Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-179/2021 19.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.12.2015-ci il tarixli 1/Ə-9953 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 26.08.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 1992-ci ildən 01 sentyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Goranboy özünümüdafiə taborunun tərkibində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı N №li hərbi hissə komandirinin 01.04.1992-ci il tarixli N №-li əmri ilə hərbi hissəyə qəbul edilərək, tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin döyüşlərdə aldığı xəsarətə görə iddiaçı 03 sentyabr 1992-ci ildən 25 sentyabr 1992-ci ilədək X2 stasionar müalicədə olmuşdur. Xəstəxanada müalicə olunduqdan sonra yararsız olduğundan evə qayıtmışdır. Lakin iddiaçı həmin dövrdə müharibə şəraiti olduğundan və Müdafiə Nazirliyində müəyyən problemlər olduğundan Müdafiə Nazirliyinin Hərbi-Həkim komissiyasından keçməmişdir. İddiaçının hərbi xidmətlə bağlı məsələsinə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 08.01.2009-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı xidmət etdiyi 5 ay ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi əməliyyatlardan 28 il keçməsinə baxmayaraq o, müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 21.10.2015-ci il tarixli 9/2-7307 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə (GƏÖMB-da) 30.06.1992-ci il tarixdən sonra iddiaçının hərbi xidməti təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 02.06.2021-ci il tarixli, 11/2659 nömrəli etiraz məktubunda qeyd edilr ki, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli, 383-İ QR Qərarının 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır”. Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı Goranboy ərazi özünümüdafiə batalyonu Müdafiə Nazirliyinin tərkibinə keçdiyindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəsinə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən baxılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun 03.09.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Tərtər hərbi prokurorluğu tərəfindən 08.01.2009-cu il tarixdə, 1968-ci il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin 2001-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə qəbul edilmiş qərarın surətinin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Şəki Şəhər (Rayon) Polis Şöbəsinin 03.10.2020-ci il tarixli məktubuna əlavə edilən 9 nömrəli əlavədən görünür ki, əməliyyat-sorğu kartotekasında iddiaçı barədə heç bir məlumat yoxdur. İş materiallarında olan 09.02.2021-ci il tarixli arxiv arayışında qeyd edilir ki, Goranboy ƏÖMB-nun komandirinin 01 aprel 1992-ci il tarixli N №-li əmrilə sıravi İddiaçı (əsas: § 1, səh 3) tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB-nun komandirinin 01 may 1992-ci il tarixli 2 №-li əmrilə 1967-ci il təvəllüdlü, sıravi İddiaçı (əsas: § 1, səh 20) aşbaz vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB-nun komandirinin 30 iyun 1992-ci il tarixli 6 №-li əmrilə sürücü, sıravi İddiaçı (əsas: səh 31) iyun ayı üçün əmək haqqı verilmişdir. Qeyd edirik ki, Goranboy ƏÖMB-nun komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, Goranboy ƏÖMB-nun komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və X1 X4 şəhər şöbəsinin məhkəməyə ünvanladığı 13.07.2021-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı oğlu 01 07.1986-cı il tarixdən 30.05.1998-ci il tarixədək müddətli hərbi xidmət keçmiş, qanuni əsaslarla ordu sıralarından təxris olunmuşdur (əsas: İddiaçı hərbi bileti, səh 4).
2. İddiaçı oğlu 01.04.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək GƏÖMB-da hərbi xidmət keçmişdir (əsas: İddiaçı hərbi bilet, səh 5).
3. İddiaçı oğlu 01.04.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək Goranboy- Ağdərə istiqamətində gedən döyüşlərdə GƏÖMB-nun tərkibində iştirak etmişdir (əsas: İddiaçı hərbi bilet, səh 7).
4. AR Müdafiə Nazirliyi İ.İ.Mərkəzi Arxivinin 09.02.2021-ci il tarixli, 912-946 saylı arayışında İddiaçıA oğlunun 01.04.1992-ci il tarixdən 30.08.1992-ci tarixədək GƏÖMT-da xidməti göstərilmiş, iyul-avqust 1992-ci il tarixlərdə GƏOMB-da xidməti barədə məlumatın aşkar olunmadığı qeyd edilmişdir. GƏOMB komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərinin MN-nin Mərkəzi Arxivinə daxil olmadığı göstərilmişdir.
5. İddiaçıA oğlunun AR MN-nin nəznində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”na ünvanladığı məktuba cavab olaraq Komissiya qeyd edir ki, İddiaçıA oğlunun sənədlərinə 17.02.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmiş, GƏÖMB komandirinin nizami hissə üzrə əmrlərində iyulavqust 1992-ci il tarixlərdə İddiaçı oğlunun xidməti barədə məlumat aşkar olunmadığından, ona “Veteran adı və müvafiq vəsiqənin verilməsindən imtina edilmişdir.
6. MN-nin aparatı nəznində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” Mərkəzi Arxiv arayışında GƏÖMB-nun 1992-ci il iyul-avqust ayları üzrə məlumatlarda İddiaçı oğlunun xidməti barədə məlumat aşkar olunmamasını qabartsa da, nədənsə, İddiaçı oğlunun hərbi bilütinin 5, 7-ci səhifələrində 1992-ci il iyul-avqust ayları üzrə xidmətinin və döyüşlərdə iştirakının elə həmin GƏÖMB komandirinin imzası və möhürü ilə təsdiqlənməsi faktını göstərməmişdir. Bu hal komissiyanın öz vəzifə səlahiyyətlərini düzgün tətbiq etməməsi, vəzifəli şəxslərin hərəkətsizliyi və qərəzililiyi anlamına gəlir. Bununla da Komissiya İddiaçı oğlunu haqq etdiyi “Veteran adı”na layiq görülməsi hüququndan bilərəkdən məhrum edilmişdir. Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasından sonra 09.10.1991-ci iİ tarixdə Azərbaycan Ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin Qərarı qəbul edilmişdi. Həmin dövrdə Ölkəmiz işğalçı Ermənistan Respublikası millətçi qüvvələri ilə yanaşı separatçı Dağlıq Qarabağın erməni silahlı quldur dəstələrinin təcavüzü qarşısında qalmışdı. İlk dəfə idi ki, çağırışçı gənclər Orduya cəlb edilirdi, bu isə Ölkə ərazisinin cüzi hissəsinin müdafiəsinə yetirdi. Ordunun tam komplektləşdirilməsinə bir neçə il lazım gələcəkdi. Belə ağır bir vəziyyətdə Müdafiə Nazirliyi yeganə düzgün qərar qəbul edərək, könüllülərin hesabına Ordunu komplektləşdirilməsinə qərar verdi və təcavüzkar Ermənistan Respublikası ilə həmsərhəd ərazilərimizdə, keçmiş DQMV ərazisi ilə bitişik bölgələrimizdə özünümüdafiə dəstələri, batalyonları yaradılmağa başlandı. Goranboy rayonunda da özünümüdafiə batalyonu yaradılmışdı. İddiaçı oğlu Konstitusion borcunu yerinə yetirərək, ərazi bütövlüyümüzü qorumaq üçün könüllü olaraq GƏÖMB-na qoşulmuşdu. 18.03.1992-ci il tarixdən düşmənlə üzbəüz mövqelərə dislokasiya edilən GƏÖMBnu, 01.04.1992-ci il tarixdə Müdafiə Nazirliyində rəsmi qeydiyyata alınmışdı. GƏÖMB 01.04.1992-ci ii tarixdən 12.07.1992-ci il tarixədək müdafiə mövqelərində xidmət etmiş, 12.07.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək erməni quldur silahlı dəstələrinin işğalı altında olan ərazilərimizin azad edilməsi döyüşlərini aparmışdır. GƏÖMB 12.07.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək keçmiş Şaumyan(kənd) rayonunun Buzluq, Mənəşid, Başkənd, Şaumyan (aşağı Ağcakənd), Xarxaput (Meşəli), Qaxtut, Qaraçinar, Manas, Gülüstan, Ağdərə rayonunun Talış, Madagiz (Suqovuşan), Maqavuz, Metşen, Moxrataq, Nerkin Orataq, Akop Kəməri, Drmbon (Heyvalı), Paqosamer 1, Paqosamer 2 kəndlərini, Karyer, Çıldıran Yüksəkliklərini, Sərsəng su anbarını, Kasapet dağ silsilə yüksəkliklərini digər özünümüdafiə batanyonları ilə birlikdə düşmən işğalından azad etmişdir. Göstərilən dövrlərdə İddiaçı oğlu GƏÖMB-nun tərkibində xidmət etmiş və bu hal onun 90481 saylı hərbi biletinin 5,7-ci səhifələrində qanuna müvafiq qaydada təsdiqlənmişdir. GƏÖMB 01.09.1992-ci tarixdə Müdafiə Nazirliyinin müvafiq əmri ilə ləğv edilmişdir. Bu hal o deməkdir ki, İddiaçı GƏÖMB-nun ləğv edildiyi ana, yəni 01.09.1992-ci tl tarixədək hərbi qulluqçu statusunu daşımışdır və iddiaçının hərbi qulluqçu statusunu itirməsi səbəbi GƏÖMB-nun ləğvinə görədir. Komissiyanın “01.09.1992-ci il tarixdən sonra GƏÖMB-na dair məlumatların Mərkəzi Arxivə daxil olmamışdır” ifadəsi müxtəlif qənaətlərə yol açır, qeyri-müəyyən halların ola biləcəyinə rəvac verir ki, bu da Mərkəzi Arxiv və Komissiyanın qərəzli mövqeyinin olmasına əsaslar yaradır. Əslində isə Mərkəzi Arxiv GƏÖMB-nun 01.09.1992-ci il tarixdə ləğv olunduğunu, Batalyonun bu tarixdən sonra fəaliyyəti və ona dair arxiv məlumatlarının mövcud olmadığını dəqiq bilir. Daha bir vacib məqam Komissiyanın İddiaçı oğluna Veteran adı və müvafiq vəsiqəsinin verilməsindən imtina edilməsinin səbəbi ilə bağlıdır. Belə ki, Komissiya Arxiv arayışına istinad edərək İddiaçıA-nın 1992-ci il aprel-may-iyun ayları üzrə xidməti barədə məlumatların Mərkəzi Arxində olduğunu, iyul-avqust ayları üzrə olmadığını əsas gətirərək, ərizəçinin xahişindən imtina etdiyini göstərmiş, amma ərizəçinin hərbi biletində qeyd edilmiş (090481 saylı h/bilet, 5, 7-ci səhifələr) iyul-avqust ayları üzrə xidməti və döyüşlərdə iştirakı barədə təsdiqlənmiş məlumatların olduğunu göstərməmişdir. Qeyd edirik ki, döyüşlərdə iştirak edən döyüşçünün vəzifəsi komandirlərinin əmr və tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Döyüşçünün öz hərbi xidməti barədə məlumatların səlahiyyətli şəxslər tərəfindən düzgün qeydiyyata alınmasına nəzarət etməsi kimi öhdəliyi yoxdur. İddiaçı Aftandil oğlu müddətli hərbi xidmətini keçməsinə baxmayaraq, 01.04.1992-ci il tarixdə GƏÖMB-da təkrar hərbi xidmətə könüllü olaraq qoşulmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmışdır. Onun təkrar hərbi xidmətə getməsi, vətəninə məhəbbət hissindən, Konstitusiya borcunu vermək, torpaqlarımızın bütövlüyünü təmin etmək istəyindən qaynaqlanmışdı. İş materiallarında olan Goranboy ƏÖMB komandirinin 01.04.1992-ci il tarixli 1 nömrəli əmrinin 01.04.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı tərkibinə daxil olduğu Göranboy şəhərində özünümüdafiə 2-ci atıcı batalyonu yaradılmış və iddiaçı tağım komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Goranboy ƏÖMB komandirinin 01.05.1992-ci il tarixli 2 nömrəli əmrinin 01.04.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.03.1992-ci il tarixli əmrinə uyğun olaraq Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N nömrəli hərbi hissə adlandırılmış və İddiaçı təsərrüfat şöbəsinə aşbaz təyin edilmişdir. İş materiallarında olan Goranboy ƏÖMB komandirinin 30.06.1992-ci il tarixli 6 nömrəli əmrinin 01.04.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı 1992-ci ilin iyun ayında batalyonun şəxsi heyətinin tərkibində olmuş və ona əmək haqqı ödənilmişdir. iş materiallarında olan iddiaçının 090481 nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, həmin hərbi biletdə iddiaçının 01.04.1992-ci ildən 01.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Goranboy ərazi özünümüdafiə taborunda hərbi xidmət keçdiyi qeyd edilmişdir. İddiaçının hərbi biletində həmçinin onun 01.04.1992ci il tarixdən 01.09.1992-ci il tarixədək Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə Goranboy ərazi özünümüdafiə taborunun tərkibində iştirak etdiyi qeyd edilmişdir. İş materiallarında olan X3 “ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış”ın surətindən görünür ki, iddiaçı X2 03.09.1992-ci il tarixdən 25.09.1992-ci il tarixədək stasionar müalicə almışdır.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Qanunvericiliyə görə hərbi bilet şəxsin döyüşlərdə iştirak etməsini sübut edən sənəddir. Lakin hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları əlavə olunmadığı təqdirdə, məsələnin həllinə formal yanaşılmamalı, işin bütün halları nəzərə alınmaqla qərar çıxarılmalıdır. Əgər iddiaçı bu cür sübutları təqdim etməmişsə, lakin məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq Müdafiə Nazirliyinə verdiyi sorğulara alınmış cavablar iddiaçının hərbi biletində əksini tapmış məlumatların həqiqiliyinə dəlalət edirsə və iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət etməsi və hərbi əməliyyatlarda iştirak etməsini aydın şəkildə birmənalı təsdiq edirsə, iddiaçının tələbi perspektivli ola bilər. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus 090481 nömrəli hərbi biletdə qeyd edilmişdir. İddiaçının 090481 nömrəli hərbi biletində onun 01.04.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Goranboy ərazi özünümüdafiə batalyonu 01.09.1992-ci il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə ləğv edildiyindən iddiaçının hərbi xidmət müddəti həmin tarixdə başa çatmışdır. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Belə ki, iddiaçının hərbi xidmətlə bağlı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 08.01.2009-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlarla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı döyaşlərdə aldığı xəsarətlərlə əlaqədar 03.09.1992-ci il tarixdən 25.09.1992-ci il tarixədək stasionar müalicə almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-nin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni döyüşən hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İddiaçının təqdim etdiyi hərbi biletində lazımi şəkildə təsdiq edilməklə aparılmış qeydlər və arxiv materiallarında əksin tapmış məlumatlar, onun 01.04.1992-ci ildə hərbi xidmətə çağırılması, döyüş əməliyyatlarında iştirak etməsi və ehtiyata buraxılmasını təsdiq edən sübutdur. İşin bu vəziyyətində, İPM-nin 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan bu baxımdan mövqeyini iddiaçının hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının təqdim olunmadığını göstərir. Cavabdehin bu mövqeyi formal baxımdan yuxarıda qeyd olunan Əsasnamənin 1-ci bəndinə uyğundur. Lakin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından görünür ki, inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənmiş, əlavə araşdırma aparılmamışdır. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidmət etməsi barədə hərbi biletində, habelə şəxsi işində əksini tapmış məlumatların arxiv məlumatları ilə təsdiqlənməsi ona görə mümkün olmamışdır ki, hərbi hissənin həmin dövrə aid sənədləri arxivə təhvil verilməmişdir. Yəni arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, «hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir, «hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə iddiaçının tələbi təmin olunmamalıdır» kimi gəlinən nəticə isə inzibati icraatın mütanəsiblik prinsipi ilə uzlaşmır. İddiaçının təqdim etdiyi sübutlar mötəbər sayıldığına görə, formal tələblərə əməl olunmaması əsas götürülməklə onun tələbinin təmin olunmaması, mütənasiblik prinsipinə uyğun deyildir. (oxşar hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1167/2020 saylı 24.06.2020-ci il tarixli qərarında da sərgilənmişdir.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı ərizəsində “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.12.2015-ci il tarixli 1/Ə-9953 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələb etsə də, axır nəticədə onun arzusu ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin o tərzdə ifadə olunması məhkəməyə tələbə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxmağa mane olmur və tələbdən kənara çıxma kimi qəbul edilməməlidir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla ordudan tərxis edilmişdir. İddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyil. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov