Məhkəmə qərarları › İş №2-1(116)-1801/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1801/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1801/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya məxsus Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş, 06 mart 2024-cü il tarixində iş məhkəmənin icraatına daxil olmuşdur. İddiaçıya xx.xx.2024-cü il tarixində hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia ərizəsinin “xahiş etdim” hissəsində qeyd edilən “torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması” hissəsinə əsasən iddiaçının hüquqi marağı aydın deyil və cavabdehin müdaxiləsinin nədən ibarət olduğu qeyd edilməmişdir. Hüquqi marağının aydın ifadə etməsi və iddia tələbini dəqiqləşdirməsi üçün iddiaçıya 5 gün müddət təyin edilmişdir. İddiaçı yardım məktubunu alsa da münasibət bildirməmişdir. İddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş FHN-nin DYNX-nin məktubundan görünür ki,iddiaçının müraciəti əsasında araşdırma aparılmışdır.Məktubun məzmunundan iddiaçıya məxsus qeyri-yaşayış binasının giriş qapsının digər vətəndaşın tikilini genişləndirməsi nəticəsində bağlandığı və bununla bağlı Ucar RİH-nə qanunsuz tikili ilə bağlı məlumat verildiyi müəyyən edilir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının tələbi Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsinə nail olmaqdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi hal iki hissədən ibarətdir :

1. Ucar RİH tərəfindən Ucar şəhəri Oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması;

2. İddiaçıya məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi; İddianın birinci hissəsi üzrə tələb inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia),ikinci hissəsi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) aiddir. Lakin,idda ərizəsində qeyd olunan tikiliyə olan müdaxilənin nədən ibarət olduğu göstərilməmiş,həmin müdaxilənin Ucar RİH tərəfindən olmasına dair hər hansı məlumat təqdim edilməmişdir.İddiaçının əlavə etdiyi yuxarıda qeyd olunan məktubun məzmunundan müəyyən edilir ki,tikiliyə müdaxilə digər şəxsin hərəkəti nəticəsində baş vermiş,bu isə mülki hüquqi qaydada mübahisələndirilməlidir. İddianın ikinci hissəsi inzibati aktla bağlı deyil, cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Belə olan halda iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki,bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış binasına müdaxiləsinin nədən ibarət olması müəyyən edilmədiyindən,tələbin ikinci hissəsinə münasibətdə müraciətinin təmin olunmasından imtina etməsi və ya müraciətini cavabsız saxlaması iş materialları ilə müəyyən olunmur. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar