Məhkəmə qərarları › İş №2-1(116)-1799/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1799/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1799/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus Balakən rayonu, Kortala kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Kortala Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli 06 saylı iclas protokoluna uyğun olaraq koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Balakən rayonu, Kortala kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Kortala Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli 06 saylı iclas protokoluna uyğun olaraq koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1799/2024 nömrəli qərardadı ilə Balakən rayonu, Kortala Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2007-ci il tarixdə ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədi ilə Balakən rayonu, Kortala Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Kortala Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli 06 saylı iclas protokoluna əsasən ev tikmək məqsədi ilə iddiaçıya 0.12 ha torpaq sahəsinin verilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, torpaqların alqı-satqısı haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 fərmanına, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2002-ci il tarixli fərmanına, bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq, Kortala kənd sakini İddiaçı bələdiyyə mülkiyyətinə aid olan kəndin perspektiv inkişafı üçün saxlanmış "Xurçu 2" adlı ərazidən 0.12 ha torpaq sahəsi həyətyanı üçün verilməsi nəzərdə tutulsun və Balakən rayon Tikinti və Memarlıq şöbəsinin, DTXK-nin rayon şöbəsinin rəyləri alındıqdan sonra iddiaçıya həyətyanı sahənin ölçülüb göstərilməsinə köməklik edilsin. Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən xahiş edilsin ki, həmin sahədə tikiləcək tikililərin smeta- layihə sənədlərin hazırlanmasına köməklik göstərsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən xahiş edilsin ki, torpaqqayırma sahələrinin hazırlanmasına və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinə köməklik göstərsin. Həmin torpaq sahəsi üçün hüquqi sənədin alınmasına köməklik göstərilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. İddiaçı həmin torpağın DƏDR-də qeydiyyata alınması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş. Cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqan iddiaya münasibətində bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Balakən RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2008-ci il tarixli, 30 nömrəli məktubu.

3. İddiaçının təqdim etdiyi Balakən rayonu Kortala Bələdiyyəsinin sədrinin xx.xx.2007-cı il tarixli 151 nömrəli sərəncamından görünür ki, Balakən rayonu Kortala Bələdiyyəsi ərazisindən 0.12 ha İddiaçı mülkiyyətinə verilmişdir.

4. İddiaçının təqdim etdiyi Balakən rayonu Kortala Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 06 nömrəli protokolundan görünür ki, Balakən rayonu Kortala Bələdiyyəsi ərazisindən 0.12 ha İddiaçı mülkiyyətinə verilmişdir.

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir

6. İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 457 manat məbləğində torpağın dəyəri Balakən rayonu Kortala Bələdiyyəsinin hesabına ödənilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İddiaçı Balakən rayonu Kortala Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 06 nömrəli qərarı ilə kənd ərazisində 0,12 ha torpaq sahəsinin ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı Balakən rayonu Kortala Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 06 nömrəli qərarının arxiv nüsxəsinin əldə olunması üçün araşdırılma aparılmışdır. Balakən rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən sözügedən qərarın qəbul olunduğu iddia edilən Balakən rayonu Kortala Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 06 nömrəli iclas protokolunun surəti məhkəməyə təqdim olunmuşdur. Həmin iclas protokolu nəzərdən keçirilmiş, protokolda İddiaçı adı qeyd edilməmiş, ona torpaq ayrılması faktı aşkar edilməmişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd). Qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. "Bələdiyyə statusu haqqında haqqında" Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya Balakən rayonu Kortala Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 06 qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin protokolda iddiaçının adı olmamış, protokola əsasən ona torpaq satılmadığı müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş Balakən rayonu Kortala Bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli 151 saylı Sərəncamı hüquqmüəyyənedici sənəd deyildir. Belə ki,qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin,yəni kollegial orqanın qərarı ilə deyil,bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi Sərəncam əsasında iddiaçıya ayrılmışdır. Kollegiallıq Prinsipinə uyğun olaraq bələdiyyələr kollegial orqan kimi fəaliyyət göstərir və onların qərarları bələdiyyə üzvlərinin iştirakı ilə ümumi iclaslarda qəbul olunur.Torpaq və əmlakın satışı ilə bağlı məsələlər kollegial iclaslarda müzakirə edilərək qərar qəbul edilməlidir.Bələdiyyə sədrinin səlahiyyətləri yalnız icraedici funksiyaları yerinə yetirmək və kollegial qərarların icrasını təşkil etməkdən ibarətdir.Sədr yalnız kollegial orqanın (bələdiyyə üzvlərinin) qəbul etdiyi qərar əsasında sərəncam imzalaya bilər. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan,iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı qərarın mövcud olmaması səbəbindən iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus Balakən rayonu, Kortala kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Kortala Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli 06 saylı iclas protokoluna uyğun olaraq koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar