Məhkəmə qərarları › İş №2-1(116)-1791/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1791/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1791/2023 29.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının “Yusifova” soyadının “Yusifbəyli” soyadına dəyişdirilərək “Yusifbəyli” soyadı kimi qeydiyyata alınması və müvafiq akt qeydlərində bu barədə qeyd edilməklə yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının “Yusifova” soyadının “Yusifbəyli” soyadına dəyişdirilərək “Yusifbəyli” soyadı kimi qeydiyyata alınması və müvafiq akt qeydlərində bu barədə qeyd edilməklə yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.1974-cü ildə Şəki şəhərində anadan olmuşdur. Doğumun dövlət qeydiyyatı xx.xx.1974-cü il il tarixində Şəki rayon Qeydiyyat Şöbəsində aparılmışdır. Soyadının “Yusifova”dan “Yusifbəyli”yə dəyişdirilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, Həmçinin Şəki regional "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 22 nömrəli “soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi”nə əsasən İddiaçı adı “Gülnarə”dən “Gülnar”a dəyişdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaların 6.2- ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsullu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Elmlər X2 qərarında ad və soyad seçimi zamanı titul bildirən,bəy,xan,hacı,əfəndi və s kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə edilməməsinin tövsiyə edilmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. AZ-İİ seriyalı 612606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01,09,2021-ci il tarixdə İddiaçı doğum haqqında şəhadətnamə verilmişdir.

2. 14.06.2022-ci il tarixdə verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,vəsiqə X5 verilmişdir.

3. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-280/2023 nömrəli məktubuna əlavə edilmiş iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Gülnar”, soyadı “Yusifova”, ata adı “Rasim”, doğulduğu yer Şəki, doğulduğu il xx.xx.1974-cü il, atası X6, anası X3, ünvanı Şəki şəhəri, Şəhriyar küçəsi ev 55 göstərilmişdir.

5. xx.xx.1974-cü il tarixli 126 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının, adı “Gülnarə”, ata adı “Rasim” soyadı “Yusifova”, doğum tarixi “ xx.xx.1974-cü il” kimi qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq X1 qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar X1 qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının : 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.5. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir. 5.6. Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir. 5.7. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir. 5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. 5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X1 Reyestri Xidmətinə bildiriş göndərir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir qanunverciliklə müəyyən edilmişdir. İddiaçının hüquqi marağı “Yusifova” soyadının “ova” sonluğunun “bəyli” soyad sonluğuna dəyişdirilməsindən ibarətdir. Cavabdehin imtina əsası isə Azərbaycan Respublikasının Elmlər X2 qərarında ad və soyad seçimi zamanı titul bildirən,bəy,xan,hacı,əfəndi və s kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə edilməməsinin tövsiyə edilməməsi olmuşdur. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, sözügedən qərar Azərbaycan Milli Elmlər X2 Terminologiya Komissiyasının nəzdində adlar və soyadlar üzrə komissiyasının “Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında qərar”ıdır.İlkin olaraq yuxarıda adı çəkilən qərar tövsiyə xarakteri daşımaqla məcburi hüquqi qüvvəyə malik inzibati akt deyildir. Qərara əsasən, soyadların yeni seçim sisteminin təsdiq edilməsi və təklif olunan töv siyələrin 2011ci il yanvarın 1dən başlayaraq yeni doğulanların soyad seçimi zamanı nəzərdə t utul-ması haqqında müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb. Məsələnin hüquqi aspekti ilə bərabər linqvistik və etnik baxımdan da araşdırdıqda hazırkı iş üzrə cavabdehin imtinasının müvafiq əsasının olmadığı müəyyən edilir.Belə ki,dilimizdə şəxlərə verilən adların özünün titul bildirən sözlərdən ibarət olduğuna dair kifayət qədər misallar mövcuddur.Yəni,Əfəndizadə,Hacılı və ya ulu babanın adının hər hansı titul ehtiva etmədən “Əlibəy”, “Hacısalman” olması əsasından yaranan “Əlibəyli”, “Hacısalmanov” soyadının verilməsi mümkündür.Hazırda cəmiyyətimizdə "...bəyov", "...xanov" tipli tarixi soyadlar da az deyil. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olmadığından və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə İddiaçı doğum haqqında akt qeydində “Yusifova” soyadının “Yusifbəyli” soyadına dəyişdirilərək düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar