Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1797/2022 01.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kirayədə qaldığı müvəqqəti mənzil kirayəsi xərclərinin Cavabdeh tərəfindən (may ayı daxil olmaqla) ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respunblikası Silahlı Qüvvələrinin mayor rütbəli ehtiyatda olan hərbi qulluqçusudur. xx.xx.2018-ci il tarixində ehtiyata buraxılmış və ehtiyat zabit olaraq qeydiyyata alınmışdır.Hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra daimi yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır.Hesab edir ki,qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları daimi yaşayış sahəsi olmayan hərbi qulluqçuları ehtiyata və istefaya buraxıldıqdan sonra mənzil uçotuna götürməli, mənzillə təmin etməli və onlara mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini ödəməlidirlər.Bu məqsədlə cavabdehə yazılı şəkildə müraciət edərək mənzil uçotuna götürülmüş və ona 2022 -ci ilin aprel ayı da daxil olmaqla müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişi həyata keçirilmiş, 2022 -ci ilin may ayından isə həmin ödəniş dayandırılmışdır. Bununla bağlı Cavabdehnə rəsmi şəkildə müraciət etmiş,cavabdeh xx.xx.2022-ci il tarixli, 1284 nömrəli məktubla kirayə müqaviləsində göstərdiyi ünvanda yaşamadığını bildirərək ödənilməli olan kirayə haqqını dayandırmışdır. Odur ki, kirayədə qaldığı müvəqqəti mənzil kirayəsi xərclərinin cavabdeh tərfindən ödənilməsini üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli etirazında iddianı qəbul etməmiş və xx.xx.2022-ci il tarixli imtina məktubunun dəlillərinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: - EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Ali Komandanlıq Məktəbini 2001-ci ildə bitirmiş, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2018-ci ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən ehtiyata buraxılmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana müraciəti təmin edilməmişdir. - İddiaçı xx.xx.2019-cu ildə X2 məxsus olan, Mingəçevir şəhəri Kənar küçəsində 2ci döngə, 11 nömrəli mənzili ilə bağlı sonuncu ilə xx.xx.2029-cu ilədək müddətə kirayə müqaviləsi bağlamışdır. - Mingəçevir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iddiaçıya göndərilmiş məktubundan görünür ki,iddiaçı fərdi mənzil tikintisi üçün torpaq ayrılması ilə bağlı növbəlilik əsasında qeydiyyata götürülmüşdür. - Cavabdeh xx.xx.2018-ci il tarixli 56 nömrəli Sərəncamından görünür ki,iddiaçı ailə üzvləri ilə birlikdə mənzil uçotuna götürülmüşdür. - Cavabdeh Başçısı tərəfindən yaradılmış komissiya üzvləri tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə iddiaçının kirayə müqaviləsi bağladığı ünvanda yaşamadığına dair akt tərtib edilmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir.Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Həmin normalardan göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ehtiyata və ya istefaya buraxılmış bütün şəxslər üçün deyil, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı isə yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə yox, öz arzusu ilə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçıya müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kirayədə qaldığı müvəqqəti mənzil kirayəsi xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə