Məhkəmə qərarları › İş №2-1(116)-1789/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1789/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1789/2024 17.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qələbə adına X6 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Qələbə adına X6 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə mərhum atası X1 Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsini atasının adına vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1789/2024 nömrəli qərardadı ilə Qax Rayonu Əmircan bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək “Qax rayonu Qələbə adına X6 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Qax rayonu Qələbə adına X6 İslahat Komlsiyasının xx.xx.1998-ci il tarixli, qərarı ilə Əmircan kəndində yerləşən fermanın yaşayış binası 26800 manat məbləğində dəyərləndirilmiş və iddiaçının mərhum atası X1 verilmişdir. Atası H.Mahmudov xx.xx.2011-ci il tarixdə, anası Ayna Mahmudova isə xx.xx.2005ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atası və anasından miras qalmış əmlakı istifadə və idarə edir. Miras əmlakla bağlı digər vərəsələrin heç bir mübahisəsi yoxdur. Hazırda o, əmlaka və əmlakın yerləşdiyi torpaq sahəsinə çıxarış əldə etmək istəyir. Buna görə də, cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X5 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə" xx.xx.2001-ci il tarixli 339 nömrəli aktın surəti ərizəyə əlavə edilsə də, Qax rayonu "Qələbə” adına kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilmiş yerli aqrar islahat komissiyasının kolxozun istifadəsində olan sözügedən əmlakın mülkiyyətə verilməsinə dair iclas protokolundan çıxarış qərarı, həmin kolxozun əmlakından pay almaq hüququ olan subyektlər arasında əmlak payı bölgüsü ilə əlaqədar atılmış püşklər cədvəli, ayrılmış torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi ərizəyə əlavə edilmədiyindən, həmçinin əlavə edilmiş "Əmlakdan pay haqqının verilməsi barədə” xx.xx.2001-ci il tarixli 339 nömrəli aktda əmlakların pulla ifadəsi göstərilməklə pay haqqı kimi verilmiş əmlakların növündə fərdi yaşayış evi göstərilmədiyindən ərizəçiyə 14.11,2023-cü il tarixli 3-21-3-39/2-M- 0117-8/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Yuxarıda qeyd olunanlara əsasən, Qax rayonu “Qələbə” adına X6 islahat komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyi iddia olunan Qax rayonunun Əmircan kəndində yerləşən fermanın yaşayış binası və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi qanunamüvafiq hesab olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023, xx.xx.2024-cü il tarixli imtina məktubları, AZ-İ 419375 №-li ölüm haqqında şəhadətnamə, Əmlakdan pay haqqının verilməsi barədə 339№-li Akt, Qax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş - Qax rayonu Qələbə adına X6 İslahat Komlsiyasının xx.xx.1998-ci il tarixli 10 saylı iclas protokolu və subyektlərə hesablanmış, veriləcək əmlak payına dair cədvəldən çıxarış, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması baradə arayışın cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi faktiki olaraq 2442 kv.m-dir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid , uqodiyası Tikinti altında olan torpaqlar (DWG faylında X7 - İctimai tikili altında olan torpaqlar) olmaqla Əmircan bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçı tərəfindən istifadə olunan 2442 kv.metr torpaq sahəsi üzərində sahəsi 163 kv.metr olan fərdi yaşayış evi və sahəsi 11 kv.metr olan köməkçi tikili (Günlük) yerləşir. Fərdi yaşayış evi köhnə tikilidi, dam ötrüyü yenilənib və hal hazırda İddiaçı tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsinə naturada baxış keçirərkən həmin fərdi yaşayış evinin Qax rayonu Qəbələ adına X6 islahat komisiyasının xx.xx.1998-ci il tarixli, qərarı ilə dəyərləndirilmiş qiyməti ödənilməklə mərhum atası X1 verildiyini bildirmişdir. İddiaçı sözügedən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğu ilə bağlı hüquq müəyyənedici sənəd qismində "Əmlakdan pay haqqının verilməsi barədə” xx.xx.2001-ci il tarixli 339 nömrəli akta istinad edir və sözügedən əmlakın mərhum atasına Qax rayonu “Qələbə” adına kolxozun YAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyini bildirir. Sözügedən “Akt”-da əmlakların pulla ifadəsi göstərilməklə pay haqqı kimi verilmiş əmlakların növü (o cümlədən fərdi yaşayış evi olması) göstərilməmişdir. Aktın “qeyd” hissəsində göstərilmişdir ki, bu Akt Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə tərəfindən Qax rayonu “Qələbə” adına kolxozun YAİK-nın xx.xx.1998-ci il tarixli qərarının, o cümlədən Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamənin təqdim edilməsi üçün aidiyyəti orqanlara sorğular verilmişdir. Qax rayon Dövlət Arxivi xx.xx.2024-cü il tarixli cavab məktubunda yerli AİK-nın iclasının xx.xx.1998-ci ildə keçirilməsini və iclas protokollarında və püşk siyahılarında H.Mahmudova qeyd olunan fermanın yaşayış binasının əmlak payı olaraq düşməsi barədə məlumatın tapılmamasını bildirmişdir. Eyni zamanda "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubunda Qax rayonu “Qələbə” adına kolxozun YAİK-nın xx.xx.1998-ci il tarixli iclas protokolunun və Hamzat Mahmudovun adına əmlak payına dair tərtib edilmiş “Mülkiyyət hüququ haqqında” Şəhadətnamənin mövcud olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Göründüyü kimi iddiaçı tərəfindən sözügedən daşınmaz əmlak obyektinə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində (o cümlədən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ında) nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qələbə adına X6 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar