Məhkəmə qərarları › İş №2-1(116)-180/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-180/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-180/2020 10.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Yevlax X12 İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Yevlax “xxxx” X9 ekspeditor vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1954-cü ildə Yevlax rayon Cırdaxan kəndində anadan olmuşdur. xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Yevlax X12 İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Yevlax “xxxx” X9 ekspeditor vəzifəsində işləmişdir. Yaşı və iş stajı ilə əlaqədar olaraq əmək pensiyasına çıxmaq üçün DSMF-nun Yevlax rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax X12 idarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxx” X5 işlədiyi müəssisələr hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığına və Azərbaycan Respublikası Dövlət Yevlax Arxivinə verilmədiyinə görə həmin illəri sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X17 Məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə protokol qərardadı ilə icraata qəbul olunmuşdur. Cavabdehin iddiaya münasibəti: Aşağıda göstərilən qeydlərə əsasən iddia əsassızdır və təmin edilməməlidir:

1. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə qədər X16 ticarət idarəsində işlədiyini iddia edir. Lakin AR Yevlax rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il 36/10 nömrəli cavab məktubunda qeyd olunub ki, vətəndaşa aid sənədlər təhvil verilməmişdir, bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil.

2. İddiaçıya məxsus əmək kitabçasında X4 işə daxil olma tarixi xx.xx.1994, əmrin nömrəsi isə 15 olaraq qeyd olunmuşdur. Həmin müəssisədə işdən çıxma tarixi göstərilsədə, heç bir möhürlə təsdiq edilməmişdir. AR Yevlax rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il 35/10 nömrəli cavab məktubunda işə daxil olma haqqında əmrin tarixi xx xxxx 1994-cü il nömrəsi 09 saylı olaraq göstərilmişdir. Bundan başqa, işdən çıxma əmr kitabı arxiv tərəfindən müəyyən edilməmişdir. Əlavə olaraq, arxiv arayışında göstərilən qeydlər yəni işə daxil olma və əmrin nömrəsi əmək kitabçasında göstərilən qeydlərlə üstüstə düşmür.

3. Vətəndaş İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə qədər “xxxx” Təmir-tikinti müəsissəsində işlədiyini iddia edir. AR Yevlax rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il 36/10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, X19-tikinti İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Yevlax Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəsissələrdəki iş stajını müəyyən etmək mümkün olmadı. Bundan başqa, iddiaçının işdən çıxma ilə bağlı aparılan sənədləşmə qeyri iş gününə təsadüf edir. Göstərilənləri nəzərə alaraq, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim etmiş yuxarıda qeyd olunan 3 səbəbdən başqa iddiaçının pambıqtəmizləmə zavodunda işlədiyi müddəti də mübahisələndirmiş, əsası kimi əmək kitabçasında olan möhürün latın qrafikası ilə olmasını qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək 118 nömrəli mağazada satıcı vəzifəsində, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək “xxxx” X5 ekspeditor vəzifəsində işləmişdir. İş materiallarında olan DSMF-nun Yevlax şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı əyani təhsil illəri sosial sığorta stajına daxil edilərsə eyni ilə ümumi stajı 25 ildən artıq olarsa onun yaşa göə ümumi əsaslarla pensiya hüququ yaranır. İş materiallarında olan DSMF-nun Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli xidməti məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixində pensiya almaq hüququ yaranır, onun xx.xx.1974-xx.xx.1974-cü illərdə X12 İdarəsində, xx.xx.1998-xx.xx.2003-cü illərdə Yevlax “xxxx” X9 işləməsi mübahisəli iş stajına daxildir və 7 il 5 ay 4 gün olmaqla pensiya kapitalı 6257,48 manat təşkil edir. Vətəndaşın mübahisələndirilməyən iş stajı 21 il 6 ay 29 gün olmaqla 18179,79 manat pensiya kapitalı təşkil edir. Vətəndaşın tələbində qeyd olunan müddət daxil edilərsə pensiya almaq hüququ yaranır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 88/10 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yevlax X12 İdarəsinin və Yevlax “xxxx” X10 əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Yevlax Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X7 xx.xx.2020-ci il tarixli **********446700 nömrəli məktubunda qeyd olunmuşdur ki, “xxxx” X11 xx.xx.1997-ci il tarixdə 32220 saylı şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. X1 tərəfindən təsis edilmiş, xx.xx.1997-ci il tarixdə ********* saylı 9 rəqəmli VÖEN ilə, xx.xx.2019-cu il tarixdən isə ********** saylı 10 rəqəmli VÖEN ilə vergi uçotuna alınmışdır. Müəssisə 10 rəqəmli VÖEN ilə vergi uçotuna xx.xx.2019-cu il tarixdən alındığı üçün həmin tarixdən əvvəlki dövrdə fəaliyyəti haqqında məlumatın verilməsi mümkün deyildir. Məlumat-uçot bazasına əsasən müəssisənin fəaliyyəti xx.xx.2019-cu il tarixdən aktivdir və xx.xx.2019-cu il tarixdən X14 müəssisənin direktoru vəzifəsinə təyin olunmuşdur. Məlumat-uçot bazasında İddiaçı “xxxx” X5 işləyib-işləməməsi, vergi və sosial sığorta ödənişləri barədə məlumatların verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 35/10 nömrəli məktubunda qeyd olunur ki, yevlax rayonu X2 xx.xx.1994-cü il tarixli 09 saylı əmrinə əsasən İddiaçı X3 baş aqronom vəzifəsinə təyin olunmuşdur. Yevlax rayon X2 1997-ci ilin əmr kitabı Yevlax Dövlət Arxivinə verilmədiyindən iddiaçının işdən çıxma əmrini müəyyən etmək olmamışdır. Yevlax rayon X2 1994-1997-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı təsərrüfatda işləyərək 1994-cü il 230100 manat, 1995-ci il 538900 manat, 1996-cı il 887380 manat, 1997-ci il ******* manat əmək haqqı almışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMFnun Yevlax şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surəti, DSMF-nun Yevlax şəhər şöbəsinin xx.xx.2019cu il tarixli **********4 nömrəli məktubu, DSMF-nun Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 88/10 nömrəli məktubu, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə X15 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 175 nömrəli məktubu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X7 xx.xx.2020-ci il tarixli **********446700 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 35/10 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi:

İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2020-ci il tarixdə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ilə bağlı məhkəmə qeyd edir ki, x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlər ilə bağlı cavabdehin etirazının dəlilləri əsassızdır. İddiaçıya pensiya təyin olunmasından imtinanın səbəbi xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax X12 idarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxx” X5 işlədiyi müəssisələr hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığına və Azərbaycan Respublikası Dövlət Yevlax Arxivinə verilməməsi olmuşdur. Qeyd olunan halı cavabdeh orqan məhkəməyə göndərdiyi ilk etirazda da qeyd etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi iddiaya etirazda artıq ilkin imtinanın əsası olmayan digər dəlil irəli sürmüş, axırıncı iclasda isə bundan başqa ümumiyyətlə mübahisələndirilməmiş məsələ ilə bağlı dəlil gətirmişdir. Cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə inzibati araşdırma aparılmamışdır. Hətta iddiaçının pensiya hüququnun yarandığı vaxtı da səhv qeyd etmişlər. İddiaçı xx.xx.1954-cü ildə doğulduğu halda onun pensiya yaşına xx.xx.2018-ci il tarixində çatdığını bildirmişlər. Etirazda X3 iddiaçının işləməsini mübahisələndirən cavabdehin özünün etiraza əlavə etdiyi arxiv arayışından iddiaçının orada işləməsi təsdiqini tapır. Pambıq təmizləmə zavodunda olan iş stajı ilə bağlı isə dəlillər sonradan düzgün aparılmamış inzibati icraatın qanuni və əsaslı olması görüntüsü yaratmaq məqsədi ilə irəli sürülmüşdür. Əmək kitabçasında şübhəyə əsas veriləcək qaralama və düzəliş edilməmiş, əmək kitabçasında qeydlərin ardıcıllığı və aparılma qaydasına əməl edilmişdir. “xxxx” Təmir-tikinti müəsissəsində iddiaçının işdən çıxması ilə bağlı aparılan sənədləşmənin qeyri iş gününə təsadüf etməsi isə qeyd olunan stajın saxta olmasına dəlalət etmir. Şənbə və bazar gününün qeyri-iş günü olması həmin günlərdə işləməyin qanunsuz olmasına səbəb olmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X20) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: -birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar