Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1794/2022 16.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayonu 619 saylı apteki vaxtı ilə iddiaçı işlətmişdir. Lakin 2015-ci ildə bütün respublika ərazisi üzrə apteklərin fəaliyyəti dayandırılmış və ona görə də iddiaçı da həmin aptekin fəaliyyətini dayandırmış və bir müddət sonra bütün həmin apteklər Zeytun firmasının istifadəsinə verilmişdir. Lakin iddiaçı apteklər fəaliyyətini dayandırdıqdan sonra əczaçılıq fəaliyyəti ilə məşğul olmamış, həmin aptekdə digər şəxs əczaçılıq lisenziyası əldə edərək fəaliyyət göstərmişdir. Bir müddət sonra iddiaçı işsiz qaldığına görə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bu yaxınlarda Azərbaycana qayıtdıqda ona İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsindən xəbərdarlıq gəlmiş və həmin xəbərdarlıqda göstərilmişdir ki, Zaqatala rayonu 619 saylı aptekin (VÖEN **********) xx.xx.2022-ci il tarixə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq fonda ümumilikdə 3809,31 manat borcu vardır. İddiaçı hesab edir ki, borc qanunsuz və əsassız hesablanmış və bu səbəblə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********476700 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Zaqatala rayon 619 saylı Aptekə hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının qanunsuz və əsassız hesablandığını və halhazırda həmin hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqları üzrə ümumiyyətlə borcunun olmadığını qeyd etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə 30 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yəyındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir və qeyd edilən funksiyanın icrası 2019-cu il yanvar ayının 1-dən Vergilər Nazirliyinə (Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Araşdırma zamanı iddiaçının mübahisələndirdiyi və hal-hazırda onun şəxsi hesab vərəqəsində mövcud olan 3809,31 manat borc məbləğinin əvvəlki dövr üzrə “SALDO” şəklində (yəni 1 yanvar 2019-cu il tarixdən əvvəlki dövr üzrə) əks etdirilən borc olduğu müəyyən edilmişdir. Məhz buna görə də qeyd olunan borc məbləğinə, onun tərkibinə və hesablanmasına aydınlıq gətirilməsi üçün 13 sentyabr 2022-ci il tarixli xidməti məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin müvafiq filialına rəsmi sorğu ilə müraciət edilmişdir. Alınmış 30 sentyabr 2022-ci il tarixli, **********1 saylı cavab məktubuna əsasən müvafiq qurum tərəfindən yuxarıda qeyd olunan, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi və silinməsini tələb etdiyi 3809,31 manat borc məbləğinin tərkibinə ətraflı şəkildə, hesablanmanın əsası tam göstərilməklə aydınlıq gətirilmişdir. Cavab məktubu və həmin məktuba əlavə olunmuş cədvəldən açıq-aydın görünür ki, İddiaçı bugünkü günə, onun şəxsi hesab vərəqəsi üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş qalan 3809,31 manat sosial sığorta haqları üzrə borcu vardır (Müvafiq təsdıqedici sənədlər etiraza əlavə olunur). Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mümkün iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.4-cu maddəsinə əsasən Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəalarının tətbiq edilmədiyini qərarında qeyd etmiş, qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. İşin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən heç bir yoxlama həyata keçirilməmiş, göstərilən məbləğdə sosial sığorta haqları üzrə borc xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcları və ödənişlərindən ibarətdir. Göründüyü kimi borc xx.xx.2019-cu il tarixədək hesablanmış borcdan ibarətdir. DSMF cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda göstərilmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin 2015-ci ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 717 manat 40 qəpik borcu 2018-ci ilin avqust tarixinə silinmişdir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina olunmasından ibarət hərəkəti qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1794/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1794/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver