Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-179/2022 17.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı kimi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin üzərinə mənzil növbəsinə götürülməsi ilə bağlı öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbində göstərmişdir ki, o, 1984-ci ildən 1997-ci ilədək Daxili işlər orqanlarında vətənə xidmət etmiş, xidmət etdiyim dövr ərzində könüllü olaraq torpaqların bütövlüyü uğrunda gedən 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə veteranıdır. Müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş 80 manat məbləğində müharibə veteranı pulunu alır. O, qanunvericilikdən irəli gələn hüquqlarını nəzərə alaraq, Cavabdehnə rəsmi şəkildə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilməsini xahiş etmiş, cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina etmiş, imtinaya əsas kimi isə yeni mənzil məcəlləsində belə bir qaydanın olmadığı göstərilmişdir. O, cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, “Veteranlar haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, o, mənzil növbəsinə qeydə alınmalı və mənzillə təmin edilməlidir. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan SSR Mənzil Məsəlləsinin tələblərinə əsasən şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar öz vəsaitləri hesabına inşa etdirdikləri mənzillərin 10%-ni İcra Hakimiyyətinə (keçmiş XDS- nin İcraiyyə Komitəsinə) verirdilər ki, həmin mənzillər şəhər İcra Hakimiyyətində (XDS- nin İcraiyyə Komitəsində) mənzil növbəliyində dayanan imtiyazlı şəxslərə, əlillərə, hərbiçilərə, həkim, müəllim və digər sahələrdə çalışan vətəndaşlara növbəlilik əsasında verilirdi. Lakin Mingəçevir şəhəri ərazisində 1996-cı ildən sonra ictimai mənzillər tikilmədiyi üçün bu kateqoriyadan olan və mənzil növbəliyinə alınmış beş yüzə yaxın vətəndaşın mənzillərlə təmin edilməsi imkansız olmuşdur. 2009-cu ilin oktyabr ayının 1-dən Azərbaycan Respublikasının Yeni Mənzil Məcəlləsi qüvvəyə minmiş və həmin tarixdən Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədən düşmüşdür. Yeni Mənzil Məcəlləsində yalnız vətəndaşların sosial kirayə müqaviləsi əsasında uçota alınması nəzərdə tutulmuşdur. Lakin şəhər ərazisində sosial mənzillər tikilmədiyindən mənzil növbəliliyi aparılmır. Hazırkı dövrdə yalnız Azərbaycan Respublikası Prezidentinin 25.01,2021-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzil növbəliyinə alınırlar və onların adları dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Belə ki, sərəncamla bu kateqoriyadan olan şəxslərin yaşayış sahələri ilə təmin edilmələri bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Vətəndaş İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək onun veteran olmasını nəzərə alıb mənzil növbəsinə alınmasını və mənzillə təmin edilməsini xahiş etmişdir. Ərizəsinə heç bir təsdiqedici sənəd əlavə etməmişdir. Onun müraciəti üzrə ünvanına 977 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda İddiaçı "xxxx"MMC tərəfindən inşa olunacaq binalardan güzəştli şərtlərlə mənzil əldə etmək hüququnun olması və növbəyə alınma qaydası izah edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2016-cı il tarixli Fərmani ilə "xxxx"MMC-nin sərəncamında olan mənzillərin vətəndaşların güzəştli əldə etməsi Qaydası” təsdiqlənmişdir. Qaydalara görə ən azı üç il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslərin "xxxx"MMC-nin inşa etdiyi mənzillərdən yaşayış sahəsi əldə etmək hüququ vardır. Həmin Fərmanla güzəştli şərtlərlə mənzil əldə etmək üçün növbəyə dayanmaq qaydaları da ətraflı göstərilmişdir. İddiaçı iddia ərizəsində müharibə veteranı kimi mənzillə təmin olunmasına dair öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. Bu isə qeyri-realdır. Çünki Mingəçevir şəhərində 25 il ərzində ictimai mənzillər tikilmədiyi üçün Dövlət mənzil fondunda boş yaşayış sahəsi yoxdur. İddiaçı imtiyazlı şəxs hesab edilmir. Onun şəhər İcra Hakimiyyətində mənzil növbəliyi yoxdur. Məlumat üçün bildiririk ki, Cavabdehndə hazırkı dövrdə 435 nəfər imtiyazlı şəxs mənzil növbəsindədir. Onlardan 136 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi, 41 nəfər Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslər, 25 nəfər Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslər, 47 nəfər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox zabit kimi xidmət etmiş, yaşayış sahəsi ilə təmin olunmamış şəxslər, 186 nəfər ayrı-ayrı səbəblərdən əlil olan (gözdən, istehsalatda qəza nəticəsində, ümumi xəstəlikdən və s.) şəxslərdir. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 006146 №-li vəsiqədən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yanvar 1998-ci ildə “müharibə veteranı” vəsiqəsi verilmişdir. - Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı MİS-nin xx.xx.2022-ci il tarixli 319 №-li arayışından görünür ki, iddiaçı, 20 yanvar küçəsi ev 33, mənzil 4-də, sahəsi 47.05 kv.m olan mənzildə yaşayır. Mənzildə 8 nəfər qeydiyyatdadır. - cavabdehin xx.xx.2022-ci il tarixli 783 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının yaşadığı yaşayış sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 47.05 kv.m sahəsi olan yaşayış sahəsində iddiaçının bacısı X2 və onun iki oğlu qeydiyyatda olsalar da faktiki olaraq yaşamırlar. Mənzil iddiaçının anası X6 məxsusdur. Xanım Nəsirova xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının qeydiyyatda olduğu mənzildə onun 5 nəfərdən ibarət olan öz ailəsi yaşayır. - Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2160 №-li arayışından görünür ki, iddiaçı, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, anası X4 qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2020-ci il tarixdə notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-01/2020 saylı vərəsəlik işi açılmışdır. Digər vərəsələr qızı – X2, oğlu X5 mirası qəbul etmişdirlər. X3 xx.xx.2020-ci il tarixli ərizəsi ilə miras əmlakdan bacısı X1 xeyrinə imtina etmişdir. digər vərəsələrin olması barədə notariat ofisində heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi : İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Qanunun 3-cü abzasında qeyd edilmişdir ki, bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 №-li “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Azərbaycan Respublikası Mənzil Məcəlləsi” Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının, Qarabağ müharibəsi veteranı kimi mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçının müharibə veteranı olması tərəflər arasında mübahisə olunmur. İşin mübahisəli halı iddiaçının mənzil uçotuna alınmamasının əsası - onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməməsi olmuşdur. Belə ki, cavabdehin iddia tələbinə etirazının əsası onunla bağlıdır ki, iddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 47.05 kv.m sahəsi olan mənzildə yaşayır, buna görə də mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, o cümlədən imtiyazlı şəxs sayılmır. İddiaçı isə bununla razılaşmır və mövqeyini onunla əsaslandırır ki, o, müharibə veteranıdır və qanunvericiliyin tələbinə görə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imtiyazlara malikdir. Bundan başqa yaşadığı ev mərhum anasına məxsus olmuş, mərhum anası vəfat etdikdən sonra digər bacı və qardaşları tərəfindən miras qəbul edilmişdir. Yaşadığı mənzilin sahəsi 47.05 kv.m olsa da, faktiki olaraq həmin mənzil tamamilə ona məxsus deyil. İddiaçının qeyd edilən dəlilləri əsassızdır və onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinə əsas vermir. Çünki Mənzil Məcəlləsinin yuxarıda qeyd olunmuş 50-ci maddəsnin tələbindən göründüyü kimi, uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırki halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi və yaşayış sahəsinin uçot normasının miqdarı ilə bağlı qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, üç ay müddətində həmin Məcəllənin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin. Qüvvədə olan Mənzil Məcəlləsində isə yalnız yataqxanalarda və manevr fondu yaşayış sahələrində adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması müəyyən edilmişdir (104.1; 105.1). Beləliklə də, yaşayış sahəsinin uçot normasının miqdarı 6 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş şəxslər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Belə olduqda isə müəyyən olunur ki, iddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 47.5 kv.m. ümumi, hər adama 6 kvadratmetrdən çox olan yaşayış sahəsində yaşayır. Həmin mənzilin iddiaçının mülkiyyətində olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, idiaçı özü də həmin miras əmlakda paya malikdir və digər vərəsələrdən fərqli olaraq faktiki olaraq həmin mənzildə yaşayaraq əmlaka sahiblik edir. Həmçinin qeyd edilməlidir ki, Müharibə veteranı olaraq yuxarıda istinad olunmuş “Veteranlar haqqında” Qanunda iddiaçının imtiyazlı şəxs olaraq mənzil uçotuna götürülməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmadığından cavabdeh orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev