Məhkəmə qərarları › İş №2-1(116)-1791/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1791/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1791/2024 09.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şifahi şəkildə hüquqi yardım göstərərək hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyi izah edilmişdir.Belə ki, hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin edilməsinə cavab verməli inzibati orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmadığı, həmin hissədə cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olduğu,iş materiallarına əsasən iddiaçının həmin orqana müraciətinin olmadığı, iddianın “öhdəliyin icrası haqqında” iddia növündə olduğu,bu iddianın mümkün sayılması üçün iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana müraciət edilməli olduğu iddiaçının nəzərinə çatdırılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia “xx.xx.2022-ci il hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin edilməsi”nə dair iddiası mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İddia ərizəsinə əlavə edilmiş Əlilik altsistemindən çıxarışdan görünür ki,iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2022ci il tarixində müddətsiz üçüncü dərəcə əlilik təyin edilmişdir.Yəni,hazırkı iddia tələbi iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun deyildir.Belə ki,o,“xx.xx.2022-ci il tarixindən hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin edilməsi” tələbini düzgün cavabdehə qarşı yönəltmədiyindən iddia mümkün sayılmamalıdır.İddiaçının düzgün cavabdehə qarşı ilkin müraciəti olmadığından iddia tələbinin dəqiqləşdirilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar