Məhkəmə qərarları › İş №2-1(116)-1801/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1801/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1801/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "hərbi biletində qeydlərə düzəliş edilməsi və möhürlənməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "onun N saylı hərbi hissədə xidmətdə olması, fərari olması barədə məlumatların hərbi biletinin 4-cü səhifəsindən silinməsi, N saylı hərbi hissədə hansı müddətdə xidmət keçməsi, N saylı hərbi hissədə Füzuli rayonu Aşağı Veysəlli uğrunda hərbi əməliyatlarda iştirakı və yaralanması barədə məlumatların, habelə yaralandıqdan sonra hansı qərarla sıradankənar olduğu barədə məlumatların hərbi biletinə işlənib möhürlənməsi” öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi, müvafiq təkliflər verilməsi və hüquqi marağına uyğun hüquqi yardım göstərilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş, iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, Qarabağ qazisi olmasına baxmayaraq bugünədək müharibə veteranı adı, eləcə də əlillik dərəcəsi ala bilməmişdir. Hərbi biletində fərari olmasına dair qeyd mövcuddur. Bundan başqa, N saylı hərbi hissədə hərbi xidmət keçməsi və yaralanması, habelə yaralandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından hansı qərarla tərxis olunması barədə hərbi biletində qeyd aparılmamışdır. Bütün bunlar ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsi ilə nəticələnmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 16.3. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi: Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. (10 iyun 2011-ci ilə qədər qüvvədə olmuşdur) Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. (10 iyun 2011-ci ilə qədər qüvvədə olmuşdur) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı: İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Bənd 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Bənd 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Bənd 16.4.İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırda onun hərbi biletində qeydlərə düzəliş edilməsi və möhürlənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbini irəli sürsə də, onun məhkəmədə iddia qaldırmaqda məqsədi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və N saylı hərbi hissədə xidmət keçməsi barədə sübutu təqdim etməklə gələcəkdə ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən ibarətdir. Yəni iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən barətdir. İddiaçı hesab edir ki, hərbi biletində onun hərbi xidmətinin faktiki xarakterinə zidd məlumatların qeyd olunması ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə mane olur. Buna görə də, o, özünə məxsus sənədlərdə göstərilən məlumatların düzgün qeyd edilməsini cavabdeh orqandan tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin tələbləri baxımından atəşkəs dövrünədək iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması şərti, eyni zamanda hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma şərti sübuta yetirilməlidir. Sadalanan şərtlərin kompleks yerinə yetirilməsi şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsas ola bilər. Həmin şərtlərdən yalnız birinin (və ya bir neçəsinin) mövcudluğu iddiaçının yekun nail olmaq istədiyi hüquqi nəticəyə çatımlılığını təmin etməyəcəkdir. Başqa sözlə sadalanan şərtlər tam şəkildə mövcud olmadığı halda müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün olmayacağından, hərbi biletdə müvafiq düzəlişlərin edilməsi yekun olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə (avtomatik olaraq müharibə veteranı adının verilməsinə) gətirib çıxarmayacaq və iddiaçının hüquqi marağını təmin etməyəcəkdir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır. Hüquqi maraq sənəddə icra edilmiş formal düzəlişlərlə deyil, yalnız konkret hüquqi nəticənin əldə edilməsi ilə təmin oluna bilər. Belə ki, hərbi bilet hərbi xidmətin sübutu üçün vacib sənədlərdən biri olsa da, müharibə veteranı statusu almaq üçün təkbaşına yetərli hüquqi əsas yaratmır. İstinad olunan Əsasnamənin tələbləri baxımından hərbi biletlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda iş üzrə mötəbər sübut qismində qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hüquqi müdafiə vasitələri nəticəyönümlü olmalıdır. Əgər seçilmiş müdafiə vasitəsi iddiaçının əldə etmək istədiyi nəticəni hüquqi cəhətdən təmin etmirsə, o zaman bu vasitə effektiv hüquqi müdafiə hesab edilə bilməz. İddiaçının hüquqi marağının təmin olunması üçün qaldırdığı iddianın yekun hüquqi nəticəyə birbaşa təsir göstərməsi zəruridir. Başqa sözlə, hüquqi marağın təmin olunması üçün vasitə ilə nəticə arasında birbaşa əlaqə olmalıdır. Hazırkı işdə isə tələb olunan hüquqi vasitə (hərbi biletdə düzəlişlər edilməsi) ilə nail olunmaq istənilən nəticə (müharibə veteranı statusunun verilməsi) arasında birbaşa hüquqi əlaqə yoxdur. İddiaçı, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı aparılacaq icraatda hərbi biletindəki qeydlərin onun əleyhinə şərh ediləcəyindən ehtiyat edərək, əvvəlcə həmin qeydlərin əsassızlığını mübahisələndirmək məqsədilə hazırkı tələbi irəli sürmüşdür. Lakin, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılması məhkəmə resurslarının hüquqi nəticə doğurmayan bir mübahisəyə sərf olunması ilə bərabər, həm də prossesual qənaət prinsipinin pozulmasına səbəb olacaqdır. Odur ki, iddiaçı, arzuladığı hüquqi nəticəni əldə etmək üçün düzgün hüquqi müdafiə vasitəsi olaraq cavabdeh orqana qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etməli, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhz həmin icraat çərçivəsində iddiaçının hərbi xidmətinin xarakteri və hərbi biletinin məzmunu işin yuxarıda sadalanan halları ilə birgə kompleks tədqiq edilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət veriləcəkdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ******* №li hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından tərxis olunmuşdur. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. 6169177 №li hərbi bilet İddiaçı təqdim olunan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilərdi. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan İPM-nin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. 30 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "hərbi biletində qeydlərə düzəliş edilməsi və möhürlənməsi" barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X2 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar