Məhkəmə qərarları › İş №2-1(116)-1788/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1788/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1788/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “36 il 4 ay 8 gün ümumi və xüsusi stajını nəzərə alaraq xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1979-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 39 il 02 ay 16 gün əmək fəaliyyətində olduğu müddətin və 1981-1983-cü illər ərzində həqiqi hərbi xidmətdə olduğu illərin, cəmi 41 il 02 ay 16 gün iş stajı müddətinin sosial sığorta stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “36 il 4 ay 8 gün ümumi stajını və xüsusi stajını nəzərə alaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və həqiqi hərbi xidmətə çağırılanadək, yəni xx.xx.1981-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. 1981-1983-cü illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunub qayıtdıqdan sonra sonra xx.xx.1983-cü il tarixdən, hal-hazıradək, müəyyən fasilələrlə ümumi 39 il 02 ay 16 gün əmək fəaliyyətində olmuşdur. Bu hal rəsmi olaraq hazırda əmək fəailiyyətində olduğu idərə və müəssisələrin möhürü ilə təsdiq olunmaqla əmək kitabçasında qeyd edilmişdir. İddiaçı əmək fəaliyyətinə başladığı xx.xx.1979-cu il tarixdən hal-hazıradək əsasən zərərli işlərdə çalışmışdır. Ona görə də, pensiyanın təyin edilməsi məqsədi ilə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində nəzərdə tutulmadığından onun güzəştli iş stajı müəyyən edilməmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, halhazırda 62 yası vardır. İddiaçının əmək kitabçasının surətinə əsasən 16 fevral 1979-cu il tarixdən əmək fəaliyyətinə başladığı, 24 avqust 2005-ci il tarixdən bu günədək “ADY" QSC İnfrastruktur Departamenti 4 nömrəli X2 Sahəsində drezin maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən mərkəzi filiala "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli X2 Sahəsinin 01 mart 2023-cü il tarixli 18 nömrəli arayışı təqdim edilmişdir. Sözügedən arayışda iddiaçının 17 il 6 ay güzəştli sosial sığorta stajı olduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən əmək kitabçasında onun 24 avqust 2005-ci il tarixdən bu günədək "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli X2 Sahəsində drezin maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifə yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər (21.4) bəndinə uyqun deyildir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1- cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli X2 Sahəsinin xx.xx.2023-cü il tarixli 18 nömrəli arayışından görünür ki, iddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Dəliməmmədli təmas şəbəkəsində Drezin maşinisti vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 17 il 6 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri (vəzifə üzrə işin xüsusiyyətləri Magistral dəmir yollarının əlaqə şəbəkəsində ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 12 saylı qərar bəndinə (yarımbəndinə) və (və ya) 21-ci bölmə 4-cü yarımbəndin vəzifə koduna uyğundur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 543 nömrəli arayışından görünür ki, iddiaçı, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - ИT-İ ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979 - xx.xx.1981, xx.xx.1986 – xx.xx.1994, xx.xx.1983 - xx.xx.1984, xx.xx.1997 – xx.xx.1997, xx.xx.1984 - xx.xx.1984, xx.xx.1997 – xx.xx.2000, xx.xx.1985 – xx.xx.1985, xx.xx.2000 – xx.xx.2001, xx.xx.1985 – xx.xx.1986, xx.xx.2005 – xx.xx.2016, xx.xx.1986 – xx.xx.1986, xx.xx.2016 – xx.xx.2022. - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-6795/2023 nömrəli məktubundan görünür ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir. Eyni zamanda sözügedən qrupa drezinlər də daxildir. Drezin maşinisti peşəsi üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətləri müvafiq olaraq avtomotorisi idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçik həcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti qrupuna aiddir. Həmçinin "xxxx" QSC-də iş yerlərinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə drezin maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 33-19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasından (hissə 56-1) görünür ki, drezin sürücüsünün işinin xüsusiyyətləri olaraq dəmir yollarında hərəkət zamanı drezin idarə edilməsi, fəhlələrin və materialların, avadanlıqların, qurğuların iş yerinə daşınması, Stansiya hüdudunda manevr işlərinin görülməsi. Təmir, quraşdırma və yükləmədaşınma işlərində kran qurğuları və digər xüsusi drezin mexanizmləri və qurğularının idarəedilməsi. Drezinin, onun avadanlığının saz vəziyyətdə saxlanılması və onlara qulluq. Drezinin, onun qaldırıcı və digər xüsusi qurğularının nasazlıqlarının aradan qaldırılması qeyd edilmişdir. Avtomotorist maşinistinə münasibətdə işin xüsusiyyətləri isə aşağıdakı qeyd edilmişdir: - adamların daşınması üçün nəzərdə tutulan avtomotorisin idarə edilməsi, o cümlədən gərginlik altında olan və gərginlik altında olmayan kontakt şəbəkəsi qurğularının, quraşdırma işlərinin, dəmiryollarında istismar və qəza-bərpa işlərinin həyata keçirilməsi. avtomotorisin texniki xidməti. Mühərrikin, elektrik və hidravlik avadanlığın, tormoz sisteminin işarəverici cihazların, avtomotorisin hərəkət edən hissəsinin və onun yükqaldıran avadanlığın saz vəziyyətdə saxlanılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinin müşahidəsi, mexanizmlərin sürtülən hissəsinin yağlanması. Planlı xəbərdarlıq təmirində iştirak. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-cı ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Eyni zamanda iddiaçı, xx.xx.2005-xx.xx.2016, xx.xx.2016-xx.xx.2022-ci il tarixlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur (16 il 9 ay 28 gün). Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili - iddiaçının güzəştli iş stajının müəyyən edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin həmin dəlillini əsassız hesab edir. Belə ki, ADY” QSC İnfrastruktur Departamenti 4 nömrəli X2 Sahəsinin xx.xx.2023cü il tarixli 18 nömrəli arayışında iddiaçının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) - Dəliməmmədli təmas şəbəkəsində Drezin maşinisti vəzifəsində işləməsi və sözügedən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 12 saylı qərar bəndinə (yarımbəndinə) və (və ya) 21-ci bölmə 4-cü yarımbəndin vəzifə koduna uyğun olması qeyd edilmişdir. İstinad olunan qərarın “Nəqliyyat” (21) bölməsinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” (21.4) hissəsində motovozların və avtomotoristlərin maşinistləri peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olaraq qeyd edilmişdir. Cavabdeh orqan, iddiaçının işlədiyi “drezin maşinisti” peşəsinin motovozların və avtomotoristlərin maşinistləri peşəsinə aid olmadığını və həmin bənddə birbaşa nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında onun yerinə yetirdiyi peşənin adı “ADM (АГВ) maşinisti” qeyd edilmişdir. Məhkəmə tərəfindən drezin maşinistinin vəzifə funksiyaları və iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə yerinə yetirdiyi işin xarakteri, o cümlədən drezin maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güşətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda 21-ci bölmənin (4-cü yarım bəndində) göstərilən hansı vəzifəyə uyğun olması ilə bağlı "xxxx"QSC-yə sorğu ünvanlanmışdır. Sonuncunun təqdim etdiyi cavab məktubu ilə müəyyən edilmişdir ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir. Eyni zamanda sözügedən qrupa drezinlər də daxildir. Drezin maşinisti peşəsi üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətləri müvafiq olaraq avtomotorisi idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçik həcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti qrupuna aiddir. Həmçinin "xxxx" QSC-də iş yerlərinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə drezin maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının iş yerindən verilmiş arayışla birmənalı olaraq müəyyən olunur ki, onun əmək fəaliyyəti ilə məşğul olduğu “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsi istinad olunan qərarda qeyd edilmiş avtomotoristlərin maşinisti qrupuna aid olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Belə ki, arayışda “AQV”nin özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri olması, o cümlədən drezinlərin də sözügedən qrupa aid olması bildirir. Odur ki, məhkəmə hesab edir ki, “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsinin yerinə yetirdiyi işin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti peşəsinə uyğun olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 36 il 4 ay 8 gün ümumi stajını və xüsusi stajını nəzərə alaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar