Məhkəmə qərarları › İş №2-1(116)-178/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-178/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-178/2025 04.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-cı il tarixli 7 nömrəli iclasının qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair JN-1325A, KOD 40102018 olan Şəhadətnamədə qeyd olunan 0.13 ha həyətyanı torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-cı il tarixli 7 nömrəli iclasının qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair JN-1325A, KOD 40102018 olan Şəhadətnamədə qeyd olunan 0.13 ha həyətyanı torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə Balakən rayonu, Hənifə kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi, iddiaçı X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı JN 1325A KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki yerləşmə yeri fərqlidir. Faktiki istifadə olunan torpaq sahəsi isə ərazi idarəsinin xidməti istifadəsində olan DWJ və torpaqların elektron uçot xəritələrində bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Buna görə də ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Cavabdehin 10 yanvar 2024-cü il tarixli etirazı;

3. Balakən rayon dövlət arxivinin 30 dekabr 2024-cü il tarixli məktubu və ona əlavə oluan Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolu;

4. Balakən rayon Hənifə kəndi üzrə 1995-2005-ci illər üzrə təsərrüfatbaşına kitabdan X3 və ailə üzvlərinə aid hissədən çıxarış;

5. JN 1325A KOD 40102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3 və ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər;

7. Balakən rayonu, Hənifə Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli ayrıc aktı.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-47/2-4514/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iddia tələbinə əsasən iddiaçıların hüquqi marağı İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 JN 1325A KOD 40102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.13 ha həyətyanı torpaq sahəsinin üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq çıxarış və plan ölçü sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsası aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki yerləşmə yeri fərqlidir. Faktiki istifadə olunan torpaq sahəsi isə ərazi idarəsinin xidməti istifadəsində olan DWJ və torpaqların elektron uçot xəritələrində bələdiyyə mülkiyyəti kimi qeyd olunması ilə bağlıdır. İşin hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi X3 və Şəhadətnamədə adları qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi iddiaçılarıın faktiki istifadəsindədir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-47/2-4514/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X3 və qeyrilərinə dair JN-1325A, kod 40102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi Balakən rayonu Hənifə kəndinin ərazisində yaşayış məntəqələrinin torpaqlarına aid ərazi olmaqla naturada ölçüsü 0.2110 hektardır və faktiki naturada istəfədəçisi İddiaçı2dur. Mübahisələndirilən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüsü, döngə nöqtələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN-1325A, kod 40102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə JN-1325A. kod 40102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 013 ha torpaq sahəsinin cizgisi Balakən rayonu Hənifə bələdiyyəsinin adına hüququları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi ********** olan çıxarış sənədində göstərilən 0.06 ha torpaq sahəsinin cizgisinin bir hissəsi ilə üst-üstə düşür. Ancaq naturada faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.İddia olunan torpaq sahəsində tikili yoxdur həmin ərazi iddiaçının naturada istifadəsində olan qapalı həyət daxilindədir. İddia olunan 0.13 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə uyğunsuzluğu tərtib edilmiş yerquruluşu planında göstərilmişdir Göründüyü kimi -1325A, kod 40102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin koordinatlarında uyğunsuzluğun mövcudluğu onun mptəbərlyini istisna etmir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 0,13 ha torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla) İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-cı il tarixli 7 nömrəli iclasının qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair JN-1325A, KOD 40102018 olan Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.13 ha həyətyanı torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla) İddiaçı1, İddiaçı2, İddiaçı3 və Mamedov (Mamaedova) Kərim Çerkez oğlunun ümumi birgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar