Məhkəmə qərarları › İş №2-1(116)-1802/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1802/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1802/2022 04.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları: İddiaçı cavabdehə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsinə göstərilir: xx.xx.1975-ci il tarixdə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuşam. Sovet Ordusunda hərbi xidmət etmişəm. 12 aprel 1992-ci il tarixdə Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılmışam. 16 aprel 1993- cü il tarixdə N saylı hərbi hissənin tərkibinə gətirilmişəm. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Murovdağ, Tərtər,Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Həmçinin, sonradan mən N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişəm.Qanunİ qaydada hərbidən tərxis edilmişəm.Hərbi biletim itib deyə təqdim edə bilmirəm.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyim qeyd edilib.Barəmdə heç bir cinayət işi olmayıb ki, buna dair Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli cavab məktubu var. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli imtina məktubu göndərilmişdir.lmtina məktubunda qeyd edilir ki, sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarxli cavab məktubunu qeyri-qanuni hesab edilməsini və ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/3329 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddiaçı tərəfindən iddia ərizəsində xx.xx.1992-ci il tarixində Zərdab RHK-dan hərbi xidmətə çağrıldığını, xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibinə gətrildiyini, Qarabağın azadlığı uğrunda, Murovdağ, tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, N saylı hərbi hissənin tərkibində də döyüşdə iştirak etdiyini qanuni qaydada tərxis olduğunu göstərərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin Arxivin xx.xx.2022-ci il tarixli 4/2- 1643 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən sonrakı dövrdə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçının xidmət yerini tərk etməsi qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. Müdafiə Nazirliyi hesab edirik ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.Ancaq,iddia əsassızdır. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.1994-cü ildən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığı üçün iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,İddiaçı xx.xx.1993-cü il tarixində Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N nömrəli komandaya təhvil verilmişdir.İddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixə kimi Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş,xx.xx.2000-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Qarabağ Qarnizonunun Hərbi Prokurorluğunun xx.xx.1998-ci il tarixli “Cinayət işinin başlanmasını rədd etmə haqqında” Qərarından görünür ki,iddiaçı 16 aprel 1993-cü ildən etibarən N saylı hərbi hissədə xidmətə başlamış,28 iyul 1993-cü ildə isə xidmət yeri N saylı hərbi hissəyə dəyişdirilmişdir.O, xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissənin tərkibində erməni işğalçılara qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş,1995-ci ildə isə qulluq yerini özbaşına tərk etmişdir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən İddiaçı amnistiya aktı tətbiq edilməklə,onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22/HP4496 nömrəli məktubunda iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. İş materiallarında olan Şəki şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 189-N509- 1222 nömrəli məktubundan görünür ki, iddiaçının hər hansı cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat yoxdur. İş materiallarında olan Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 18/4863 nömrəli məktubunda iddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 16/5155 nömrəli məktubunda iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda sadalanan məhkəmə araşdırmasının predmetləri hesab edilən sənədlərdən, hərbi hissəni özbaşına tərk etməsi müəyyən edilmişdir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar