Məhkəmə qərarları › İş №2-1(116)-178/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-178/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-178/2021 04.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X29 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X38, X17, X19, X20) “adına tərtib olunmuş plan-ölçü sənədində düzəliş edilərək, JN-1888 və JN-1933 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarına uyğun yeni plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X38, X17, X19, X20) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-939 KOD 40108018, JN-1926 KOD 40108018, JN-1648 KOD 40108018, JN-1780 KOD 40108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda dəyişikliklərin edilməsi, naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışlara düzəlişlərin edilməsi və ona səhv olaraq RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi nəticəsində ona dəymiş 2560 (iki min beş yüz altmış) manat dəyərində ziyanın cavabdehdən alınaraq ona verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı X1 rayon İtitala kəndində yaşayır. Mərhum həyat yoldaşı X31 tərəfindən keçmiş Azərbaycan Respublikası DTXK-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN-1888 və JN-1933 saylı Dövlət Aktları əsasında iki hissədə (0,1257 ha və 0,6261 ha) olmaqla cəmi 0,7518 ha torpaq sahəsinə dair iddiaçının adına RX seriyalı №1476875 nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarış və A seriyalı, 363027 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Həmin torpaq sahəsində iddiaçı çoxillik əkmələr, fındıq bağı salmışdır. Lakin torpaq sahəsinin qonşuları, üçüncü şəxslər X38 və qeyriləri onun torpaq sahəsinə girərək orada olan 4 cərgə fındıqdan 2 cərgəsini yığmış və iddia etmişlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. İddiaçı üçüncü şəxslərin torpaq sahəsindən çıxarılması üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyinə əlavə edilmiş sxemdən görünür ki, iddiaçıya məxsus olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışla özəlləşdirilən torpaq sahəsinin 0,3118 ha hissəsi Yevlax-Balakən yolunun Qazbinə kəndi ərazisindən keçən hissəsinə vurulmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.7518 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək, çıxarışın verilməsi və ona səhv olaraq RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi nəticəsində ona dəymiş 2560 (iki min beş yüz altmış) manat dəyərində ziyanın ödənilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “adına tərtib olunmuş plan-ölçü sənədində düzəliş edilərək, JN-1888 və JN- 1933 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarına uyğun yeni plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 15.09.2020-ci il tarixli, **********85 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Umaxanova X8 rayonu, Qazbinə kəndində yerləşən özünün mülkiyyətində olan 0.7518 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının dəyişdirilərək sənədlərdə düzəliş edilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə 20.07.2020-ci il tarixdə **********84 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə əlaqədar məlumat veririk ki, İddiaçı mülkiyyətində olan 0.7518 ha torpaq sahəsi iki hissədə (0.1257 ha və 0.6261 ha) olmaqla mərhum həyat yoldaşı X32 tərəfindən keçmiş Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN- 1888 və JN-1933 saylı “Dövlət Akt”ları əsasında notarial qaydada əldə edilmişdir. Daha sonra hər iki torpaq sahəsi birləşdirilərək “Dövlət Aktı”nda qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun olaraq 0,7518 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Balakən rayon Notariat ofisinin 16 fevral 2019-cu il tarixli, R 2V-88 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”si əsasında 0.7518 ha torpaq sahəsi üzərində İddiaçı Zəkəriyyə qızının mülkiyyət hüququ qeydiyyata alınaraq, yuxarıda qeyd olunan Dövlət Aktlarında göstərilmiş koordinatlara uyğun olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək təqdim edilmişdir. Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi nəticəsində iddaçıya dəymiş ziyanın cavabdehdən alınaraq verilməsi ilə bağlı bildiririk ki, Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə uyğun olaraq mövcud hüququmüəyyənedici sənədlər (Dövlət Aktı, Şəhadətnamə, Torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər) əsasında aparılır. Belə ki, 0,7518 ha (0,1257 ha və 0,6261 ha) torpaq sahəsi üzərində hüququların qeydiyyatı JN- 1888 və JN-1933 saylı “Dövlət Akt”ı sənədlərində göstərilən koordinatlara və sənəd üzrə yerləşmə vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-939 nömrəli Dövlət Aktının və RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, Balakən rayonu AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X39, X9 və X23 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1926 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan AN seriyalı ******* nömrəli, 21.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, S.Səfərov və onun ailə üzvləri mülkiyyətlərində olan 0.2141 ha torpaq sahəsini X2. Sonradan Ş.Vəliyeva AN seriyalı, ******* nömrəli, 23.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2141 ha torpaq sahəsini X3 və sonuncunun adına RX seriyalı, ******* nömrəli, 26.08.2017-ci il tarixli 0.2141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çxıarış verilmişdir. İş materiallarında olan JN-1648 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X24 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1780 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21 və X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1888 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1933 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X33 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan 26.04.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X14 və onun ailə üzvləri JN-1888 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsindən 0.63 ha hissəni iddiaçının mərhum əri X4. İş materiallarında olan 29.04.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X33 və onun ailə üzvləri JN-1933 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsindən 0.13 ha hissəni iddiaçının mərhum əri X4. İş materiallarında olan 496206 nömrəli “evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 (Mollayeva) Zamaniyyət Zəkəriyya qızı ilə 30.12.1967-ci il tarixdə nikah bağlamışdır. İş materiallarında olan A seriyalı, 363027 nömrəli, 12.03.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” və RX seriyalı, ******* nömrəli, 12.03.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki,0.7518 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin 21.10.2020-ci il tarixli, **********87 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı adına tərtib edilmiş RX seriyalı ******* nömrəli Çıxarışın Plan ölçü sənədindəki koordinatlara əsasən JN-1888 və JN-1933 saylı Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin 0.4572 ha hissəsi ilə üst-üstə düşür, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə 0.4182 ha hissəsi üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 0.7518 ha torpaq sahəsi iki hissədə (0.1257 ha və 0.6261 ha) olmaqla iddiaçının mərhum əri X32 tərəfindən keçmiş Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN-1888 və JN-1933 saylı “Dövlət Akt”ları əsasında notarial qaydada əldə edilmişdir. Daha sonra hər iki torpaq sahəsi birləşdirilərək 0,7518 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun olmayan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Mütəxəssis rəyi ilə də təsdiq olunur ki, İddiaçı adına tərtib edilmiş RX seriyalı ******* nömrəli Çıxarışın Plan ölçü sənədindəki koordinatlara əsasən JN-1888 və JN-1933 saylı Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin 0.4572 ha hissəsi ilə üst-üstə düşür. Cavabdeh inzibati orqan “Torpaq sahəsinin planı və ölçüsü”nü “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun tərtib etməmiş, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermişdir. Cavabdeh inzibati orqan reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsinə əməl etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair tərtib olunmuş plan-ölçü sənədində düzəliş edilərək, JN-1888 və JN-1933 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarına uyğun yeni plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia təmin olunduğu üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilməlidir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə İddiaçı adına tərtib olunmuş A seriyalı 363027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, JN-1888 və JN-1933 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt”larına uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi qoyulur. Mütəxəssis verilməsinə çəkilən xərc cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 66 manat 60 qəpik cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X43 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar