Məhkəmə qərarları › İş №2-1(116)-1786/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1786/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1786/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən iddiaçılara vurulmuş 22.300 manat və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 2500 manat, cəmi 24.800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçılara vurulmuş 22.300 manat və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 2500 manat, cəmi 24.800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, Respublikamda aparılan məlum torpaq islahatı zamanı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına uyğun olaraq yaşadıqları İsmayıllı rayon Qarakolluq kəndi ərazisindən dörd nəfərlik ailə üzvülərinin birgə mülkiyyətinə 0,98 ha əkin torpaq sahəsi verilmiş, mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq iddiaçıların adına Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0009 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı yazılmışdır. İddiaçıların birgə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən 28 yanvar 2022-ci il tarixdə **********67 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 179 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh ASC iddiaçıların xəbəri olduğu halda, lakin razılıqları olmadan və onlara heç bir kompensasiya ödənilməsi barədə bildirilmədən və kompensasiya verilmədən Oğuz-Qəbələ-Bakı su kəməri xətti birgə mülkiyyətlərində olan əkin torpaq sahəsinin 0,5037 ha hissəsindən keçirilmişdir. Bununla da iddiaçılara məxsus cəmi 0,5037 ha torpaq sahəsi qazılaraq şumlanmış, borunun basdırılması üçün kanal qazılmışdır. Nəticədə həmin torpaq sahəsində iddiaçıların əkdikləri taxıl bitkisi məhv edilmiş, əldə edəcəkləri 2000 kq buğda məhsulundan məhrum edilmişlər. Hazırda İsmayıllı rayonunda taxılın hər kiloqramının orta bazar qiyməti 60-65 qəpik olması nəzərə alınsa, 1300 manat məbləğində əldə edəcəkləri faydadan iddiaçılar məhrum olmuşlar. Bundan başqa mülkiyyətlərində olan 0,5037 ha əkin torpaq sahəsi dövlət ehtiyaclarına zəbt edilməklə iddiaçıların əllərindən alınsa da, qanunla nəzərdə tutulan kompensasiya ötən illər ərzində onlara ödənilməmişdir. Bu barədə müvafiq dövlət qurumlarına şikayət ərizələri yazsalar da, bu günədək müsbət nəticəsi olmamışdır. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 ha əkin torpaq sahəsinin orta bazar qiyməti 5000 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu hesabla cavabdeh tərəfindən dövlət ehtiyaclarına alınmış 0,5037 ha torpaq sahəsinə görə orta bazar qiyməti ilə 2500 manat + 20% (500 manat) = 3000 manat kompensasiya ödəməlidir. Nəzərə alınsa ki, dövlət ehtiyacları üçün alınan 0,5037 ha torpaq sahəsinə görə kompensasiya vaxtında ödənilmiş olsaydı iddiaçılar onunla başqa bir yerdən həmin ölçüdə əkin torpaq sahəsi alarlar və 2008-ci ildən ötən 14 il ərzində hər il ən azı 1300-1500 manat gəlir əldə edərdilər. Beləliklə də orta hesabla 1500 manat x 14 il = 21000 manat əldə edəcəkləri faydadan da məhrum olmuşlar. İddiaçılar hazırkı tələblə cavabdehə müracitə etmiş, lakin onların müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli 07/01-5/4/16156 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər qurğuların altına və sanitar-mühafizə zonasına düşən torpaq sahələrinin ölçülərinin və onların mülkiyyətçilərinin dəqiqləşdirilərək yerquruluşu xəritələrinin hazırlanması məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verdiyi göstərişə əsasən hazırda Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər qurğuların altına və sanitar-mühafizə zonasına düşən torpaq sahələrinin və onların mülkiyyətçilərinin dəqiqləşdirilməsi işlərinə başlanılmışdır. İsmayıllı rayonu ərazisində sözügedən kəmərin və digər qurğuların altına və sanitar-mühafizə zonasına düşən torpaq sahələrinin ölçüləri və onların mülkiyyətçiləri dəqiqləşdirildikdən sonra qaldırılan məsələyə müvafiq qaydada baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9059/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan JN-0009 kod 40718048 nömrəli dövlət aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 37 nömrəli qərarı ilə 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir. İş materiallarında olan A seriyalı 683273 nömrəli xx.xx.2022-ci il tarixli 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş plan-ölçü sənədi və xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonunun Qarakollu kəndində yerləşən 0,5037 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə paylı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,5037 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçılar torpaq sahəsinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alındığını bildirsə də, bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin məhkəmə araşdırması nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubunda əlavə olunmuş mütəxəssis rəyində xx.xx.2022-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,5037 hektar torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmadığını bildirmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçıların hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçılara münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən iddiaçılara vurulmuş 22.300 manat və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 2500 manat, cəmi 24.800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğin ödənilməsi barədə qərar qəbul olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar