Məhkəmə qərarları › İş №2-1(116)-1779/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1779/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1779/2025 30.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Yevlax şəhəri, Aeroport qəsəbəsi) cavabdeh – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (yerləşdiyi yer: ünvan 1ünvanlı dövlət sosial yardımının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 9 dekabr 1991-ci il tarixdə doğulmuşdur, ailəlidir, hazırda Yevlax rayonunun Aeroport qəsəbəsində yaşayır. Sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs X1 (VÖEN **********) təsərrüfat subyekti qismində uçota alınmış ictimai iaşə obyektində əmək müqaviləsi üzrə xadimə işləyir. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən 1 yanvar 2024cü il tarixdən 393,80 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuş və həmin ödənişin verilməsi 9 ay davam etmişdir. Ödəniş 2024-cü ilin oktyabr ayından dayandırılmışdır. İddiaçı ona ünvanlı dövlət sosial yardımının bərpa olunması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onun əmək müqaviləsi üzrə gəlirlərində uyğunsuzluq aşkar olunması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona 1 yanvar 2024-cü il tarixdən təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı tarixdən bərpa olunaraq həmin ilin oktyabr, noyabr və dekabr ayları üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. İddiaçı mövqeyini belə əsaslandırır ki, iddiaçının ailəsinə aztəminatlı ailə kimi 1 yanvar 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bu vəsait 9 ay ödənilmiş, lakin 2024-cü ilin oktyabr ayından heç bir xəbərdarlıq olunmadan dayandırılmışdır. Aidiyyəti üzrə yazışmalardan sonra məlum olmuşdur ki, vəsaitin ödənişinin dayandırılması müvafiq sistemdə nasazlıq baş verməsi səbəbi ilə bağlıdır. Lakin bu hal baş versə də, müavinətin dayandırılmasına əsas yoxdur. Hazırda uyğunsuzluq aradan qaldırılmış, lakin müavinətin verilməsi məsələsi müsbət həllini tapmamışdır. Cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya etiraz edir. Cavabdeh tərəf mövqeyini belə əsaslandırır ki, iddiaçı ona aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımı ilə bağlı 18 dekabr 2023-cü il tarixdə Nazirliyin VEMTAS-yə müraciət etmiş və ona 1 yanvar 2024-cü il tarixdən 393,80 manat məbləğində sosial yardım təyin olunmuşdur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta AS” proqramında İddiaçı rəsmi əmək müqaviləsi bağladığı işəgötürən (VÖEN **********) üzrə aparılan yoxlama zamanı təyinatdan sonra hesablanmış 389,25 manat məbləğdən 129,75 manat məcburi dövlət sosial sığorta ödənişlərinin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ailənin əmək qabiliyyətli üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»na uyğun olaraq ünvanlı dövlət sosial yardımının ödənilməsi 29 oktyabr 2024-cü il tarixdə dayandırılmışdır. İddiaçı 18 dekabr 2023-cü il tarixdə müraciət edərkən məşğul olduğunu qeyd etmiş, bu hal VEMTAS tərəfindən də təsdiq edilmiş və ailənin gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğundan, ailəyə sosial yardım təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta AS” proqramından əldə olunan məlumatlara əsasən İddiaçı adına 2024-cü ilin yanvar ayından sentyabr ayınadək əmək haqqı hesablanmış, həmin ilin oktyabr ayından başlayaraq sonrakı dövrdə nə əmək haqqı hesablanmış, nə də məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 3-cü maddəsinə əsasən İddiaçı özündən asılı olan səbəblərdən orta aylıq gəliri 0-a bərabər olduğundan, ailəyə təyin edilmiş sosial yardım 29 oktyabr 2024-cü il tarixdən dayandırılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və qeyd etdi ki, sənədlərdə çatışmazlıqlar olsa da, vergi orqanından alınmış yazılı məlumatda məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmadığı göstərilmişdir. Nazirliyin “Qaynar xətti”ndən belə sənəd təqdim edildiyi halda, məsələnin müsbət nəticələnəcəyi bildirilmişdir. Həmin sənəd cavabdehə və məhkəməyə təqdim olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, cari tarixə hesablanmış məbləğin ödənilmiş məbləğə nisbəti 67,8% təşkil etdiyi üçün ünvanlı dövlət sosail yardım işinin bərpa edilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər sistemdə əks olunmadığından, yardımın verilməsi təmin edilməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 6.1-ci maddəsinə görə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “«Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı (ailəsi ilə birlikdə) təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırıldığından, onun ödənişinin bərpası barədə müraciətinin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, “ünvanlı dövlət sosial yardımının bərpa edilməsi” tələbinə dair iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Yevlax rayonunun Aeroport qəsəbəsidir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunun 1-ci maddəsi ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə görə sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3-cü maddəsinə görə ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Həmin Qanunun 10.3-cü maddəsinə görə bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. «İnzibati icraat haqqında» Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Həmin Qaydanın 3.4.2-ci yarımbəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: (3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olduqda; (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydaların 5.1-ci bəndinə görə sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Qaydaların 5.22-ci bəndinə görə ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (39.2%+18.8%+8.7%)+R+RM, burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 ay ərzində xərcinin orta aylıq məbləği. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları müvafiq məlumatlar əsasında ünvanlı dövlət sosial yardımın dayandırılması və ya məbləğinin dəyişdirilməsinə səbəb olan halları, habelə belə hallar aşkarlandıqda, sosial yardımın ödənişinin dayandırılması və ailənin sosial yardım almaq hüququna yenidən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə İddiaçı 1 yanvar 2024-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın onun işlədiyi yerdə əmək haqqından məcburi dövlət sosial haqlarının tutulmaması əsası ilə 1 oktyabr 2024-cü il tarixdən dayandırılmışdır. Lakin məhkəmə icraatının gedişində DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən alınmış müvafiq məktublar iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə tutulmalar barədə məlumatın əks olunmasında ondan asılı olmayan səbəblərdən texniki problemlərin olduğunu, lakin aradan qaldırıldığını təsdiqləyir. Belə ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə X2 Günel Lətif qızına ünvanlanmış 13 iyun 2025-ci il tarixli 3-17-1/2-İ-143713/2025 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - Sığortaedən X1 2024-cü ilin İ və İİİ rübləri üçün xeyrinizə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızda əks etdirilməsi təmin edilmişdir. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən sığortaedən Yalçın Adıgözəlova (VÖEN **********) ünvanlanmış 15 iyul 2025-ci il tarixli 3-21-2-18/2-A-7xxxx/2025 nömrəli məktubda aşağıdakılar bildirilmişdir: - Sizin dövlət büdcəsinə vergilər, müvafiq fondlara məcburi dövlət sığorta haqları üzrə borcunuzun olub-olmaması barədə 14 iyul 2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə 12 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Sizin 15 iyul 2025-ci il tarixə şəxsi hesab vərəqənizə əsasən dövlət büdcəsinə vergilər, müvafiq fondlara məcburi dövlət sığorta haqları üzrə borcunuzun olmadığı, icbari tibbi sığorta haqqı üzrə 318 manat, hesablanmış peniya üzrə 106,19 manat borcunuzun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı bağladığı əmək müqaviləsi üzrə sığortaedən fiziki şəxs X1 (VÖEN **********) məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığı halda, iddiaçının iradəsindən asılı olmayan səbəblərdən onun fərdi hesabında əks etdirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya 1 yanvar 2024-cü il tarixdə təyin olunmuş 2024-cü ilin oktyabr ayınadək ödənilmiş ünvanlı dövlət sosial yardımı həmin ilin oktyabr – dekabr ayları üzrə də ödənilməli idi. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırması və onun bərpasından imtinası qanuna ziddir və iddiaçının və ailəsinin sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 1 yanvar 2024-cü il tarixdən təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı 1 oktyabr 2024-cü il tarixdən bərpa olunaraq, oktyabr, noyabr və dekabr aylarının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 1 yanvar 2024-cü il tarixdən təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı 1 oktyabr 2024-cü il tarixdən bərpa olunaraq, oktyabr, noyabr və dekabr aylarının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar