Məhkəmə qərarları › İş №2-1(116)-1785/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1785/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1785/2022 21.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “həqiqi hərbi xidmət müddətinin və işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək həqiqi hərbi xidmət müddətinin və işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: xx.xx.2021- ci il tarixdə onun 65 yaşı tamam olmuşdur və o, yaşa görə əmək pensiyasına çıxmaq üçün aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətinə 18 may 2021 - ci il tarixdə **********6 nömrəli məktubla cavab verilərək yaşa görə əmək pensiyası təyin edilməkdən imtina edilmiş və ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. O, qeyd edilənləri qanunsuz və əsassız hesab edir. Hesab edir ki, ona yaşa görə sosial müavinət deyil, yaşa görə əmək pensiyası təyin edilməlidir. O, yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciət edən zaman, həqiqi hərbi xidmət müddətini təstiq edən sənəd, eyni zamanda əmək stajını təstiq edən sənədlər təqdim etmişdir. Sonuncu hüquqi sənədlər barəsində pensiya təyinatı aparılan zaman nəzərə alınmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır:

1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq,

2. pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixdə tərtib olunmuş əmək kitabçasına və H3 № ******* saylı hərbi biletin surətinə əsasən ümumilikdə sosial sığorta stajı 19 il 3 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. İş materiallarına əsasən X2 Filialının xx.xx.2021-ci il tarixli №79 saylı arxiv arayışına əsasən 1992-1996-cı illər üzrə yalnız 16 ay əmək haqqı ödənilmişdir. Bu səbəbdən yalnız həmin aylar sosial sığorta stajına daxil edilir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilmənəsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçıya məxsus xx.xx.1973-cü il tarixdə tərtib olunmuş əmək kitabçası və H3 № ******* saylı hərbi bilet; Azərbaycan Respublikası X2 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışı; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********010200 nömrəli məktubu; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli “Sənədlərin texniki ekspertizası”nın 5/1271-5/1274 nömrəli ekspert rəyi;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş və onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə əsasən kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, hər il 6 ay artırılır. İddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.1973-cü il tarixdə tərtib olunmuş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamışdır.Həmin tarixdən xx.xx.1974-cü il tarixə kimi iş yeri üzrə stajı 1 il 23 gün olmuşdur. H3 № ******* saylı hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur ki,həmin dövr ərzində stajı 2 il 1 ay 19 gün təşkil edir. Yuxarıda göstərilən əmək kitabçasına əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətini davam etdirmişdir.Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən X2 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışında iddiaçının Yevlax Kolxozlararası Tikinti İdarəsində işlədiyi, 1996-cı ilin sentyabr ayına qədər əmək haqqı aldığı göstərilmişdir. İddiaçı adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 6-7-ci səhifələrində əmək fəaliyyətinə aid qeydlərin araşdırılması zərurəti yarandığından məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1785/2022 nömrəli Qərardadı ilə iş üzrə məhkəmə-sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli “Sənədlərin texniki ekspertizası”nın 5/1271-5/1274 nömrəli ekspert rəyində qeyd olunur:

1. tədqiqata təqdim edilmiş İddiaçı adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 6 və 7-ci səhifələrdəki 2-ci və 3-cü qeydlərdə (7-ci səhifəsindəki “2004” əlyazma rəqəmlərindən başqa) hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi. Tədqiqata təqdim edilmiş İddiaçı adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 7-ci səhifəsindəki “2004” rəqəmlərindən “4” rəqəmin yerində əlavə cizgilər artırılaraq düzəlişlər aparılmışıdır. Həmin düzəlişlər yerli və intensiv olduğundan, ilkin rəqəmi müəyyən etmək mümkün olmadı.

2. Tədqiqata təqdim edilmiş Fərrux Yaqub oğlunun adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 6 və 7-ci səhifələrindəki möhür və ştamp əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur.

3. Tədqiqata təqdim edilmiş İddiaçı adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 7-ci səhifəsindəki möhür əksində azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “...Sənayə Komitəsi...Dövlət...днение Aзерагропром...Avtoekspedisiya tresti 5№-li RNK TTK №-5 Автоэкспедиционного треста..” yazıları, orta dairəsində “Kadrlar ...si ...Кадров” yazılar vardır (nöqtələrlə oxunmayan yazılar işarə edildi). Təqdim edilmiş İddiaçı adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 6 və 7-ci səhifəsindəki ştamp əksində azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Azərbaycan Respublikası İsteh.. İttifaqı....İstehsalat müəssisələr birliyi Yevlax...Азербайджанская Республика ...Евлахское...карное предприятие № 199-го” yazılar vardır (nöqtələrlə oxunmayan yazılar işarə edildi).

4. Tədqiqata təqdim edilmiş İddiaçı adına xx.xx.1973-cü il tarixli əmək kitabçasının 6-7-ci səhifələrdə əvvəl möhür və ştamp əkslərinə aid olan yazılar icra edilmişdir, daha sonra möhür və ştamp əksləri vurulmuşdur. Həmçinin, müvafiq dövlət orqanlarına verilmiş sorğular nəticəsində iddiaçının 2004cü il tarixədək işlədiyi iddia olunan Yevlax Təsərrüfatlararası Tikinti İdarəsi barədə məlumat aşkar olunmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1996-cı ilin oktyabr ayından xx.xx.2004-cü il tarixədək Yevlax Təsərrüfatlararası Tikinti İdarəsi işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “həqiqi hərbi xidmət müddətinin və işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 70 (yetmiş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 142595 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar