Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-178/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum əri X2 1966, 1968-1972, 1974-1977 və 1979-1993-cü illərdə Göyçay rayonu Ləkçıplak kənd “Nərimanov” adına kolxozda işləməsini təsdiq edən arxiv arayışına əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X2 1966, 1968-1972, 1974-1977 və 1979-1993-cü illərdə Göyçay rayonu Ləkçıplak kənd “Nərimanov” adına kolxozda işləməsini təsdiq edən arxiv arayışına əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1959-cu ildə Göyçay rayonunda anadan olmuşdur. xx.xx.1979-cu il tarixdə X4 ilə nikah bağlamaqla ailə qurmuşdur. İddiaçının əri xx.xx.2006-cı ildə vəfat etmişdir. X11 1966, 1968-1972, 1974-1977 və 1979- 1993-cü illərdə Göyçay rayonu Ləkçıplak kənd “Nərimanov” adına kolxozda işləmişdir və iddiaçı bu səbəbdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialına 18 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fond tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli imtina məktubu verilərək bildirilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X2 “Nərimanov” adına kolxozda işlədiyi illər əmək kitabçasında öz əksini tapmamışdır. İddiaçının mərhum həyat yoldaşının qeyd olunan kolxozda işləməsi X12 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 202 nömrəli arayışda qeyd olnur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyqun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Maddələrin məzmunundan aydın olur ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Göründüyü kimi vətəndaşa pensiya təyin olunarkən onun iş stajının əmək kitabçasında öz əksini tapması əsas şərtdir. Belə olan halda, ailə başçısını itirməyə görə tələb olunan 13 il (54-15=39, 39x4/12=13 il) sığorta stajı olmadığından onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmır. Qeyd: 54 - iddiaçının mərhum həyat yoldaşı X2 vəfat etdiyi zaman olan yaşı; 15 - əmək qabiliyyətli yaş dövrü; 4 - əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün tələb olunan 4 ay sığorta stajı; 12 - əmək qabiliyyətli yaş dövrünün hər tam ili. Odur ki, iddiaçının mərhum həyat yoldaşı Q.M.Məmmədovun 1966, 1968-1972, 1974-1977, 1979-1993-cü illərdə Göyçay rayonu Ləkçıplaq kənd “Nərimanov adına kolxoz"da işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin ediləməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh qismində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd edərək “mərhum əri X2 1966, 1968-1972, 1974-1977 və 1979-1993-cü illərdə Göyçay rayonu Ləkçıplak kənd “Nərimanov” adına kolxozda işləməsini təsdiq edən arxiv arayışına əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun ziahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə Göyçay rayonunda anadan olmuşdur. Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/11-337 nömrəli məktubuna əlavə olunmuş arayışlarından görünür ki, X4 ilə X5 arasında nikah xx.xx.1979cu ildə bağlanmışdır. X3 xx.xx.2006-cı ildə vəfat etmişdir. Onların birgə nikahından xx.xx.1981-ci ildə X6, xx.xx.1982-ci ildə X7 doğulmuşdur. X12 filialının xx.xx.2021-ci il tarixli 296 nömrəli arxiv arayışından görünür ki, iddiaçının mərhum əri Qorxmaz Məmmədov “Nərimanov” adına kolxozda kolxozun əmək günü uçotu və hesablaşma kitablarına əsasən 1966, 1968-1972, 1974-1977, 1979-1993cü illərdə müvafiq olaraq 149, 100, 130, 120, 303, 136, 115, 324, 228, 232, 106, 206, 204, 122, 220, 258, 215, 196, 188, 290, 365, 253, 199, 184 və 66 adam günü işləmişdir. İllik norma 1965-1970-ci illərdə 200 gün, 1971-1975-ci illərdə 240 gün, 1976-1989-cu illərdə 200 gün, 1990-cı ildən 180 gün olmuşdur. İddiaçı mərhum həyat yoldaşı X2 Göyçay rayon Ləkçılpaq kənd “Nərimanov” adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarına əsasən sığorta stajı aşağıdakı kimidir: 1966-cı il – 149, 1968-ci il – 100, 1969-cu il – 130, 1970-ci il – 120 əmək günü (1965-1970-ci illərdə kişilər üçün illik norma 200 gün olmuşdur); 1971-ci il – 303, 1972-ci il – 136, 1974-cü il – 115, 1975-ci il – 324 əmək günü (1971-1975-ci illərdə kişilər üçün illik norma 240 gün olmuşdur) – 2 tam əmək ili və əlavələr; 1976-cı il – 228, 1977-ci il – 232, 1979-cu il – 106, 1980-ci il – 206, 1981-ci il – 201, 1982-ci il – 122, 1983-cü il – 220, 1984-cü il – 258, 1985-ci il – 215, 1986-cı il – 196, 1987ci il – 188, 1988-ci il – 290, 1989-cu il – 365 əmək günü (1965-1970-ci illərdə kişilər üçün illik norma 200 gün olmuşdur) – 9 tam əmək ili və əlavələr; 1990-ci il – 253, 1991-ci il – 199, 1992-ci il – 184, 1993-cü il – 66 əmək günü (1990cı ildən kişilər üçün illik norma 180 gün olmuşdur) – 3 tam əmək ili və əlavələr. Beləliklə, iddiaçının mərhum həyat yoldaşı 1971-1975-ci illər üzrə 2, 1976-1989-cu illər üzrə 9, 1990-1993-cü illər üzrə isə 3, cəmi 14 tam əmək ili kolxozda iş stajına malik olmuşdur. Göstərilən stajlar arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun: 4.1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 4.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir; 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-30 iyun 2021-ci il dövr aralığında qadınlara münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 62 yaş olmuşdur. Həmin qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4.Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. Qanunun 17.1-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qeyd olunan norma bizi Qanunun 12-ci maddəsinə göndərir ki, həmin 12.1-ci maddənin tələbinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Məcəllənin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Normaların təhlili onu deməyə əsas verir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici üç mühüm şərt müəyyən etmişdir: 1) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi iddiasında olan şəxsin vəfat etmiş və ya həlak olmuş ailə başçısının Qanunun 14.1-ci maddəsi ilə müəyyən edilmiş ailə üzvlərinin dairəsinə aid olması; 2) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin (ata, ana, ər, arvad) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 3) mərhum ailə başçısının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Göründüyü kimi, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı mərhum Q.Məmmədovun ailə üzvü olmaqla 14.1.2-ci maddəsində göstərilmiş subyektlər siyahısına daxildir və Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına, yəni xx.xx.2021ci il tarixə qadınlar üçün müəyyən edilmiş 62 yaş həddinə çatmışdır. İddiaçının 1952-ci il təvəllüdlü mərhum əri Q.Məmmədov xx.xx.2006-cı il tarixdə, 54 yaşında vəfat etmişdir. Q.Məmmədovun əmək qabiliyyətli yaş dövrü 39 il (54 (ölüm yaşı) – 15 (əmək hüquq və fəaliyyət qabiliyyətinin yarandığı yaş) = 39 il) təşkil etmişdir. Q.Məmmədovun əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması tələbi nəzərə alınmaqla, əmək qabilliyyətli yaş dövrünə münasibətdə onun 13 il (39x4 ay=156 ay=13 il) sığorta stajının olması tələb olunur ki, bu stajla da Qanunun 12.1ci maddəsində nəzərdə tutulmuş 5 il ümumi sığorta stajı əhatə olunmaqdadır. Cavabdeh də etiraz məktubunda iddiaçının mərhum ərinə münasibətdə 13 il sığorta stajının tələb olunduğunu qeyd etmiş, onun bu tələbə cavab verməməsi əsası ilə iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun yaranmadığını bildirmiş, imtinasını Q.Məmmədovun “Nərimanov” adına kolxozda işlədiyi illərə dair məlumatın onun əmək kitabçasında öz əksini tapmaması ilə əsaslandırmışdır. İşin mübahisəli halı, yəni iddiaçının mərhum əri Q.Məmmədovun mübahisəli sığorta stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının mərhum ərinin əmək haqqı hesablanmış dövrlər nəzərə alınmaqla, Göyçay rayon Ləkçılpaq kənd “Nərimanov” adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarına əsasən, əmək fəaliyyəti ilə məşğul olması və 14 tam əmək ili kolxozda iş stajına malik olması öz təsdiqini tapdığından, Q.Məmmədovun əlavə kolxoz stajının əmək günlərinin hesablanmasına zərurət qalmadan, onun tələb olunan 13 illik sığorta stajı tələbinə də cavab verdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının mərhum ərinin cəmi sosial sığorta stajı 14 ildən cox olmaqla tələb eələb edilən minimal 5 ildən artıq müddəti də əhatə edir ki, bu da iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayət edən minimum tələblərə cavab verdiyini ifadə edir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd qismində digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Odur ki, iddiaçının mərhum həyat yoldaşının Göyçay rayon Əhaliyə məişət xidməti istehsal idarəsində və kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2-1(102)-704/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...28. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər...” Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı mərhum əri X2 1966, 1968-1972, 1974-1977 və 1979-1993-cü illərdə Göyçay rayonu Ləkçıplak kənd “Nərimanov” adına kolxozda işləməsini təsdiq edən arxiv arayışına əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin edilməsi, hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə