Məhkəmə qərarları › İş №2-1(116)-179/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-179/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-179/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X3 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı Nəbiyev Gündüz 16 iyun 1974-cü ildə anadan olmuşdur. Silahlı Qüvvələrdə 23 iyun 1992-ci ildən 06 dekabr 1995-ci ilədək həqiqi hərbi xidmətdə olarkən xx.xx.1995-ci ildə xəstəlikdən vəfat etmişdir. Lakin, bu günə qədər iddiaçı mərhum X4 üçün nəzərdə tutulan 11000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin iddiaçıya verilməsi üçün nəzərdə tutulmuş ümumi siyahıya X2 adının əlavə edilməsi xahişi ilə bır çox tarixlərdə cavabdehə ərizə ilə müraciət etmişdir. Tələb icra olunmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 xx.xx.1995-ci il tarixdə hərbi xidmət zamanı “Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti Toksiki şok terminal mərhələ” dioqnozu ilə vəfat etmişdir.

3. İş materiallarında olan İV-ЖГ seriyalı 426318 nömrəli ölüm haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1995-ci ildə vəfat etmişdir.

4. 801 nömrəli Ölüm haqqında Həkim Şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.1995-ci ildə “Kəskin nekrotik appendisitdən sonra yayılmış irinli-nəcis peritoliti Toksiki şok terminal mərhələ” dioqnozu ilə vəfat etmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 430 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-4 sıra-18) xx.xx.1992-ci il tarixdə Ucar RHK-dan çağırılmış, X3 hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilərək hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xidmətini davam etdirmək üçün N Ne-li hərbi hissəyə göndərildiyindən komandirin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 Ns-li əmrində (əsas: §-2, səh-25) xx.xx.1992ci il tarixdə Respublika Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş çağırışçıların hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilməsi barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissənin xx.xx.1992-xx.xx.1992-ci il tarixli “Adlı siyahılar" qovluğunda (əsas: səh-20, sıra-10) Ucar RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü X3 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 199 №-li əmrilə (əsas: §-1, səh-33) xx.xx.1994-cü il tarixdən 1-ci QADN hərbi qulluqçusu, sıravi X1 müalicə olunmaq üçün Sabirabad Dəri-zöhrəvi xəstəxanasına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrində (əsas: §-8, səh-40, sıra-78) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən 1-ci QADN hərbi qulluqçularının siyahısında, sıravi X3 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 32 №-li əmrində (əsas: §-1, səh-29, sıra-75) N №-li hərbi hissədən xidmətlərini davam etdirmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq Haubitsalı Artilleriya divizionuna təyin olunmuş hərbi qulluqçuların siyahısında, 2-ci batareyanın 1-ci tağımında hesab nömrəsi vəzifəsində, sıravi X3 adı qeyd olunmuşdur. Artilleriya Divizionunun 2-ci batareyasının 3-cü tağımında hesab nömrəsi vəzifəsində xidmət edən, sıravi X4 xidməti yerini özbaşına tərk etdiyinə görə, N Ne-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli169 №-li əmrilə (əsas: §-8, səh-13, sıra- 205) xx.xx.1995-ci il tarixdən ştatdan kənar saxlanılmışdır. Əvvəl xidməti yerini özbaşına tərk etmiş, ştatdan kənar saxlanılmış, sıravi X4 hərbi hissəyə qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 208 №-li əmrilə (əsas: §-1, səh-11, sıra-1) xx.xx.1995-ci il tarixdən qazan təminatına salınaraq Artilleriya Divizionunun 1-ci batareyasının 2-ci tağımında hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur.

Əsaslandırma hissəsi:

Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. “Hərbi qulluqçuların icbari tibbi sığortası haqqında” Qanun : Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; Maddə 6. Sığortanın aparılması qaydası Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır. Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; Sığorta məbləği, sığorta ödənişi üçün tələb edilən sənədlər və sığorta ödənişinin verilməsi “Hərbi qulluqçuların icbari tibbi sığortası haqqında” Qanunla və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə tənzimlənmişdir.

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ... və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə ... verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. ...

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, mərhum X4 xx.xx.1995-ci il tarixdə hərbi xidmət zamanı vəfat etmişdir. Lakin, mərhum G.Nəbiyevin hərbi xidmət zamanı vəfat etməsi faktı özlüyündə onun adının birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. X2 06 dekabr 1995-ci il tarixdə vəfat edərkən hərbi hissənin tərkibində olması,hərbi hissədə xəstəlikdən vəfat etməsi işin mübahisəsiz halıdır. Qeyd olunan fakt mərhumun hərbi xidmət zamanı vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir.Odur ki,iddiaçının tələbi yuxarıda qeyd olunan normativ aktların təsir dairəsinə daxil olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X3 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar