Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1789/2023 05.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış və torpaqların alğı-satqısına dair aktla satılmış 0,045 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, DTXK-nın Yevlax RŞ-nin 28 dekabr 2006-cı il tarixli 17-9/499 saylı rəyi ilə Havarlı Bələdiyyəsinin mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin iddiaçıya satılmasının qanuna müvafiq olması bildirilmişdir. Bu barədə 28 dekabr 2006-cı il tarixli Torpaq sahəsinin yerquruluşuna dair Plan da təsdiq edilmişdir. Havarlı Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 198 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndi ərazisində 0,045 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və buna dair alqısatqı aktının bağlanması qərara alınmışdır. İddiaçı 29 dekabr 2006-cı il tarixli qəbzlə Havarlı Bələdiyyəsinin hesabına 72 manat pul ödəmişdir. Bundan sonra 29 dekabr 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” akta əsasən, Yevlax rayonu Havarlı kəndinin ərazisindən 0,045 ha torpaq sahəsinin iddiaçıya satılması təsdiq edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciəti etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-B-0005/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Yevlax rayon Havarlı Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçının arasında bağlanılmalı olan “Torpaq sahəsinin alqı-satqısına dair” akt və torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ərizəyə əlavə eedilməmişdir. Eyni zamanda, həmin torpaq sahəsinin elektron xəritə bazasında (DWJ) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğu göstərilmişdir. Həmçinin həmin qərarın olması barədə məlumat X3 filialında mühafizə olunan və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Qeyd edilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına əlavə etdiyi etirazında iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1789/2023 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1789/2023 nömrəli qərardadı ilə Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi, üçüncü şəxslər Yevlax rayonu Havarlı bələdiyyəsi və Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və üçüncü şəxslər bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına ərizə əlavə edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi, üçüncü şəxslər Yevlax rayonu Havarlı bələdiyyəsi və Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. X3 filialının xx.xx.2023-cü il tarixli 3-48-2-33/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin sənəd materialları mühafizə olunmaq üçün X4 təhvil verilmədiyindən İddiaçı adına verilmiş torpaq sahəsinin qərarını müəyyən etmək mümkün olmamışdır. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əlavə olunmuş: Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Əksəm kənd sakini İddiaçı həyətyanı məqsədilə 0, 045 ha torpaq sahəsi satılması barədə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Yevlax rayonu Havarlı bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 0,045 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/499 nömrəli rəyinin notariat qaydada təsdiq edilmiş surətində qeyd olunur ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,045 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin sənədlərin surətləri cavabdehin xx.xx.2023-cü il tarixli elektron etirazına da əlavə olunmuşdur. Cavabdeh həmin etirazda mübahisəli torpaq sahəsinin elektron xəritə bazasında (DWJ) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəyə əlavə olunmuş: 143139 nömrəli xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Yevlax rayonunun Havarlı bələdiyyəsinin hesabına ödənilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3413/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X1 X2”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 333,0 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı), uqodiyası təmiz örüş, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsinə aid sxemdə (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından faktiki İstifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. “X1 X2”ndəki xəritəsinə (TEKUİS) əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı), uqodiyası təmiz örüş. Torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Ümumi istifadəyə verilmiş təmiz örüş. Əlavə məlumat üçün bildirilir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi elektrik xəttinin qorunma zolağında yerləşir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir; 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Həmin Məcəllənin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. O cümlədən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olmasına baxmayaraq, həmin torpaq sahəsi iddiaçıya Havarlı bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Bələdiyyə iclasının qərarının və müvafiq iclas protokolunun arxiv nüsxəsi məhkəmə tərəfindən aşkar edilməmişdir. Torpaq sahəsi iddiaçıya həyətyanı məqsədlərlə ayrılsa da, iş üzrə mütəxəssis rəyinə əsasən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, kənd təsərrüfatına yararlı torpaq sahəsi olması, uqodiyasının təmiz örüş olduğu müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/499 nömrəli rəyinə əsasən şöbə tərəfindən verilmiş rəydə də satılması nəzərdə tutulan 0,045 ha torpaq sahəsiin kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. Həmçinin məhkəmənin sorğularına cavab olaraq cavabdeh tərəfindən və iş üzrə verilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, mübahisəli torpaq sahəsi həm elektron xəritə bazasında (DWJ) (köhnə məlumat bazası), həm də “X1 X2”ndəki xəritədə (TEKUİS) (yeni məlumat bazası) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə göstərilən mövqedən çıxış edərək Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1789/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1789/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver