir) mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə (JN 0261 saylı 90107018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmişdir) mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 13 noyabr 2004-cü il tarixli qərarı ilə iddiaçıya Yevlax rayonu Qaramanlı kəndində 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ torpağa mülkiyyət hüququna dair JN 0261 saylı 90107018 kodlu Dövlət aktına əsasən təsbit edilmişdir. Hal-hazıradək qeyd edilən 0.75 ha torpaq torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququmu təstiq edən Dövlət reyestrindən Çıxarış əldə etmək üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, müraciəti xx.xx.2024-cü il tarixli məktubla cavablandırılsa da, xahişi təmin edilməmiş və bildirilmişdir ki, müraciətlə əlaqədar idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq ləğv edilmiş DTXK- nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-0261 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax rayonu Dəlləklər kəndi üzrə elektron xəritə bazasında (DWJ) JN 0261 nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında dövlət aktının arxiv nüsxəsi yoxdur, həmçinin dövlət aktlarının qeydiyyatı kitabında ( Məmmədova ( Süleymanzadə ) Maral Dilqəm qızının adına JN-0261 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının olması barədə məlumatlar qeyd olunmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.75 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata alınması mümkün deyildir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq ləğv edilmiş DTXKnin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN- 0261 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur kı, Yevlax rayonu Dəlləklər kəndi üzrə elektron xəritə bazasında (DWJ) JN-0261 nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 0 75 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-cı və 15.1.1-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından imtina olunur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-0261 kod 90107018 saylı Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarına əsasən 0.75 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 02 nömrəli protokol, Yevlax rayonu Qaramanlı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarı

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3954/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, TEKUİS-ə əsasən iddia olunan və İddiaçı JN-0261 KOD 90107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən verilmiş 0.75 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyasi - əkin (kənd təsərrüfatına yararlı), mülkiyyətçisi - TEKUİS-ə əsasən İddiaçı. İddia olunan torpaq sahəsinin mülkiyyətçisi JN-012 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X5. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsin N-0261 KOD 90107018 nömrəli ‘‘Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən verilmiş 0.75 torpaq sahəsi ilə üst-üstə düşmür. JN-0261 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 0.75 ha torpaq sahəsi TEKUİS-ə əsasən başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən JN-012 nömrəli 'Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0.76 ha hissədə üstüstə düşür.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-4647/2024 nömrəli məktubuna əlavə edilmiş torpaq sahəsinin dəqiq koordinatlarının təqdim edilməsi barədə məktubdan görünür ki, İddiaçı faktiki istifadəçiliyi olmadığı üçün JN 0261 saylı Dövlət Akıtına əsasən verilmiş 0,74 ha torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinin hansı hissəsinə düşdüyünü müəyyən etmək mümkün olmamışdır, iddia edilən torpaq sahəsinin digər mülkiyyətçinin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumatlar əvvəlki rəydə verilmiş 3 nömrəli sualın cavabında öz əksini tapmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixi i 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində aparılmış torpaqların elektron kadastr uçotu işləri əsasında yaradılmış “Torpaqların elektron kadastr uçotu informasiya sistemi'nə əsasən İddiaçı JN 0261 saylı Dövlət Aktına əsasən verilmiş 0,74 ha torpaq sahəsinin koordinatları 1, X = 671312.7473 Y = 4484387.1517; 2. X = 671287.38 Y = 4484400.0797; 3. X = 671454.96 Y = 4484576.3397, 4. X= 671485.33 Y = 4484605.6297; 5. X = 671488.4271 Y = 4484610.2048; 6. X = 671492.4316 Y = 4484606.4054; 7. X = 671498.0514 Y = 4484601.0734; 8. X = 671506.114 Y = 4484593.4237 kimidir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 13 noyabr 2004-cü il tarixli qərarı ilə verilmişdir. Torpaq sahəsinin verilməsinə dair JN 0261 saylı 90107018 kodlu Dövlət aktı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, aqrar islahat zamanı JN 0261 saylı Dövlət Aktına əsasən iddiaçının mülkiyyətinə 0,75 ha torpaq sahəsi verilmişdir.Həmin Aktın və qərarın ləğvinə dair hər hansı sübut mövcud deyildir.Odur ki,iddiaçın tələbi əslində həmin sənəd əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarışın və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənədin verilməsindən ibarətdir. Tələb olunan mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, TEKUİS-ə əsasən iddia olunan və İddiaçı JN-0261 KOD 90107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən verilmiş 0.75 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyasi - əkin (kənd təsərrüfatına yararlı), mülkiyyətçisi - TEKUİS-ə əsasən İddiaçı. İddia olunan torpaq sahəsinin mülkiyyətçisi JN- 012 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X4r. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsin N-0261 KOD 90107018 nömrəli ‘‘Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən verilmiş 0.75 torpaq sahəsi ilə üst-üstə düşmür. JN-0261 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 0.75 ha torpaq sahəsi TEKUİS-ə əsasən başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən JN-012 nömrəli 'Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0.76 ha hissədə üst-üstə düşür. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı məsələlər tapşırılmışdır: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Cavabdehin hazıkı iddia tələbinə imtinasını əsassız hesab edən məhkəmə qeyd edir ki, naturada faktiki olaraq mövcud olan torpaq sahəsinin TEKUİS-ə uyğunlaşdırmaqla iddiaçının 0,75 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.TEKUİS-ə uyğun olaraq İddiaçı JN 0261 saylı Dövlət Aktına əsasən verilmiş 0,75 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir:

1. X = 671312.7473 Y = 4484387.1517; 2. X = 671287.38 Y = 4484400.0797;

3. X = 671454.96 Y = 4484576.3397, 4. X= 671485.33 Y = 4484605.6297;

5. X = 671488.4271 Y = 4484610.2048; 6. X = 671492.4316 Y = 4484606.4054;

7. X = 671498.0514 Y = 4484601.0734; 8. X = 671506.114 Y = 4484593.4237. Göründüyü kimi, iddia olunan torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi arasında qismən uyğunsuzluq mövcuddur.Bu səbəbdən də həmin torpaq sahəsi digər mülkiyyətçinin torpaq sahəsi ilə üst-üstdə düşür. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan koordinatlar daxilində 0,75 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu TEKUİS-ə uyğunlaşdıraraq qeydə almalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN 0261 saylı KOD 90107018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (TEKUİS-ə uyğunlaşdırılmaqla) iddiaçıya mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar