Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1799/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007ci il tarixli 78 nömrəli sərəncamı ilə X5 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 313 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə X5 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 313 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Zərdab Rayon İcra Hakimiyyəti başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli Sərəncamı ilə Ucar rayonu Şilyan kənd sakini İddiaçı X5 “Məlikmudlu və Sovxozyeri” adlanan hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerqurluşu sənədləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə 313 hektar torpaq sahəsi icarəyə ayrılmışdır. Həmin sərəncam əsasında 20 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi naturada tanıdılmış, yerquruluşu planı hazırlanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilərək, hər il icarə haqqı, eləcə də torpaq vergisi ödənilmişdir. Sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün tərəfindən cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini araşdırmış və müəyyən etmişdir ki, icarəsində olan torpaq sahəsinin bir hissəsi "xxxx" MMC-nin (**********39 reyestr nömrəli) və bir hissəsinin də Zərdab Rayon İcra Hakimiyyətinin (**********10 reyestr nömrəli) adına verilmiş çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədindən göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu səbəbdən müraciətinin icrasından imtina edilmişdir. İddiaçı tərəfindən yenidən inzibati orqana müraciət edilərək, **********10 reyestr nömrəsi ilə Zərdab Rayon İcra Hakimiyyətinin, eləcə də **********39 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına verilmiş çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsində müvafiq dəyişikliyin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən 298,3 hektar və 21,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** və ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən 298,3 hektar və 21,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyatı ilə bağlı iddiaçı Zərdab RİHB-nın xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamını, xx.xx.2007-ci il tarixli 78 nömrəli İcarə müqaviləsini, ləğv edilmiş DTXK-nın Zərdab rayon şöbəsi tərəfindən verilmiş Rəyi və Yerqurluşu planından çıxarışı sənəd əsas kimi təqdim etmişdir. Torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə icarəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsin icarəsində olan **********10 və **********39 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Bu səbəbdən də ərizənin icası mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********91 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinin üst-üstə düşən hissəsində müvafiq dəyişikliyin edilməsi ilə bağlı ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı icarəsində olan Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən 313 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının **********10 və **********39 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla üst-üstə düşdüyü aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluğun aradan qaldırılmasına müvafiq icra orqanları və məhkəmələr tərəfindən baxılır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********60 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə vətəndaşın icarəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsin icarəsində olan **********10 və **********39 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Əlavə olaraq bilidirilmişdir ki, torpaq sahəsinin şimal istiqamətindən 17,7 hektar və 2,84 hektar hissəsi qonşu rayonun ərazisinə düşür. Bu səbəblərdən də vətəndaşın ərizələrinin icrası mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1799/2022 nömrəli qərardadı ilə Zərdab Rayon İcra Hakimiyyəti və "xxxx" MMC hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəsində “Zərdab Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə X5 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 313 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1799/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs "xxxx" MMC nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, MMC-yə ünvanlanmış məhkəmə sənədləri poçt xidməti tərəfindən “həmin ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iddiasını geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə həmçinin iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən də imzalanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007ci il tarixli 78 nömrəli sərəncamı ilə X5 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 313 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1799/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1799/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver